Əlaqə Arxiv
news Image
2017.10.13
09:40
| A A A
Zaman Azərbaycanı Avropa qarşısında tam haqlı çıxardı
Aydin Ağayev: “Azərbaycan separatizmlə üzləşəndə ilk andan dünyaya bəyan etdi ki, onun qarşısını almaq lazımdır”

Son 3 həftədə İraqda və İspaniyada kürdlərin və katalonların müstəqillik referendumu keçirməsindən sonra, indi də Şotlandiya eyni addımı atmağa hazırlaşır. Bu barədə Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini Anqus Robertson məlumat verib. O deyib ki, yaxın zamanlarda Şotlandiyanın Britaniya Krallığından ayrılması üçün referendum keçiriləcək.

Xatırladaq ki, Şotlandiyada 2014-cü ildə də referendum keçirilmiş, seçicilərin çox hissəsi krallıqdan ayrılmağın əleyhinə səs vermişdi. Lakin ötən ildən etibarən Britaniyanın Avropa Birliyindən çıxmaq üçün başlatdığı “Brexit” proosesindən sonra Şotlandiyada referendum məsələsi yenidən gündəmə gəlib. Birdən-birə müstəqiillik eşqinə düşənlərin sayının artması nə ilə bağlıdır? Bu tendensiyanın özünü Qərb bölgəsində getdikcə daha qabarıq göstərməsini şərtləndirən səbəblər nədir? Yaranmış vəziyyətdə separtçılıığa qarşı dünya miqyasında ciddi mübarizəyə start verilə bilərmi?
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, hazırda separatizmin geniş vüsət alması, onun hətta Avropanı da öz ağuşuna almasında maraqlı olan üzdə olmayan qüvvələr vardır: “Separatizm dünyanın siyasi tarixində həmişə olub. Başqa məsələ ki, separatizmin qarşısının alınmasında maraqlı olanda, onun qarşısını almaq da mümkündür. Maraqlı olmayanda, separatizmə rəvac verən maraqlı güclər olanda, əlbəttə ki, bu meyllər tuğyan etməyə başlayır. 
Azərbaycan separatizmlə üzləşəndə ilk andan dünyaya bəyan etdi ki, onun qarşısını almaq lazımdır. Çünki istənilən dövlətin dağılması, ərazi bütövlüyünün pozulmasına səbəb olur. Amma bizim və belə təhlükə ilə üzləşən digər ölkələrin səsini nə dərəcədə eşidirdilər?  Tarixin bütün mərhələlərində istənilən dövlətin tərkibində yaşayan heç də bütün xalqların müstəqil dövləti olmayıb. Qədim dövrdən dövlətlər yaranıb, tarixdən silinib və yerində yeni dövlətlər yaranıb. Amma yaxın tariximizdə, İkinci Dünya Müharibəsindən sonra yaranan beynəlxalq təsisatlar tərəfindən qəbul olunan hüquqi sənədlərlə az-çox dünyanın xəritəsi müəyyənləşdi. Lakin yeni tarixi situasiyada yenə də obyektiv zərurətdən yox, bu və ya digər siyasi məqsədlər naminə rəvac verilən separatçı hərəkatlar baş verdiyi ölkələrin xalqlarına fəlakətdən başqa heç nə gətirməyib. İndi həmin proses Avropada başlayıb. 
Yenə də burada maraqlardan çıxış edirlər. Yəni, obyektiv münasibətlə bərabər, subyektiv münasibətin də şahidi oluruq. İndi iş o yerə çatıb ki, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək prinsipini hərə öz marağına uyğun şərh edir. Deməli, obyektivliyə, düzgün münasibətə bel bağlamaq olmur. Elə dövlət var ki, vaxtilə separatçılıqla üzləşib və onun kökünü kəsib. Amma həmin dövlətin özündə də separatçılığa münasibətdə onun pis və ya necə olması məsələsində birmənalı mövqe yoxdur. Hər kəs indiki maraqlarını əsas götürməklə məsələyə yanaşır. 
Terrorizmə münasibətdə də vəziyyət belədir. Maraqlarına cavab verəndə yanaşma da ona uyğun olur. Cavab verməyəndə isə terrorizmin ziyanları barədə danışmağa başlayırlar. Avropada separatizmin baş qaldırması onun üçün yaxşı heç nə vəd etməyən bir perspektivdir. Elə həmin Avropada mövcud prosesin genişlənməsində maraqlı olan güclər var. İspaniya dövlətinin marağına təhlükə yaradan separatizmin qarşısının necə alındığını gördük. Həmin proses yeni müstəqil dövlətlərin birində baş versəydi, orada insan haqlarının pozulması adı ilə tamam başqa münasibət olardı. Əsası olmayan xalqların öz müqəddəratı prinsipindən istifadə edərək bu cür hərəkətlərə rəvac verilməkdə davam edilsə, dünyada salamat dövlət qalmayacaq. Heç olmasa, indi Azərbaycan, Gürcüstan kimi separatizmə məruz qalan dövlətləri başa düşərək onun nə qədər ziyanlı olduğunu dərk edərdilər. Belə bir yanaşma olaacqmı? Amma indiki proseslər çox ziddiyyətlidir. 
Başqa tərəfdən Avropanın canına da bir qorxu düşüb. Görünür, hansısa maraqlı qüvvələr, üzdə olmayan qurumlar var ki, onlar belə situasiyalar yaradırlar. Corc Sorosun hansı işlər gördüyünü artıq Avropada, Amerikada da danışmağa başlayıblar. Yəni, səhnə arxasında dayanıb gerçək siyasi proseslərə elə istiqamət verirlər ki, onun da sonu belə nəticələrə gətirib çıxarır. Avropanı genişləndirərək onun valyutasını da yaratdılar, sərhədləri götürdülər. Bunu onun üçün edirdilər ki, indi həmin Avropada da separatizm tuğyan etsin? Bunlar hamısı məqsədli həyata keçirilən proseslərdir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz