Əlaqə Arxiv
news Image
2017.10.18
09:30
| A A A
Qarabağ məsələsində Ermənistanın mövqeyi sürətlə zəifləməyə doğru gedir
Natiq Miri: “Avropa ölkələri, bütövlükdə Qərb dünyası xalqların öz müqəddəratını təyin etmə prinsipindən məcburi olaraq vaz keçmək zorundadır” Fikrət Sadıxov: “Erməni tərəfi başa düşür ki, Azərbaycanın gücü kifayət qədərdir və onunla hesablaşmaq lazımdır”

 Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin Cenevrə görüşü ilə bağlı birgə bəyanatla çıxış ediblər. Burada vurğulanır ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Bu, nəyin göstəricisidir? Qarabağ məsələsində hansısa yenilik gözləmək olarmı?

Politoloq Natiq Mirinin fikrincə, bu tip bəyanatlarla irəliyə doğru gedən nəticələr çıxarmaq doğru deyil: “Çünki danışıqların davam etməsi üçün mütləq mənada cəbhə xəttində gərginlik səngiməlidir. Gərginlik səngimədən isə danışıqları aparmaq mümkün deyil. Bunun üçün tərəflər gərginliyin zəiflədilməsi və bir növ atəşkəsə riayət edilməsi üçün öhdəlik götürməlidirlər. Amma bu da indiki şəraitdə Azərbaycana qətiyyən lazım deyil. 
Ermənistanın 2015-ci ildən üzü bəri danşıqları sabotaj etməsinin nəticəsidir ki, artıq Azərbaycan üçün müharibənin başqa bir alternativi qalmayıb. Ona görə də ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlər münaqişə tərəflərini danışıqlar masası arxasında məşğul etməklə regionda yeni bir savaşın baş qaldırmasının qarşısını almağa çalışırlar. Prosesdə konkret  hansısa siyasi nəticənin olmasını gözləmək də əbəsdir. Çünki münaqişə tərəflərinin fikirləri arasında hər hansı bir diametral yaxınlaşma yoxdur. 
İkinci bir tərəfdən, nəzərə alaq ki, hazırda Avropada da separatizm dalğası güclənib. Bir çox Avropa ölkələrində bəzi bölgələrin müstəqil subyekt olması uğrunda ciddi mübarizə gedir. İspaniyada Kataloniya, Böyük Britaniyada isə Şotlandiya, Şimali İrıandiya məsələsi ciddi şəkildə gündəmi zəbt edib. Separatizm dalğası da elə bir rüşeymdir ki, onu hara atsan, dərhal cücərəcək. Separatizm Avropa üçün də gördüyümüz kimi böyük təhlükə törədir. Belə olan təqdirdə, Avropa ölkələri, bütövlükdə Qərb dünyası xalqların öz müqəddəratını təyin etmə prinsipindən məcburi olaraq vaz keçmək zorundadır. Bu da təbii ki, Azərbaycanın əlini gücləndirdiyi kimi, Ermənistanın və onun havadarı Moskvanın mövqelərini zəiflədir. 
Ayrıca Rusiyada 2018-ci ilin martında prezident seçkiləri olacaq. Bu fonda Moskva ABŞ-dakı son prezident seçkilərinə problem yaratdığı kimi, əmin olun ki, Vaşinqton da Rusiyaya ciddi problemlər yaradacaq. Artıq Rusiya bölgələrində ciddi siyasi etirazlar dalğasına start verilib. Burada demokratik cəbhə toparlanmağa başlayıb. Moskva da bu baş ağrısından qurtulmaq üçün ciddi surətdə hərəkətə keçərək demokratik hərəkatı zərərsizləşdirmək üçün əlindən gələni edəcək. Bu da o anlama gəlir ki, indilikdə Dağlıq Qarabağ problemi Rusiya üçün nə gündəmdə deyil, nə də xarici siyasətində prioritet deyil. 
Ayrıca Cenevrə danışıqlarının təşəbbüskarı olan Vaşinqtonun da problemin həlli üçün ayırmağa artıq enerjisi yoxdur. Çünki ABŞ Yaxın Şərqdə elə bir bataqlığın içinə girib ki, istədikləri nəticəni almadıqlarından Suriya və İraqda vurnuxmaqla məşğuldur. Ona görə də ABŞ bu problemlər varkən Dağlıq Qarabağın həlli üçün əlavə zaman sərf etməyəcək. Buna əmin ola bilərsiniz”.
Politoloq Fikrət Sadıxov Cenevrə görüşünü danışıqlar prosesində növbəti addım kimi xarakterizə etsə də, bildirdi ki, bu görüşlə mürəkkəb məsələlərin həlli mümkün deyil: “Cenevrə görüşü konstruktiv şəraitdə gedib. Bunu hər iki dövlətin xarici işlər nazirləri də təsdiqləyib. Ona görə bunun özü də öz-özlüyündə müsbət bir amildir. 
Əsas məsələ odur ki, təmas xəttində atəşkəsin pozulmasına son qoymaq üçün müəyyən razılıq əldə olunub. Deməli, ermənilər birmənalı şəkildə təxribatlarla məşğul olmamalıdırlar. Nazirlərə də tapşırıq verilib ki, müəyyən təkliflər hazırlasınlar. Əlbəttə ki, bütün bunlar o anlama gəlmir ki, görüş zamanı məsələlər həll olunub. Bu görüşlə bir çox mürəkkəb məsələlər həll oluna bilməz. Amma hər halda Cenevrə görüşü də bir addımdır. Erməni tərəfi başa düşür ki, Azərbaycanın gücü kifayət qədərdir və onunla hesablaşmaq lazımdır. Anlamalıdırlar ki, təmas xəttində təxribatlarla məşğul olmaq maraqlarına cavab vermir. Fikrimcə, bu, əsas nəticədir. Düşünürəm ki, nazirlərin özündən çox şey asılı olacaq. Onların görüşü zamanı məsələnin müzakirəsi davam edəcək”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz