Əlaqə Arxiv
news Image
2017.10.25
09:00
| A A A
Bitməyən qərəz üzündən Avropa Şurası Azərbaycan kimi strateji ölkəni itirə bilər
Fəzail İbrahimli: “Avropa Şurası yalnız ona görə mövcud deyil ki, irad bildirsin, qüsur axtarıb, qətnamə qəbul etsin” Elçin Mirzəbəyli: “Belə bir addım istənilən an atıla bilər”

Avropa Şurasında Azərbaycana qarşı ədalətsiz yanaşma davam edir. Əgər qurum bu qərəzli siyasətindən əl çəkməsə, xüsusən də Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın qərəzli mövqeyi dəyişməsə, onda   Azərbaycanın qurumu tərk etməsi nə dərəcədə məqbul olar?

Milli Məclisin deputatı Fəzail İbrahimli indiki halda Azərbaycanın Avropa Şurasındandan çıxmasını məqbul hesab etmədi: “Avropa Şurasının Azərbaycana qarşı yönəltdiyi ədalətsiz mövqeyi və ona cavab olaraq ölkəmizin bu qurumu tərk etməsi məsələsi bir neçə müddətdir ki, kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. 
Avropa Şurasının Azərbaycana qarı qərəzli mövqeyi hər kəsə aydındır. Avropa Şurasının tədbirlərində iştirak edən bir insan kimi onun laqeyd münasibətini, hadisələrə münasibətdə qeyri-səmimi yanaşmanı özüm hiss etmişəm. Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər var. Azərbaycan hansı ki, bu öhdəlikləri addımbaaddım yerinə yetirir. Amma sual olunur, AŞ üzv dövlətlər üçün öz növbəsində nə edib? Heç nə etməyib.  
AŞ yalnız ona görə mövcud deyil ki, irad bildirsin, qüsur axtarıb, qətnamə qəbul etsin. Belə olan tərzdə AŞ-nin  Azərbaycanı ittiham etmək hüququ yoxdur. Ona görə də hesab edirəm ki, AŞ özünün qəbul etdiyi qərarların mahiyyətinə uyğun düşünülməli, danışılmalıdır. 

AŞ-nin tribunasından istifadə edərək qurumun ölkəmizə qarşı atdığı addımları ifşa etməliyik. Bu səbəbdən də hələlik həmin tribunanı tərk etməməliyik. Azərbaycan üçün o tribuna çox vacibdir. Gələcəkdə isə, AŞ-nin qərəzi davam edərsə və hiss olunarsa ki, qurum onsuz da Azərbaycana heç nə vermir, ölkəmizi sadəcə, qınaq mənbəyinə çevirir, hər şeyi mənfi görürlər, kiminsə sifarişilə hərəkət edirlər, bu halda oranı tərk etmək barədə düşünmək olar. Lakin tələm-tələsik AŞ-dən çıxmaqla lazım gələndə onu ittiham etmək imkanından məhrum olacağıq”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə istənilən an  AŞ-ni tərk etməklə bağlı qərar verilməsini mümkün hesab etdi: “AŞ-nin qərəzli mövqeyi konkret şəxslər və konkret maraqlardan qaynaqlanır. Heç kimə sirr deyil ki, AŞ-nin baş katibinin Azərbaycana qarşı aqressiv mövqeyində erməni diasporunun kifayət qədər rolu vardır. Eyni zamanda, bu şəxsin Rusiyanın ayrı-ayrı dairələri ilə də yaxından əməkdaşlıq edir. 
Qurum çərçivəsində ayrı-ayrı subyektlərə münasibət ölkələrin geosiyasi maraqlarından qaynaqlanır ki, Azərbaycana münasibətdə də bu aspektləri qabarıq şəkildə görürük. Şübhəsiz ki, Azərbaycan baş verən proseslərə öz münasibətini bildirir. Dəfələrlə qeyd olunub ki, Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkədə islahatların aparılması, insan hüquq və azadlıqları ilə bağlı dövlətimizin atdığı addımlar hansısa beynəlxalq təşkilatın arzularına görə deyil, xalqımızın mənafeyi və dövlətimizin strategiyasına uyğun şəkildə həyata keçirilir. Bu fonda beynəlxalq təşkilat tərəfindən hansı münasibət sərgilənməsindən asılı olmayaraq təbii ki, Azərbaycan öz yolunu davam etdirəcək. 
AŞ-ni tərk etməyə gəldikdə, qənaətimə görə, belə bir addım istənilən an atıla bilər. Lakin düşünürəm ki, məsələ bir o qədər də kəskin deyil. Eyni zamanda düşünürəm ki, konkret struktur və təşkilatlar ayrı-ayrı şəxslərin ölkəmizə qarşı bu kampaniyasına qarşı vahid mövqe sərgiləyəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Atılan addımların arxasında Avropa İttifaqı üzvləri deyil, ondan kənarda qalan AŞ üzvlərinin maraqları dayanıb. Yəni Aİ-dən kənarda qalan dövlətlər Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı rola təsir göstərmək niyyəti güdüblər. Bu kampaniyanın arxasında həmçinin oktyabrın sonlarında açılışı olacaq Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsi dayanır.  Çünki bu layihə fonunda bir sıra regional dövlətlərin tranzit imkanları məhdudlaşacaq”.    
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz