news Image
2017.10.14
09:30
| A A A
Avropa Şurasının Qarabağ ikiüzlülüyü
Elşən Manafov: “Avropa Şurasının Ermənistanla bağlı siyasətinin kökündə ikili standartlar, xristian təəssübkeşliyi və birliyin Avropa ilə bağlı maraqları durur” Elman Nəsirov: “Səbəb ilk növbədə Avropa Şurasındakı müəyyən siyasətçilərin ermənipərəst qüvvələrin əlində alət olması ilə bağlıdır”

2001-ci ildə Avropa Şurası işğalçı Ermənistanı sıralarına götürərkən şərt qoyub ki, Dağlıq Qarabağ münaqişəsi həll edilsin, təcavüzə son qoyulsun. Bu haqda hələ 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası ayrıca qətnamə də qəbul edib. Bəs nədən, bütün bunların müqabilində Ermənistan indiyə qədər cəzalandırılmır? Məsələn, onun Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququ əlindən alınmır? 

Politoloq Elşən Manafov bildirdi ki, Avropa Şurasının Ermənsitanın münaqişənin həllilə bağlı qarşısına qoyduğu şərtləri yerinə yetirməməsinə rəğmən, onu bu günə qədər cəzalandırmaması qurumun ikili standartlardan, xristian təəssübkeşliyindən çıxış etməsindən qaynaqlanır: “Əslində, Avropa Şurasının Ermənistanla bağlı siyasətinə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi nümayəndələrini qəbul edərkən gözəl bir açıqlama verdi. O, bu açıqlama ilə həmin siyasətin mahiyyətinə aydınlıq gətirdi. Təəssüf olsun ki, Avropa Şurasının Ermənistanla bağlı siyasətinin kökündə ikili standartlar, xristian təəssübkeşliyi və birliyin Avropa ilə bağlı maraqları durur. Hərçənd ki, Avropa Şurasınn bölgə ilə bağlı maraqlarından çıxış etsək, regionumuzun lider dövləti Azərbaycandır. Burada geosiyasi və geoiqtisadi layihələrin reallaşdırılması bütün hallarda Azərbaycan dövlətinin iradəsindən asılıdır. 
Bundan əlavə, Avropa Şurası bilməmiş deyil ki, «köhnə dünya»nın enerji təhlükəsizliyində, onun bu fonda Rusiyadan olan asılılığının aradan qaldırılmasında Azərbaycanın karbohidrogen resurslarının özünəməxsus rolu vardır. Digər tərəfdən, Prezident Avropa Bilriyi nümayəndələrinə çatdırdı ki, Azərbaycanın kommunikasiya və tranzit xətləri üzərində yerləşən dövlət olaraq imkanları getdikcə artır. Əslində, bölgəmizdə sülh, sabitlik və inkişafın dayanıqlı olması məhz Azərbaycan dövlətinin iradəsi və imkanlarından daha çox asılıdır. Prezident həmin görüşdə qonaqların nəzərinə çatdırdı ki, Azərbaycanla təzyiq dilində danışmaq heç bir halda AŞ-yə dividend gətirə bilməz. AŞ-nin Azərbaycan kimi güclü iqtisadiyyatı və karbohidrogen ehtiyatlarına malik ölkəyə daha böyük ehtiyacı var, nəinki Bakının Avropaya. Bununla belə, prezident vurğuladı ki, Azərbaycan AŞ-yə qəbul olunarkən dövlət olaraq üzərinə götürdüyü öhdəlikləri ardıcıl olaraq yerinə yetirib. Məhz AŞ-nin tövsiyələrinə uyğun olaraq ölkə qanunvericiliyində islahatlar aparılıb. Bu fonda qurumun ölkəmizə qarşı məlum münasibət sərgiləməsi ancaq təəssüf doğurur. AŞ-nin bütün bu siyasəti Türkiyə və Azərbaycanın bir dövlət olaraq imkanlarının məhdudlaşdırılmasına və onlarla təzyiq və təhdid dilində danışmağa yönəlib. Amma Azərbaycanla təzyiq və təhdid dilində danışmaq heç bir səmərə verməyəcək. Azərbaycanın mövqeyi bəllidir. Mövcud problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Azərbaycanın heç bir dövlətin, o cümlədən Ermənistanın ərazisinə heç bir iddiası yoxdur. Təəssüf olsun ki, AŞ-nin Ermənistanla bağlı bu mövqeyi, onu cəzalandırmaması bölgəmizdə sülh və sabitliyə ciddi təhlükə yaratmaqda davam edir. AŞ sülh və sabitliyin təmin olunmasında maraqlıdırsa, təbii ki, Ermənistana təzyiqləri artmalıdır. Ermənistana sanksiyalar tətbiq edilməli, bu ölkə AŞ-də səs vermə hüququndan məhrum olmalıdır”.     
