Əlaqə Arxiv
news Image
2017.10.11
09:48
| A A A
Radikal müxaliflər tam fiaskoya uğradılar
Mais Səfərli: “Xaricdə onlarla maraqlanan çevrələr demək olar ki, qalmayıb” Elçin Mirzəbəyli: “Son hadisələr isə göstərdi ki, artıq yaxın ətraf da həmin adamlardan üz döndərib”

Milli Şuranın son mitinqi bu düşərgənin növbəti fiaskosunu göstərdi. Budəfəki aksiyaya əvvəlkindən də az insan gəldi. Aydın məsələdir ki, radikal müxalifətin bu kimi aksiyalarından Azərbaycanı istəməyən bəzi xarici dairələr öz məqsədləri naminə istifadə etməyə çalışırlar. Məqsədləri də ancaq və ancaq həmin qüvvələrdən yararlanmaqla Azərbaycan dövlətinə təsir etməkdən ibarətdir. Lakin ötən dövrlərin arxada qalan illəri göstərdi ki, bu niyyət və istək keçərli deyil. Belə vəziyyətdə demək olarmı ki, Milli Şuradan məqsədləri üçün istifadə etmək istəyən xarici dairələr də artıq onlardan üz döndərsin? Çünki radikalların iflasını həmin dairələr də aydın görür.

Yurddaş partiyasının sədri Mais Səfərli qeyd etdi ki, xarici dairələr artıq çoxdandır radikal müxalifətdən üz döndərib: “Radikal müxalifət çoxdandır, özünə olan dəstəyi itirib. Birmənalı olaraq uzun illərdir ki, onlar Azərbayan cəmiyyətində dəstəkdən məhrumdurlar. Cəmiyyətimiz onlar kimi dağıdıcı qüvvələrə heç bir halda dəstək vermir. Çünki cəmiyyət onlardan konstruktiv fonda yeni heç nə gözləmir. Ona görə də radikallara zərrə qədər də olsa ictimaiyyət maraq göstərmir. 
Xarici qüvvələrə gəldikdə, hardasa 10-15 il əvvələ qədər onlar radikal müxalifətə müəyyən qədər maraq göstərir, onlara dəstək olurdular. Hətta bəzən görürdük ki, xaricdən gələn nümayəndələr radikalların liderlərilə görüşlər təşkil edirdi. Lakin son 5-6 ildə bunu da artıq müşahidə etmirik. Belədə görürük ki, radikal müxalifət artıq xarici ölkələrin də diqqətindən kənar qalıb. Buna da təbii baxmaq lazımdır. Çünki artıq radikal müxalifətin heç bir ictimai təsiri yoxdur. Onların Azərbaycan elektoratı arasında hörmətləri yoxdur. Artıq növbəti prezident seçkilərinə bir ildən bir qədər artıq zaman qalıb. Əvvəllər seçki ərəfəsində xaricdəki dairələr Azərbaycanı müxalifətini yada salır və onlarla ilgilənirdilər. Növbəti seçkilərə bir ildən bir qədər çox vaxt qalsa da, indiki halda müxalifətlə maraqlanan yoxdur. Ona görə də bu düşərgədə narahat olmağa başlayıblar. Belədə çalışırlar ki, əvvəlki seçkilər ərəfəsində olduğu kimi yenidən diqqəti cəlb etsinlər. Amma görünən odur ki, ardıcıl olaraq bir neçə dəfə mitinq keçirsələr də, hələ də cavab almayıb, xaricdən özlərinə diqqət göstərən qüvvə tapa bilmirlər. 
Müxalifət gözəl başa düşür ki, nə yeni qüvvələr onlara qoşulacaq, nə də, gücləri artacaq. Sadəcə olaraq, bu mitinqlərlə Qərb ölkələrinin diqqətini cəlb etmək istəyirlər ki, bu da göründüyü kimi alınmır. Bu ideyanın özü də fiaskoya uğrayır. Xaricdə onlarla maraqlanan çevrələr demək olar ki, qalmayıb”. 
BAXCP sədrinin müavini Eçin Mirzəbəyli isə bu qənaətdədir ki, xaricdəki müəyyən dairələr istənilən halda radikal müxalifətdən öz maraqları naminə istifadə etməkdə davam edəcəklər: “Radikal müxalifətdən xarici dairələr öz məqsədləri naminə kifayət qədər istifadə ediblər. Həmin fərqli qütblü xarici qüvvələr arasında hansı ki, Azərbaycan dövlətinin konstitusion quruluşunu dəyişmək istəyən, ölkəmizin müstəqilliyinə qənim kəsilən qüvvələr də var.
Məsələ ondadır ki, artıq ictimai rəydə həmin insanların kim olduğu hər kəsə bəllidir. Digər tərəfdən radikalların keçirdiyi mitinqlərə yalnız həmin şəxslərin ən yaxın ətrafı gəlirdi. Son hadisələr isə göstərdi ki, artıq yaxın ətraf da həmin adamlardan üz döndərib. Çünki perspektivin olmadığını gördülər. Həm də radikal xəttin fiaskoya uğradığına əmin oldular. 
Xarici qüvvələrə gəldikdə, onların radikallardan üz döndərəcəyini düşünmürəm. İstənilən halda əcnəbilər bu qüvvələrdən yenə də sui-istifadə edəcəklər.  Məsələ ondadır ki, onlardan istifadə edən xarici dairələrin məqsədi də hansısa bir radikal dəyişikliyə nail olmaqdan ibarət olmayıb. Onlar sadəcə, Azərbaycana qarşı müəyyən təzyiqlər həyata keçirmək niyyəti güdüblər. Eyni zamanda, ölkəmizə qarşı kampaniya aparmaq üçün həmin qüvvələr tərəfindən bəhanə yaratmaq niyyəti güdüblər. Bundan başqa xaricilərin həmin insanlardan ciddi mənada istifadə etmək niyyətləri olmayıb. Sadəcə, marionet oyuncaqlar kimi onları idarə ediblər”.
R. SULTANOV

Sizin Reklam Yeriniz