Əlaqə Arxiv
news Image
2017.10.27
09:30
| A A A
Daha bir Avropa ölkəsi separatçılığın qurbanı olur
Natiq Miri: “Avropalı separatçılar AB-nin getdikcə zəiflədiyini və separat bölgələrin dövlətlərdən ayrılması üçün bir növ münbit şəraitin yarandığını düşünürlər” Asim Mollazadə: “Son zamanlar Avropada da separatizm meyllərinin güclənməsi bir sıra səbəblərdən qaynaqlanır”

İtaliyanın Lombardiya və Venesiya vilayətlərində keçirilən muxtariyyət referendumunun nəticələri açıqlanıb. Hər iki vilayətdə əhalinin 95%-dən çoxu referenduma hə deyib.

Əsas qazancı turizm və modadan əldə edən Lombardiya və Venesiya vilayətləri İtaliya iqtisadiyyatının lokomotivi hesab olunur. Qeyd edək ki, mərkəzi hökumət muxtariyyət referendumunun keçirilməsinə etiraz etməyib. Amma hesab edilir ki, bu, artıq İtaliyada da separatçılığa gedən yolun başlağıcıdır. Avropada separtçılığın belə sürətlə genişlənməsinə rəvac verən səbəb nədir və o, hansı təhdidlər yaradır?
Politoloq Natiq Mirinin fikrincə, Avropada separatizm meyllərinin ügclənməsinə iki amil təsir göstərib: “Avropada separatizm meyllərinin güclənməsinə rəvac verən səbəbləri göstərərkən iki amili diqqətə almaq lazımdır. Bu mənada Böyük Britaniyanın Avropa Birliyindən çıxması hadisəsi, «Brexit» qətiyyən gözardı edilə bilməz. 
Böyük Biritaniya bu barədə qərar verəndə demişdik ki, həmin addım sözügedən prosesin sürətlənməsinə və Avropa Birliyinin dağılması proseinin başlanmasına rəvac verə bilər. Avropada separatizmin genişlənməsinə təsir edən ikinci amil isə fikrimcə, xarici faktordur. Hazırda bildiyiniz kimi Qərb ölkələri Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edir. Bu kontekstdə düşünürəm ki, Rusiya da boş durmayıb. ABŞ və Almaniyada Rusiyanın seçki prosesinə müdaxiləsi artıq danılmaz bir fakta çevrilib. Bu faktın özü də göstərir ki, Rusiya bu məsələ ilə məhdudlaşan ölkə deyil. Çünki sanksiyalar qaldıqca və Moskva ondan zərər çəkdikcə, təbii ki, Rusiya da ona qarşı olaraq müxtəlif yöndə addımlar atacaq. Bu addımlardan biri də məhz separatizm dalğasının Avropa məkanında sürətlənməsidir. Bu prosesdə ona görə də Rusiyanın siyasi və maliyyə dəstəyini qətiyyən gözardı etmək olmaz. Ciddi araşdırmalar olarsa, məhz bu prosesin altından da Rusiya barmağı çıxacaq. 
Rusiya maliyyəsi və siyasi dəstəyilə Avropa məkanındakı separatistlər düşünür ki, Avropa Birliyi getdikcə zəifləyir və separat bölgələrin dövlətlərdən ayrılması üçün bir növ münbit mühit yaranır. Ona görə də separatçılar artıq Avropa məkanında da güclənirlər. Bu cür separat dalğasının gələcəkdə də Avropa məkanı üçün böyük problemlər yaradacağını düşünmək olar. Onu da nəzərə alaq ki, dünənə qədər məhz Qərb dünyası geosiyasi maraqları olduğu bölgələrdə dövlətləri bölərək, çırtdan dövlətlər yaratmaqla onları asanlıqla istismar edirdi. İndi isə həmin bumeranq artıq Qərb dünyasının özünə qayıdıb. Dünən bölənlər, bu gün artıq özləri bölünməyə başlayır”. 
Milli Məclisin deputatı Asim Mollazadə isə Avropada separatizmin güclənməsində xarici amillərin olması fikrini istisna etdi: “Ərazi mübahisələri məsələsinin həlli əslində, beynəlxalq sənədlərdə öz əksini tapıb. Söhbət dövlətlərin ərazi bütövlüyü, suverenliyinin dəstəklənməsindən gedir. Bu ərazilərdə yaşayan etnik qrupların öz müqəddəratını müəyyənləşdirməsi isə dövlətlərin ərazi bütövlüyünü pozmadan mümkündür.  
Avropada Venesiya Komissiyasının təklif etdiyi müxtəlif muxtariyyət formaları mövcuddur. Bu muxtar qurumlarla yaşanan problemlər də belədə dövlətlərin Konstitusiya prinsipləri əsasında öz həllini tapa bilər. Dəfələrlə Avropada bu məsələlər sülh yolu ilə öz həllini tapıb. Avropaya sülh və əmin-amanlıq gətirən də məhz bu amildir. Hüququn aliliyi pozulan zaman belə münaqişələr canlanır ki, bu da sabitliyin təmin olunması yolunda başlıca problemdir. Biz öz tariximizdə bunu görmüşük. Ölkəmizdə və digər keçmiş sovet respublikalarında  qonşu ölkələrin hərbi dəstəyilə separatistlərə dəstək verilib. Nəticədə milyonlarla insan bu cür separatizmin qurbanı olublar. Onun qarşısını almağın yeganə yolu da hüququn aliliyidir. Onun pozulması bütün hallarda qanlı münaqişələrə gətirib çıxarır. 
Son zamanlar Avropada da separatizm meyllərinin güclənməsi bir sıra səbəblərdən qaynaqlanır. Əsas səbəb iqtisadi və sosial amillərlə, habelə başqa ölkələrdən qaçqın axınının baş verməsilə bağlıdır. Vaxtilə Şotlandiya Böyük Birtaniyadan ayrılmaqla bağlı referendum keçirdi, lakin əksər əhali müstəqilliyə yox deyi. Kanadada Kvebek vilayətində də anoloji proses baş vermişdi. Amma düşünmürəm ki, Avropada separatizm dalğasının genişlənməsində xarici amillərin təsiri olsun. Olsa da cüzi miqdarda təsiri ola bilər. Avropadakı separatizm hərəkatları zamanı qanlı münaqişələrin olmamasının səbəbi də məhz bu məkanda xarici təsirlərin olmaması ilə bağlıdır”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz