Əlaqə Arxiv
news Image
2017.10.17
12:49
| A A A
Onlar səfirin maaşının 90 faizi həcmində maaş alacaqlar

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin əməkhaqqı onların təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən ediləcək.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası"nda əksini tapıb.
 
Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə əməkhaqqı onların təyin olunduqları diplomatik nümayəndəliyə getmək üçün Azərbaycanın dövlət sərhədini keçdiyi gündən həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə xarici valyutada ödəniləcək. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə vəzifəyə təyin olunduqları diplomatik nümayəndəliklərdə alacaqları aylıq əməkhaqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödəniləcək. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə birdəfəlik müavinət, yol xərci və yüklərin daşınması ilə bağlı xərclər ticarət nümayəndəsinin aparatının xərclər smetası hesabına İqtisadiyyat Nazirliyində ödəniləcək. Təyin olunduqları diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin olunacaq. Diplomatik nümayəndəliklərə təyin olunan və orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödəniləcək. Ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin təyin olunduqları diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün ticarət nümayəndəsinin aparatının xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulacaq.
 
Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan məktəbyaşlı ailə üzvlərinin təhsil haqqının ödənilməsi üçün tələb olunan vəsaitlər ticarət nümayəndəsi aparatının xərclər smetasında nəzərdə tutulacaq. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərtilə ödəniləcək. Təhsil haqqı nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödəniləcək.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 26 yanvar 2017-ci ildə "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən iqtisadiyyat nazirinə Azərbaycan prezidenti ilə razılaşdırmaqla, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin etmək səlahiyyəti verilib.  Ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirməlidir. Fərmana əsasən ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və iqtisadiyyat nazirinə tabedir, konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycanın həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir.
 
Dövlət başçısının "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında" 5 sentyabr 2017-ci il tarixli fərmanında qeyd edilib ki, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilsin. Ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir, ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir. Fərmanda bildirilir ki, ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi iqtisadiyyat naziri tərəfindən həyata keçirilir. Ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını da İqtisadiyyat Nazirliyi həyata keçirir.

Sizin Reklam Yeriniz