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov qeyd etdi ki, AŞ-də bir qrup siyasətçi ermənipərəst qüvvələrin əlində alətə çevrilib: “Azərbaycanla Ermənistan bildiyiniz kimi, eyni gündə Avropa Şurasına qəbul edilib. Həmin üzvlük də müəyyən hüquq və öhdəlikləri özündə ehtiva edib. Bu nöqteyi-nəzərdən AŞ-nin nizamnaməsində göstərilir ki, təşkilatın əsas missiyası insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı məsələlərdir. 2001-ci ildə Ermənistan quruma qəbul ediləndə həmin öhdəliklərdən biri də məhz münaqişəyə son qoyulması, məcburi köçkün və qaçqınların müdafiəsilə bağlı məsələlər olub. 
2005-ci ildə isə Avropa Şurasi Parlament Assambleyası Qarabağ münaqişəsilə bağlı xüsusi qətnamə qəbul etdi. Burada da Ermənistanın aqressiv hərəkəti kəskin şəkildə pislənildi və bu ölkə işğala son qoymağa dəvət edildi. Bütün bunların fonunda hazırda AŞ və onun baş katibinin Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyinin şahidiyik. Amma nədənsə Azərbaycan torpaqlarını işğalda saxlayan, təcavüzkar, 1 milyondan çox qaçqın və məcburi köçkünün yaranmasına bais olan, bəşəriyyətə qarşı ən ağır cinayət olan Xocalı soyqırımını törədən, parlamentdə insanları və prezident seçkisini saxtalaşdırıb xalqını gülləbaran edən bir dövlətə qarşı isə belə yanaşma yoxdur. Bunun kökündə dayanan səbəblər ilk növbədə AŞ-dəki müəyyən qrup siyasətçilərin ermənipərəst qüvvələrin əlində alət olması ilə bağlıdır. İş o yerə gəliib çatıb ki, AŞ-nin baş katibi Torbyorn Yaqlandın özü də siyasi qüvvələrin əlində alətə çevrilib. Yaqlandın Azərbaycana olan qərəzli mövqeyinin əsasında da onun ermənilərə olan məhəbbəti dayanır. Faktlar belə deməyə əsas verir. 2015-ci ildə qondarma «erməni soyqırımı»nın 100 illiyilə bağlı İrəvanda keçirilən forumda Yaqlandda iştirak edib. Həmin forumda səsləndirdiyi fikirlər Yaqlandın nədən ermənilərə bu qədər məhəbbət bəslədiyi və Azərbaycana münasibətdə qərəzli olduğu məsələsinə aydınlıq gətirir. 
Yaqland utanmadan bəyan edir ki, Erənistanda insan hüquqları məsələsinə riayət edilir,  qanunun aliliyi təmin olunur. Habelə bildirib ki, Ermənistanın ksenofobiya və irqçiliyə qarşı apardığı mübarizəsi AŞ-ni məmnun edir. Təsəvvür edin ki, AŞ Xocalı soyqırımına imza atan, torpaqlarımızı işğal edən bir dövlətin ksenofobiya və irqçiliyə qarşı mübarizəsindən məmnundur. Bu yerdə şərhə ehtiyac qalmır. Hər şey gün kimi aydındır. Görünür, Yaqland erməni diasporasının verdiyi rüşvət hesabına işğalçı dövlətlə bağlı belə bir sevgisini ortaya qoyub. London kəşfiyyatı Sovet dövlətinin Qərbi Avropada agentura sistemilə bağlı 3 kitab hazırlayıb. İkinci kitab isə tamamilə Yaqlanda həsr olunub. Burada göstərilir ki, o 1992-2002-ci illərdə Norveç Fəhlə Partiyasının rəhbəri olub və solçu olduğundan vaxtilə sovetlər rejimilə əlaqədə olaraq, ona xidmət edən agentura şəbəkəsinin üzvü olub. Ona görə hesab edirəm ki, Yaqland kimi siyasətçilər hakimiyyətdə olduğu fonda AŞ-nin mövcudluğu və imici ciddi sual altında qalacaq. AŞ nə qədər tez ondan canını qurtarsa, bundan Avropa institutları qazanacaqlar”.     
Rüfət NADİROĞLU