Əlaqə Arxiv
news Image
2017.10.19
09:30
| A A A
Radikal müxalifət daxilində yeni qarşıdurma başlanıb
Mais Səfərli: “Radikal müxalifət xarici dairələr arasında daha çox diqqəti özünə cəlb etmək, kimə “stavka” olunması üstündə bir-birilə didişir” Niyaməddin Orduxanlı: “Onlar daim çalışıblar ki, bir-birilərinə quyu qazsınlar"

Sosial baza sarıdan ciddi korluq çəkən radikal müxaliflər indi biri-birləriən qarşı hücuma keçiblər. Sosial şəbəkələrdə Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında əsl savaş gedir. Bura Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da qatılıb. Buna səbəb nədir və bu məsələdə xaricdən ötürülən pulların hansısa rolu varmı?

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifətin bir-birilə savaşa girişməsinin kökündə kimin xarici dairələrin daha çox diqqətini çəlb etmək uğrunda mübarizəsi durur: “Radikal müxalifət düşərgəsi daxilində baş verən hadisələr yeni deyil. Onlar elə hər zaman bir-birilə didişiblər. Onlar 25 ildir ki, müxalifətdədir və bu müddət ərzində xalq və cəmiyyət üçün heç bir fəaliyyətləri olmayıb. Bu təşkilatlar yalnız liderlərinin ambisiyalarına xidmət edib və etməkdə davam edirlər. Hər zaman öz hərəkətlərilə çalışıblar ki, xaricdəki müəyyən adamların diqqətini özlərinə cəlb etsinlər. Buna nail olmayıb, diqqət görmədikdə də bir-birilə savaşa girişirlər ki, kimin daha güclü və diqqətə layiq olduğunu nümayiş etdirsinlər. Hazırda radikal müxalifət daxilində gedən savaşın kökündə də məhz bu amil dayanır. 
Öncə radikal müxalifət partiyaları əlbir olaraq müəyəyn aksiya və mitinqlər keçirməyə cəhd göstərdilər. Hərçənd onların aksiyalarını heç bir halda kütləvi aksiya kimi dəyərləndirmək də doğru deyil. Çünki, kütləvi aksiya göründüyü kimi böyük kütləni özünə cəlb edən, özünün kütləviliyilə seçilən, daha izdihamlı tədbirlərə deyilir. Amma radikal müxalifətin tədbirlərində belə izdiham, coşqu yox idi. Ona görə də indi bir-birilə savaşa girişməklə özlərinin digər müxalifət partiyası ilə müqayisədə daha güclü olduğunu göstərməyə çalışırlar. Yəni, hazırda onlar arasında diqqətin daha çox kimə yönəldilməli olduğu barədə savaş gedir. Bu çəkişmənin də kökündə qarşıdan gələn prezident seçkiləri dayanır. 
Bildiyiniz kimi, prezident seçkiləri elə bir kampaniyadır ki, Azərbaycanı istəyən, istəməyən qüvvələr də hərəkətə gəlir. Azərbaycanı istəməyən qüvvələr də çalışır ki, burada özlərinə uyğun namizədi dəstəkləsinlər. Amma hər kəsə aydın şəkildə bəllidir ki, bu gün heç üfüqdə də radikal müxalifət düşərgəsindən belə bir alternativ namizəd görünmür. Sadəcə olaraq, seçkilərə əngəl yaratmaq, onun demokratikliyinə kölgə salmaq üçün xaricdəki bəzi dairələr Azərbaycanda olan radikal müxalifətdən öz məqsədləri naminə istifadə edirlər. Təbii ki, onu da elə-belə etmirlər. 
Söhbət burada kimə “stavka” olunmasından, xarici dairələr arasında daha çox diqqəti özünə cəlb etməkdən gedir. Radikal müxalifət məhz bunun üstündə indi bir-birilə didişir. Aydındır ki, seçkilər ərəfəsi radikal müxalifət arasında gedən savaş daha da qızışacaq və böyük bir davaya çevriləcək. Radikal müxalifət artıq bu ssenari üzrə hərəkət edir. Onların başqa bir fəaliyyətləri də yoxdur. Cəmiyyətə konstruktiv mesajlar verməyə, platformaları ilə çıxış etməyə, Azərbaycanın yeni bir inkişaf modelini ortaya qoymağa qadir deyillər. Hərçənd ən gözəl inkişaf modelini Prezident İlham Əliyev ortaya qoyub. O, Azərbaycanı inkişafa doğru aparır. Müxalifət isə alternativ fikir və ideyalar təklif etmək gücündə deyil. Ona görə də iqtidarın fəaliyyətinə qara yaxmaq, kölgə salmaqla məşğuldurlar. Ara-sıra da bir-birilə kimin ana müxalifət olması üstündə savaşırlar”.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı qeyd etdi ki, seçkilərin yaxınlaşması fonunda radikal müxalifət daxilində çəkişmələrin artması gözlənilən hadisədir: “Radikal müxalifət təmsilçiləri zaman-zaman bir-birilə də savaşıblar. Tez-tez sosial şəbəkələrdə, adi həyatda radikal müxalifət nümayəndələrinin bir-birini ittiham etdiyinin, hətta bir-birilərinə düşmən belə kəsildiyinin şahidi oluruq. Hətta bəzən bu savaşa həmin təşkilatların liderləri də qoşulur. Radikal müxalifət daxilində cərəyan edən savaşın kökündə isə fikrimcə, onların zəif olmaları dayanır. 
Bildiyiniz kimi, hazırda radikal müxalifət o qədər zəifləyib ki, hətta təşkil etdikləri mitinqlərə belə az insan gəlir. Gələnlər də ancaq öz qohum-əqrəbalarıdır. Cəmiyyət bu qüvvələrə dəstək vermir. Bu fonda da cəmiyyətdə onları eşidən yoxdur. Belə olan təqdirdə, radikallar bir-birilə savaşa girmək, hay-küy salmaqla özlərinin də guya mövcud olduqları illüziyasını yaratmağa çalışırlar. Belədə diqqəti özlərinə cəlb etmək istəyirlər. Həmçinin bununla xarici dairələrin diqqətinin, daha dəqiqi pullarının daha çox kimlərə yönəldilməli olması üstündə də savaşırlar. Yəni, cəmiyyətə normal platforma təklif etmək gücündə olmadıqlarından, çalışırlar ki, bir-birilə didişməklə diqqəti özlərinə doğru yönəltsinlər. Lakin burada başlıca amil kimi radikal müxalifət liderlərinin bir-birini gözü götürməməsi dayanır. Onlar daim çalışıblar ki, bir-birilərinə quyu qazsınlar. Ona görə də müxalifətdə olduqları bütün fəaliyyətləri əsasən elə bir-birilərini didişməkdə keçib. Görünür, prezident seçkilərinin yaxınlaşması da onlar arasında savaşın yenidən qızışmasına rəvac verib. Yenidən kimin müxalifətin lider, vahid namizədi olması uğrunda savaşa start verilib”. 
R. SULTANOV

Sizin Reklam Yeriniz