Əlaqə Arxiv
news Image
2017.10.24
09:30
| A A A
Ermənistan üzündən yenidən savaş başlanır
Azər Həsrət: “Azərbaycan torpaqları ordumuzun gücü hesabına qısa müddətdə işğaldan azad edilməlidir ki, işğala birdəfəlik son qoyulsun” Elman Məmmədov: “Ermənistana qarşı cəza tədbiri görəcək, işğalçını cəzalandıracaq yeganə dövlət Azərbaycandır”

Cenevrədə keçirilən prezidentlərin görüşündə təmas xəttində gərginliyin azaldılması haqda razılaşma əldə olunsa da, ermənilər atəşkəs rejiminə əməl etmirlər. Yenə hər gün erməni hərbi birləşmələrinin atəşkəsi pozması halları qeydə alınır. Buna səbəb nədir və belə vəziyyətdə ermənilərin şərtlərə məhəl etməməsinə görə onlara qarşı hansısa formada cəza tədbirləri görülə bilərmi? Atəşkəsin pozulmasını davamı halında genişmiqyaslı toqquşmalar mümkündürmü?

Siyasi icmalçı Azər Həsrətin fikrincə, ermənilərin yenidən atəşkəs rejimini pozmaqda davam etmələri fonunda genişmiqyaslı toqquşmaların baş vermə ehtimalı böyükdür: “Ermənilərin son Cenevrə görüşündə əldə olunan razılaşmağa baxmayaraq, atəşkəsi davamlı şəkildə pozması sadəcə olaraq, görüntü yaratmağa hesablanıb. Bilirsiniz ki, Ermənistanda daxili ictimai-siyasi vəziyyət həddən artıq kəskindir. Ona görə də Serj Sarkisyan hakimiyyəti ölkə əhalisinin fikrini başqa məsələlərlə aldadaraq, daxildəki narazı kütləni özündən yayındırmağa çalışır. Yəni, Ermənistan hakimiyyəti əlindən gələni edir ki, ac erməni xalqı ayağa qalxaraq iqtidara qarşı çıxmasın. Ona görə də guya Azərbaycanın atəşkəsi pozduğunu, onlara hücum etdiyini və bu istiqamətdə ermənilərin birləşməli olduğu görüntüsü yaratmağa çalışırlar. Belədə ermənilər özləri atəşkəsi pozaraq Azərbaycanın onlara cavab verməsinə stimul vermiş olurlar. 
Burada ermənilərin məqsədi həmçinin Azərbaycanı dünyaya guya aqressiv dövlət kimi göstərməkdən ibarətdir. Guya Azərbaycan ermənilərin sülh danışıqlarına getməsinə maneə olurlar. Bu amillər Ermənistan hakimiyyətinin çirkin və məqsədyönlü siyasətinin təzahürləridir. Azərbaycan ermənilərin bu təxribatlarına son qoyması üçün birincisi, Ermənistan ictimai rəyilə işləməli, onlara izah etməlidir ki, ancaq torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırıq, İrəvan isə işğal siyasəti yürüdür. İkincisi, Ermənistan hakimiyyəti erməni xalqını özünün çirkin siyasətinin girovu olaraq saxlayır. Azərbaycan isə erməni xalqını bu girovluqdan azad etmək istəyir. Azərbaycan torpaqları ordumuzun gücü hesabına ən qısa müddətdə işğaldan azad edilməlidir ki, işğala birdəfəlik son qoyulsun. Əlbəttə, bunu etmək o qədər də asan deyil. Hərbi əməliyyatların yenidən alovlanması əleyhinə olan dünya ictimaiyyəti var. Azərbaycan da sülh danışıqlarına sadiqdir. Azərbaycan ordusu işğalçı ordudan azı 10 dəfədən də artıq güclüdür. Bu baxımdan ağlı başında olan ermənilər düşünməlidir ki, Sarkisyan rejiminin girovluğundan asılılıqdan xilas olmaq və Azərbaycanla dinc yanaşı yaşamaları üçün işğal etdikləri torpaqdan çəkilib getməlidirlər”.    
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, işğalçıya qarşı cəza tədbiri həyata keçirəcək yeganə dövlət və qüvvə Azərbaycandır: “Şahidi olduq ki, Cenevrə  görüşündən dərhal sonra işğalçı dövlətin cinayətkar prezidenti yenə də özünə sərf edən formada fikir bildirməkdə davam etdi. Yəni, Sarkisyan həyasızcasına Qarabağın Azərbaycanın tərkibində olacağını qəbul etməyəcəklərini bəyan edib. Belə olan təqdirdə, hansı gərginliyin azaldılmasından, qarşılıqlı etimaddan, dayanıqlı sülhdən danışmaq olar? 
Bir yol qalır: düşmən əsgəri Azərbaycan torpağından tamamilə çıxardılmalıdır. Dövlətlərarası sərhəd olmalı, təmas xətti olmamalıdır. İndi isə təmas xətti Azərbaycan ərazisindən keçir. Acığını deyirəm, işğal edilmiş ərazilərimizdə, təmas xəttində şəxsən gərginliyin azaldılmasını istəmirəm. Bu vəziyyət ermənilərə sərf edir. Çünki ermənilər torpaqlarımızı işğal edib. Gərginliyin azaldılmasına o zaman razılaşmaq olar ki, düşmən ərazilərimizdən tamamilə çıxsın və 1988-ci ilə qədər mövcud olan sərhədimiz bərpa olunmalıdır. 
Azərbaycan BMT-yə hansı sərhərləri daxilində qəbul olunubsa, bu sərhəd çərçivəsində də ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ondan sonra gərginliyin azaldılması da baş verə bilər. Ermənistanın atəşkəsi pozmaqda davam etməsinə baxmayaraq, ona qarşı yenə də heç kəs cəza tədbiri görməyəcək. Bu günə qədər ona qarşı cəza tədbiri görməyiblərsə, indən sonra da bunun olacağını gözləmirəm. Ermənistana qarşı cəza tədbiri görəcək, işğalçını cəzalandıracaq yeganə dövlət Azərbaycandır, yeganə qüvvə də ordumuzdur. Azərbaycan əvvəl-axır bunu edəcək. İkinci bir güc tərəfindən Ermənsitana qarşı heç zaman cəza tətbiq edilməyəcək. Əksinə, onlar yenə də məsələyə obyektiv yanaşmayan beynəlxalq qüvvələr tərəfindən müdafiə olunmaqda davam edəcəklər”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz