Əlaqə Arxiv
news Image
2017.10.19
09:15
| A A A
Azərbaycan fəal beynəlxalq investora çevrilir
Ölkənin sabit iqtisadi axara malik olması və bunun müqabilində gəlir əldə etməsi artıq xaricdə də iqtisadi fəaliyyətə təşviq edir

2017-ci ilin ilk 8 ayı ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 4,851 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% çoxdur. 2017-ci ilin yanvar-avqust ayları ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 79%-i və ya 3,830 milyard  dolları Avropa ölkələrinin payına düşüb. Hesabat dövründə qardaş ölkənin iqtisadiyyatına ən çox yatırım edən ölkələr Hollandiya, İspaniya, Azərbaycan və Avstriya olub. Beləliklə, Azərbaycan Türkiyənin üçüncü ən iri investorudur. Azərbaycan başqa ölkələrə, məsələn qonşu Gürcüstana da böyük həcmdə sərmayələr yatırır.

Dünya İqtisadi Forumunun rəyinə görə, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxildir və xeyli vaxtdır ki, MDB ölkələri arasında öncüllüyünü qoruyub saxlayır. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə Azərbaycan “İnsan inkişafı indeksi”nə görə yüksək insan inkişafı qrupunda yer alır. Uzun müddətdir ki, Azərbaycan hökuməti təhsilə, o cümlədən azərbaycanlı tələbələrin xüsusi proqramlar çərçivəsində xaricdə təhsil almasına investisiyalar yatırır. Heç şübhə yoxdur ki, bütün bu investisiyalar mühüm səmərə verəcək və təbii kapitalın insan kapitalına çevrilməsi prosesini daha da sürətləndirəcək.

Ötən əsrin 90-cı illərindən fərqli olaraq bu gün  ölkənin möhkəm valyuta ehtiyatları, sabit artıma malik sənaye məhsulları, sürətlə inkişaf edən qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı istehsalı var. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin 9 ayında ixrac xeyli artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır.

Dövlət başçısı çıxışlarının birində deyib ki, hazırda dünyada xarici investorlar üçün şərait yaradılır, onları dəvət edirlər və bir çox ölkələr xarici investisiyalar hesabına öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir, lakin Azərbaycanın iqtisadi siyasəti əksinə olaraq, xarici bazarlara investisiya yatırmaqdan ibarətdir. Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynada müxtəlif layihələrə qoyulan investisiyalar buna misaldır. Bu günlərdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağa hazırlaşır. Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumuna qatılmış Avstraliya nümayəndə heyətinin rəhbəri, ölkələrarası Dostluq Assosiasiyasının prezidenti Con Hammond deyib: “Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Biz bunu alqışlayırıq”. 

Bütün bu faktlar Azərbaycanın etibarlı investor olmasını şərtləndirən əsas amillərdir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz