Əlaqə Arxiv
news Image
2017.10.21
08:00
| A A A
Qarabağ münaqişəsi üçün Trentino-Alto Adice modeli
İlqar Vəlizadə: “Azərbaycan bu məsələyə həmişə maraq göstərib” Fikrət Sadıxov: “Problem ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“İtaliyanın Trentino-Alto Adice muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İtaliyanın "Nodo di Gordio" beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marciglianoya müsahibəsində deyib. 

O əlavə edib ki, İtaliyanın ATƏT-in Minsk Qrupunda üzvlüyünü və gələn ATƏT-ə sədrliyini nəzərə alaraq, Minsk Qrupu çərçivəsində də bu modelin öyrənilməsi və İtaliyanın təcrübəsinin bölüşülməsi çox faydalı olardı. Siyasi şərhçilərin sözlərinə görə, bu, Azərbaycan tərəfi üçün məqbul variantdır. Hansı ki, Azərbaycan zaman-zaman oxşar təkliflərlə çıxış edib.  Ancaq erməni tərəfi maraqsız olduğu üçün proses baş tutmayıb.
Siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, bu təklif birinci dəfə deyil: “Təxminən 10 il bundan əvvəl də Azərbaycanın tədqiqatçıları, rəsmi nümayəndələri İtaliyanın Trentino-Alto Adice bölgəsinə səfər etmişdilər. Bu təcrübəni hərtərəfli öyrənmişdilər. Bizim üçün məqbuldur. Ötən il bununla bağlı konfrans da təşkil edildi. Trentino-Alto Adice muxtar regionunun  nümayəndə heyəti Azərbaycana səfər etmişdilər. Hətta erməni əsilli ekspertlər də dəvət olunmuşdu. Yəni, biz özümüz də həmin təcrübənin öyrənilməsində maraq göstəririk. Lakin erməni tərəfi heç vaxt buna maraq göstərməyib. Onların dilində ancaq bir söz var- müstəqillik. Ondan o tərəfə keçirmirlər. 
Son danışıqlarda da Ermənistanın prezidenti Serj Sarksiyan bildirdi ki, əsas məqsədimiz Dağlıq Qarabağ müstəqillik verilməsindən ibarətdir. Belə bir destruktiv yanaşma olduğu müddətdə heç bir irəliləyiş əldə edilməyəcək. Bundan əlavə, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda Ermənistan və Azərbaycan ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Avropanın muxtariyyətlərinə səfərlər təşkil edirdi. İtaliya, Finlandiya, Böyük Britaniyaya səfər ediblər. Səfərin məqsədi, muxtariyyətlərin bu ölkələrdə nə cür fəaliyyət göstərməsi, onların mərkəzi hökumətlərlə münasibətləri necə tənzimləməsini göstərmək idi. Azərbaycan bu məsələyə həmişə maraq göstərib. Ermənistan nümayəndə heyəti isə həmişə skeptik yanaşıb. Heç bir əhəmiyyət vermirdilər, onlar üçün ancaq gəzinti idi. Təəssüf ki, vəziyyət belədir”. 
Politoloq Fikrət Sadıxov bildirdi ki, Dağlıq Qarabağdakı vəziyyət Trentino-Alto Adice bölgəsindən fərqlənir: “Dağlıq Qarabağla bağlılığı olmayan, gəlmə etnos olan ermənilər  bu əraziləri Azərbaycanın tərkibindən çıxmaq istəyir və dövlət elan edir. Azərbaycan heç vaxt buna imkan verməz. Biz onlara Azərbaycanın daxilində muxtariyyət vermişdik. Bu, sivil modeldir. Ancaq ermənilər istəmidilər. Problem ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. 
Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz