Əlaqə Arxiv
news Image
2017.10.13
07:00
| A A A
Avropa Şurasının Azərbaycan qərəzi
Mais Səfərli: “Avropa Şurası qərəzli mövqeyindən geri çəkilməsə, qurumda qalmağımızın mənası yoxdur” Aqil Abbas: “Avropa Şurası peşman olaraq, bir aya qərarını ləğv edəcək”

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı sırf qərəz üzərində köklənən iki sənəd qəbul olundu. Belçikalı parlamentar Alen Desteksenin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabat üzrə 14397 saylı Qətnamə və Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə  14403 saylı Qətnamə. Burada yalan, böhtan, Azərbaycana qarşı qərəz özünü aydın göstərir. 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Qərb dövlətləri Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir, çalışırlar ki, ölkəmiz də Ermənistan və Gürcüstan kimi onlardan asılı vəziyyətə düşsün. Buna nail olmadıqlarına görə də, Azərbaycana qarşı qərəzli mövqe tutublar: “İlk dəfə deyil ki, Avropa Şurası Azərbaycana qarşı belə qərəzli mövqe sərgiləyir. Onun da çox sadə bir səbəbi var. Azərbaycan heç bir böyük gücə boyun əyən dövlət deyil.
Adətən görürük ki, Azərbaycan miqyasında olan dövlətlər bu və ya digər böyük dövlətlərin himayəsinə sığınır. Amma Azərbaycan Prezidenti özünün bacarığı, qüdrəti və gücü hesabına xalqımızın milli maraqlarını hər şeydən üstün tutraq bütün dövlətlərlə normal münasibətlər qurub. Heç kəsin kiçik qardaşı olmaq, heç kəsdən asılı olmaq niyyətində deyilik.  Hörmətli Prezidentimiz tutduğu bu müqəddəs yoldan geri çəkilən deyil. Hər şey də ondan qaynaqlanır. Xaricdə ölkəmizə, onun uğurlarına, xalqımızın Prezidenti dəstəkləməsinə qısqanclıqla yanaşırlar. Onlar çalışırlar ki, Azərbaycan da Ermənistan və Gürcüstan kimi özlərindən asılı olsun. Azərbaycan heç zaman bunu etməyəcək. Prezidentimiz xalqımızın maraqlarına nə uyğundursa, o addımları da atır və atacaq. Bunu hər kəs başa düşməlidir. Avropa Şurasının ölkəmizə münasibətdə sərgilədiyi qərəzli mövqe də məhz Azərbaycanın yürütdüyü müstəqil siyasətdən qaynaqlanır. Azərbaycan qısa zaman kəsiyində inkişaf etmiş, Avropa səviyyəsinə çatmış bir dövlətdir. Bunun özü də Qərbdə ölkəmizə münasibətdə qısqanclıq yaradır. Azərbaycan qısa müddət ərzində dünyada öz sözünü deyib. Hətta türk dövləti olaraq iki il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş, bir zaman ona sədrlik də etmişik. Lakin onların nə deməsindən asılı olmayaraq, Azərbaycan bundan heç nə uduzmayacaq.  Xalqımız Prezidentin arxasında durub və onun arxasınca doğru yolla getməkdə davam edəcək.
 Avropa Şurası isə bir daha göstərdi ki, ikili standartlarla işləyir. Özlərinə lazım olanda qəbul etdikləri hüquqi normativləri istədikləri anda pozurlar. Yəni Avropa Şurasında hüquq artıq işləmir. Azərbaycan doğru yoldadır. Azərbaycana qarşı qərəz sərgiləməklə prosesdən uduzan ancaq Avropa Şurası olacaq. Məsələni ciddi şəkildə bütün Avropa strukturlarında qaldırmalıyıq. Bütün gücümüzlə onların üzərinə gedərək sübut etməliyik ki, haqlı mövqedəyik. Onların mövqeyi isə beynəlxalq hüquqa söykənmir. Avropa Şurası qərəzli mövqeyindən geri çəkilməsə, qurumda qalmağımızın heç bir mənası yoxdur. Onun qapılarını çırparaq gedə bilərik. Onsuz da Avropa Şurası nüfuzsuz bir qurumdur. Heç bir prosesə təsir edə bilmir”.
Milli Məclisin deputatı Aqil Abbas da qeyd etdi ki, Avropa Şurasının bu qərəzi Azərbaycanın uğurlarını gözləri götürməməsilə bağlıdır: “Qərb və onun strukturları həmişə Azərbaycana təzyiq göstərmək, onu sıxmaq və bundan öz maraqları üeçün istifadə etməyə çalışıb. Avropa Şurasının ölkəmizlə bağlı qəbul etdiyi son qətnamələr də məhz ölkəmizə təzyiq göstərmək məqsədi daşıyır. Lakin onların nə etmələrindən asılı olmayaraq, bu təzyiqlərə davam gətirmişik və bundan sonra da davam gətirəcəyik. 
Onların dediyi Quran ayəsi deyil. Eybi yoxdur, cavablarını alarlar. Azərbaycan öz yolu ilə getməkdə davam edəcək. Avropa Şurasının bu qərarından qorxmaq, çəkinmək və panika yaratmaq lazım deyil. Azərbaycanın müstəqil xarici siyasəti var ki, bu yolu da davam etdirəcəyik. Avropa Şurası isə peşman olaraq, bir aya qərarını ləğv edəcək”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz