Əlaqə Arxiv
news Image
2017.10.17
07:00
| A A A
Rusiya birtərəf vasitəçi statusunu itirir
Araz Aslanlı: “Bu məsələni bir neçə istiqamət üzrə dəyərləndirmək lazımdır” Məhəmməd Əsədullazadə: “Rusiya Minsk qrupunun üzvü kimi Ermənistanı silahlandırmaqla tərəfsiz olmadığını ortaya qoymuş olur”

Məlumdur ki, Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb.

Siyasilərin fikrincə, Rusiya bu addımı ilə status-kvonu qorumağa çalışır. Amma bununla həm işğala dəstək vermiş olur, həm də regionda gərginliyi artırır. Bundan başqa, Ermənistanla münasibətlərinin xarakterini ortaya qoyur. Ermənistanın isə Rusiyadan asılılığı daha da dərinləşir.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı bildirdi ki, bu məsələni bir neçə istiqamət üzrə dəyərləndirmək lazımdır: “Əvvəla, Ermənistan işğalçı dövlət olduğuna görə ona kiminsə silah satışı prosesini nəzarətdə saxlamalıyıq. İşğalçı dövlətə silah vermək işğala dəstək vermək deməkdir. Həmçinin problemin həllinin arzu olunmaması deməkdir. Təəssüf ki, Rusiya tərəfi bu addımı atır. Ancaq məsələnin başqa istiqaməti də var. Bu, həm də Ermənistanda təhlükəsizliyin necə təmin olunması və iqtisadi vəziyyətinin göstəricisidir. Yəni, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. 
Düzdür, bütün dövlətlər müəyyən dərəcədə silahlanır. Dövlətlər silahlanmanı müdafiə məqsədi ilə həyata keçirirlər. Ermənistan isə işğalçı dövlət olduğu üçün bu, müdafiə məqsədi ilə deyil. Eyni zamanda rəqəmə diqqət etmək lazımdır. Bu cür kiçik məbləğlərə Ermənistanın möhtac qalması onun getdiyi yolun düzgün olmadığını göstərir. Silahlanma baxımından böyük məbləğ deyil. Amma Ermənistanın bu məbləğə ehtiyacının olması onun iqtisadiyyatının vəziyyətini göstərir. Rusiyanın isə Ermənistana münasibətinin xarakterini ortaya qoymuş olur. Bu istiqamətdə kiçik məbləğlər belə xüsusi önəm daşımağa başlayırsa, deməli, Ermənistanın düşdüyü vəziyyət yaxşı deyil. İlk növbədə Ermənistanı özündən asılı saxlamağa xidmət edir. Məbləğin az olması isə Azərbaycanın yürütdüyü xarici siyasəti və Ermənistanın düşdüyü vəziyyəti göstərir”. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanın artan hərbi gücü, Türkiyə və İsrail hesabına öz silah arsenalını modernlışdirməsi, Qarabağ münaqişəsinin həllində Ermənistan üzərində əzici gücümüzü ortaya qoyur: “Rusiya Ermənistanı qorumaq və Qarabağ probleminin həllini uzatmaq üçün Ermənistana verdiyi 100 milyon dollar kredit bu ölkənin hərbi -texniki təchizatının möhkəmləndirilməsinə hesablanıb. Bundan əlavə, status-kvonu saxlamağa çalışır. 
 Rəsmi Moskvanın bu siyasəti regional təhlükəsizliyə ciddi zərbə vurur. İşğalçı ölkəni silahlandırmaqla, daha da aqressivləşdirir. Rusiya Minsk qrupunun üzvü kimi Ermənistanı silahlandırmaqla tərəfsiz olmadığını  ortaya qoymuş olur. Rusiyanın siyasəti, xüsusi ilə Ermənistanı silahlandırması, münaqişənin həllinə dair aparılan danışıqları sabotaj edir.  Rusiya bu siyasətinə yenidən baxmalı, regionda real sülhə töhfə verməlidir. Bundan sonra regionda əməkdaşlığın yeni səhifəsi açılar. Amma Rusiyanın hazırkı siyasəti müharibəyə xidmət edir. 200 milyon hərbi kredit müqaviləsi, birbaşa Qarabağın işğalda qalmasına hesablanıb. Azərbaycan Rusiyanın bu siyasətinə cavab olaraq öz silah bazarını genişləndirəcək, digər ölkələrdən silah idxal edəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz