Əlaqə Arxiv
news Image
2017.10.19
09:00
| A A A
Ermənistana göstərilən beynəlxalq təzyiqlər nəticəsini verir
Aydın Ağayev: “Səmimi şəkildə Ermənistana real təzyiqlər göstərilərsə, İrəvanın davranışı və problemə münasibəti də dəyişər” Qabil Hüseynli: “Ermənistanın danışıqlar prosesində konstruktiv mövqeyə gəlməsi üçün ona təzyiq göstərənlər olmalıdır”

Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlardan qaçırdı. Amma  Cenevrə görüşü  Ermənistan rəhbərlyinin bu niyyətlərinin üstündən xətt çəkdi. Üstəlik edilən beynəlxalq təzyiqlərlə ermənilər bundan sonra da danışıqlar prosesində iştirak edəcəklər. Bunlar Ermənistana beynəlxalq təzyiqlər nəticəsində baş verir. Bu təzyiqlər fonunda Ermənistanın məsələnin həlli istiqamətində konstruktiv addımlar atacağını da gözləmək olarmı?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, ancaq real təzyiqlərin olacağı fonunda Ermənsitanın məsələnin həllində konstruktiv mövqe tutacağını gözləmək olar: “Ermənistana yönəlik təzyiqlərdən danışanda real təzyiq məsələsi olmalıdır. Ermənistan Cenevrədə danışıqlara gedib, oradan çıxandan sonra nə danışdıqlarını da gördük. Real təzyiq olsaydı, işğalçı dövlət özünü  bir qədər başqa cür aparar, başqa davranış göstərərdi. 
Məndə belə təəssürat yaranıb ki, ermənilərin indiki davranışı daha çox daxilə hesablanıb. Yəni, hakimiyyətdən “getməkdə və ya getməməkdə” olan Serj Sarkisyan komandası ölkə daxilində indi özünü güclü hiss etmək, ən azından bunun görüntüsünü yaratmaq istəyir. Xaricə də bu mesajı verir. Amma Cenevrə görüşü də onu göstərdi ki, təzyiq real olmalıdır. Görüşdən sonra erməni mətbuatında gedən yazılar da onu göstərir ki, işğalçıya yönəlik təzyiqlər real xarakter daşımalıdır. Ümumiyyətlə, problemin həlli istiqamətində və indiki vəziyyətilə bağlı Ermənistanın çoxsaylı zəif yerləri vardır. Səmimi şəkildə Ermənistana real təzyiqlər göstərilməsi barədə düşünülərsə, İrəvanın davranışı və problemə münasibəti də əlbəttə ki, dəyişər. 
Aprel döyüşlərindən sonra ermənilərdə bu dəyişikliyi hiss etdik. Başlarını itirmişdilər. Təəssüf ki, sonradan işğalçıya göstərilən “himayə” onları bu vəziyyətdən çıxartdı. Ona görə də indiki şəraitdə iki şərt çox vacibdir. Bir tərəfdən vasitəçi olan üçlüyün münasibətində həqiqətən də problemin həlli prioritet olmalıdır. İkinci şərt isə Rusiya ilə münasibətlərlə bağlıdır. Bu iki istiqamətdə hansısa bir yeni tendensiya olacaqsa, onda real təzyiqdən və onun mümkün nəticələrindən də danışmaq olar”.
Politoloq Qabil Hüseynli də düşünür ki, Ermənistana real təzyiqlər olmalıdır ki, danışıqlarda müsbət nəticə hasil edilsin: “ Amma görürük ki, işğalçı dövlətə münasibətdə real təzyiqlər yox dərəcəsindədir. Ermənistanın danışıqlar prosesində konstruktiv mövqeyə gəlməsi üçün ona təzyiq göstərənlər olmalıdır. Lakin bunu görmürük. İndilikdə təzyiq edənlər yoxdur. 
İndiyə qədər işğalçı Ermənistanın ünvanına söylənilirdi ki, danışıqlardan imtina edir. Məhz bu steoreotipi sındırmaq üçün Ermənistan danışıqlara getdi. Hansı ki, 40 dəqiqə çəkən Cenevrə görüşü də nəticə verməyən bir görüş oldu. Ermənistan bu cür hərəkətilə görüşləri gözdən salmaq məqsədi daşıyır. Onlar o qədər əmindirlər ki, özlərinə qarşı sanksiyaların tətbiq ediləcəyi, təzyiqlərin ola biləcəyi fikrini ağıllarından belə keçirmirlər. Çünki Rusiya onları himayə edir. Həmçinin, Ermənistana qarşı bu təzyiqləri təşkil edən qüvvələr lazımdır ki, onlar da gecə-gündüz çalışmalı, Azərbaycanı təbliğ etməli, baş vermiş hadisənin anatomiyasını dünyaya çatdırmağı bacarmalıdırlar. Həmçinin, xaricdə xristian təəssübkeşliyinin hökm sürməsini, erməni lobbisinin fəaliyyətini də nəzərə alanda Ermənistana real təzyiqlərin olacağı ehtimalı zəifdir. Buna görə də işğalçı dövlət  istədiyi kimi hərəkət edir. İstədiyini an danışıqlardan qaçır, istədiyi vaxt isə ona gedir. Buna baxmayaraq, heç kim ona “gözün üstə qaşın var” demir”. 

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz