news Image
2017.10.17
09:30
| A A A
Cenevrə görüşü düşmən ölkə üçün asan keçməyib
Elman Nəsirov: “O həqiqəti də danmaq olmaz ki, Ermənistan ümumiyyətlə, danışıqlara getmək istəmirdi” Azər Həsrət: “Azərbaycan dövlət olaraq sülh prosesinə sadiqdir”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində görüşü baş tutdu. Bu görüşdən indiki şərtlər daxilində hansı nəticələr gözləmək olar? Nəticə olmasa, hadisələr hansı səpkidə inkişaf edəcək?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Cenevrədəki danışıqlar ciddi nəticələrə gətirib çıxartmayacaq. Amma bununla belə, həmsöhbətimiz onu da vurğuladı ki,  görüş zəif də olsa müəyyən etimad mühitinin yaranmasına xidmət edə bilər: “Oktyabrın 16-da İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oldu. Bu görüş həmsədrlərin regiona səfəri çərçivəsində əldə olunan  razılıq əsasında baş tutub. Səfərdən öncə, oktyabrın 9-da Nazirlər Kabinetinin  iclasında Azərbaycan Prezidenti qeyd etdi ki, Ermənistanın heç bir şərti qəbul edilmədən İrəvan bu görüşə getməyə məcbur oldu. Yəni, artıq diplomatik üstünlük bizim tərəfdədir. 
Eyni zamanda, hərbi cəhətdən də düşməndən qat-qat güclüyük. Bu reallıq fonunda görüş keçirilir. Erməni mətbuatı da prezidentlərinin ön şərtlərdən imtina edib görüşə getməsini Ermənistanın diplomatik məğlubiyyəti kimi təqdim edib. Belə olan halda Ermənistan iqtidarına xidmət edən mətbuat yazır ki, istənilən halda Vyana və Sankt-Peterburq görüşündə səslənən təkliflər gündəmdə qalacaq. Yəni, onlara görə ilk növbədə təmas xəttində insidentlərin araşdırılması üçün mexanizmin tətbiqi məsələsi danışıqların əsas müzakirə mövzusu olacaq. Hansı ki, bu da Serj Sarkisyanın irəli sürdüyü şərtlərdən biri idi.  Bu fonda Ermənistan prezidentinin həmin məsələləri əsas məsələ olaraq təqdim edəcəyilə bağlı reallıq varsa, onda indidən söyləmək olar ki, prosesin gedişatı ilə bağlı müsbət nəsə söyləmək çətin olacaq. Amma hər halda danışıqlar o baxımdan lazımdır ki, bu istiqamətdə atılan addımlar müharibədən daha yaxşıdır. Belə olan təqdirdə, danışıqlar öz-özlüyündə ciddi dəyişikliyə gətirib çıxarmasa da, hər halda bu proses zəif olsa belə, müəyyən etimad mühitinin formalaşmasına xidmət edə bilər. 
O həqiqəti də danmaq olmaz ki, Ermənistan ümumiyyətlə, danışıqlara getmək istəmirdi. Yalnız təzyiqlərdən sonra danışıqlara getməyə məcbur oldu. Deməli, bu gün edilən təzyiqlər fonunda işğalçı dövlət geri çəkilirsə, sabah onun başqa təzyiqlərlə müəyyən güzəştlərə getməsi də mümkün ola bilər”. 
Siyasi icmalçı Azər Həsrət də görüşdən konkret nəticələr gözləmir: “Mövcud durumdan çıxış edərək deyə bilərəm ki, prezidentlərin Cenevrə görüşündən könkret nəticə gözləməyə o qədər də meyli deyiləm. Münaqişə ümumiyyətlə, elə bir həddə gəlib çatıb ki, Azərbaycan tərəfi mümkün olan güzəştlər haqqında illərdir, danışır və kifayət qədər yumşaq mövqedən çıxış edir. Ermənistan isə bir qayda olaraq ən sərt şəkildə Azərbaycan torpaqlarımı mənimsəmək üçün əlindən gələni edir. Belə bir şəraitdə gedişatdan hansısa bir nəticə gözləməyinə dəyməz. Amma ümumilikdə görüşün keçirilməsi önəmlidir. Çünki Azərbaycan dövlət olaraq sülh prosesinə sadiqdir. Bu fonda da sülh danışıqlarından yayınmaq  dünyada ölkəmizə qarşı fikirlərin formalaşmasına gətirib çıxara bilər. Bu mənada görüş faydalıdır. Lakin ümumi olaraq orada nəticə hasil olacağını görmürəm. 
Azərbaycan çalışır ki, münaqişə sülh yolu ilə həll edilsin. Azərbaycan problemi müharibə yolu ilə həll edə bilər. Buna gücümüz və imkanımız da çatır. Hər halda düşünürəm ki, Azərbaycan prezidenti hər zaman olduğu kimi müdrik davranış sərgiləyərək görüşdən sonra da dövlətimizin ümumi strateji xəttinə uyğun addımlar atacaq. Çalışacağıq ki, əlimizdən gələn qədər prosesin sülh yolu ilə həllinə nail olaq. Əlbəttə ki, Azərbaycan keçən ilin aprelində işğalçı orduya öz gücünü göstərdi. Bu fonda Ermənistan artıq düşünməli və qərar verməlidir ki, Azərbaycanla zor diliylə danışmaq onlara fayda gətirməyəcək. Yəni, onlar inadkarlığından əl çəkməli və Azərbaycan torpaqlarından geri çəkilməlidirlər. Bu baş verməyəcəyi təqdirdə əlbəttə ki, Azərbaycan yenidən məsələni ölkə daxilində ümumi ictimai müzakirəyə çıxara və məsələnin müharibə və ya sülh yolu ilə həlli istiqamətində qərar verə bilər. Fikrimcə, bu görüşdən sonra Ermənsitana növbəti dəfə güc göstərməyə yəqin ki, zərurət yaranacaq”. 
Rüfət NADİROĞLU 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs