Əlaqə Arxiv
news Image
2017.10.21
09:30
| A A A
Xəzərlə bağlı mühüm problem çözülür
Azərbaycan üçün həm sahilyanı ölkələrlə, həm də xarici şirkətlərlə münasibətlər xeyli möhkəmlənəcək

Xəzər dənizinin statusu ilə bağlı sahilyanı 5 dövlət arasında 18 ildir davam edən müzakirələrin 2018-ci ildə yekunlaşacağına və müvafiq Konvensiyanın qəbul ediləcəyinə ümidlər yaranıb. Bu rəyə bu ilin ortalarından başlayaraq rəsmilərin vaxtaşırı verdikləri açıqlamalara əsasən gəlinib. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya prezidentinin qonşu dövlətlərlə - MDB üzvləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov bildirib ki, Xəzər dənizinin statusu ilə bağlı gələcək Konvensiyanın maddələrindən çoxu razılaşdırılıb, 2018-ci ildə yekun razılığın əldə olunacağı şansı var. 

Dənizin statusunun müəyyənləşdirilməsində başlıca məsələlər onun ərazisinin 5 ölkə tərəfindən milli sektorlara bölünməsi və həmin ölkələrin burada hərbi iştirakıdır. Çünki, dənizin dibi karbohidrogen ehtiyatları ilə zəngindir. Sirr deyil ki, bu qiymətli xammal uğrunda dünyada ölüm-dirim mübarizəsi gedir. Məsələnin belə uzanmasının əsas səbəbi məhz bu qiymətli xəzinənin, bir növ  “pay bölgüsü”dür. Çünki, neft-qaz yataqlarının bölüşdürülməsi, müəyyənləşdiriləcək sərhədlərdən çox asılıdır. 
Xəzərin var-dövləti ona beynəlxalq güclərin də maraq göstəməsinə səbəb olub. Buna görə Rusiya və İran digər dövlətlərin, əsas da ABŞ-ın onun sularında hər-hansı hərbi qüvvə yaratmasının qarşısını almaq üçün Konvensiyaya müvafiq maddələr salınmasına çalışırlar. Bu məsələdə digər dövlətlər həmrəy olsalar da, Rusiya və İran kimi okeanlara birbaşa çıxışları olan ölkələrin hərbi donanma sarıdan dənizdə dominantlıq etmələrinə qarşıdırlar. Təbii ki, sülhsevərlik naminə Xəzərin “silah-sursatsız akvatoriya” statusuna yiyələnməsi daha məqsədəuyğun olar. Amma iri dövlətlərin ambisiyaları həmişə bəşəri düşüncələrə dağıdıcı təsir göstərir.
İndi statusun tezliklə müəyyənləşəcəyinə olan ümidləri yalnız alqışlamaq olar. Çünki, dənizin statusu haqda Konvensiyanın olmamasından ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Rusiya nümayəndəsi İqor Bratçikovun mətbuata verdiyi məlumata görə, bu vaxtadək Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi artıq həyata keçirilib. Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi ilə yanaşı, Qazaxıstan və Türkmənistanın dib sektorları arasında sərhədlər də müəyyənləşdirilib. Bundan belə nəticə çıxarmaq olar ki, dənizin statusu 70 faiz həcmində razılaşdırılıb. 2-3 il əvvəl Rusiya Xəzərin milli sektorlara bölünməsinin əleyhinə idi. Kreml istəyirdi ki, hər bir dövlətə sahildən dənizin içərilərinə doğru 25 mil (45 km) uzunluğunda sahə verilsin, qalan ərazi isə ümumi istifadədə qalsın. İlkin təklif isə hər ölkənin sahilyanı ərazisi üzrə dənizin dibinin tam ortadan bölünməsindən ibarət idi. Sahilyanı sərhədi ən az olan İran isə ümumi ərazinin 5 bərabər hissəyə bölünməsində israr edirdi. 
Məlumatlardan göründüyü kimi, 3 dövlət (Rusiya, Azərbaycan, Qazaxıstan) arasında tam razılıq var. İki dövlət (Qazaxıstan və Türkmənistan) isə qismən razılaşıb. Düzdür, razılaşmanın detalları açıqlanmayıb, amma hər halda ümumi rəy formalaşıbsa,deməli, həqiqətən statusun yekunlaşacağına ümid yaradan presedent yaranıb.  
Belə olan təqdirdə yekun Konvensiyanın qəbul edilməsindən və onun ölkəyə, iqtisadiyyata göstərə biləcəyi təsirdən danışmaq olar. Ağıllı adamlar tez-tez deyirlər ki, “şərikli mal bir şey deyil”. Bu konteksdə Konvensiyanın qəbul ediləcəyi təqdirdə Azərbaycan özünün mülkiyyətinə sahib olacaq. Həmin mülkiyyətin sahəsi üzrə karbohidrogen ehtiyatlarının hesablanması aparılacaq və xarici investorlarla danışıqlarda müzakirə edilən konkret yataqların sayı artacaq. Mütəxəssislər, neft-qaz hasilatının miqdarını daha dəqiq hesablayacaq ki, bu da sahənin gələcək perspektivlərini müəyyənləşdirməkdə  riyazi aydınlıq yaradacaq. Nəticə etibarilə həm sahilyanı ölkələrlə, həm də xarici şirkətlərlə münasibətlər xeyli möhkəmlənəcək. Təbii ki, iqtisadi resursların idarə olunması gəlirlərin artmasına da şərait yaradacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz