Əlaqə Arxiv
news Image
2012.04.26
14:57
| A A A
Azərbaycandan Avropaya reytinq nümunəsi
Əli Əlirzayev: «Bir çox xarici təşkilatlar Azərbaycanda iqtisadi inkişafın mövcudluğunu və investisiya mühitinin sağlamlaşdığını etiraf edirlər»

Xəbər verildiyi kimi, "Moody’s Investors Service" beynəlxalq reytinq agentliyini Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "Ba1"-dən "Baa3" investisiya həddinə qədər yüksəldib.

Qeyd olunur ki, bu qərara iki əsas amil səbəb olub. Birinci - dövlətin maliyyə vəziyyətinin davamlı güclənməsidir. Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankının xarici aktivlərinin sürətli artımı ölkənin valyuta vəziyyətini gücləndirir. İkinci səbəb kimi son illər dövlətin investisiya siyasəti nəticəsində qeyri-neft sektorunun güclü inkişafıdır.

Məlumatda bildirilir ki, 2011-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 40 milyard dollar və ya ÜDM-nin 75%-ni təşkil edib. "Moody’s" hesab edir ki, bu ehtiyatlar ölkəyə mümkün olan daxili və ya xarici risklərin aradan qaldırılmasına imkan verəcək.

Bundan başqa, reytinq agentliyi ümid edir ki, hökumət yaxın illərdə strateji ehtiyatların həcmini artıra biləcək. Agentliyin məlumatına görə, 2011-ci ildə Azərbaycanın qeyri-neft ÜDM-nin artımı 2010-cu ilin nəticələrinə görə, 7,9%-ə qarşı 9,4% təşkil edib. Agentliyin qiymətləndirilməsinə görə, əhəmiyyətli dövlət gəlirləri iqtisadiyyatın sonrakı inkişafı və diversifikasiyasını dəstəkləyəcək. O da maraqlıdır ki, Azərbaycanı kredit reytinqi Avropa ölkələrinin reytinqi aşağı salındığı bir vaxtda yüksəlməyə doğru gedir.

Azərbaycanın investisiya reytinqinin yüksəlməsinin səbəblərini daha ətraflı şərh edən iqtisadçı alim, keçmiş millət vəkili Əli Əlirzayevin sözlərinə görə, Azərbaycanda investisiya mühitinin sağlamlaşmasına əsas səbəb qanunun aliliyinin təmin olunması və investorlara tətbiq olunan güzəştlərdi: "Bir çox xarici təşkilatlar Azərbaycanda iqtisadi inkişafın mövcudluğunu və investisiya mühitinin sağlamlaşdığını etiraf edirlər. Bu açıqlamalar Azərbaycana xarici investisiya cəlbini sürətləndirir. Maraqlıdır ki, son vaxtlar neftdən kənar sahələrə yatırımlar qoyulur. Yerli və xarici təşkilatlar sənaye məhsulları və kənd təsərrüfatı sektorunda özlərinin zavod və müəssisələrini açırlar. Bir neçə gün öncə Gəncəyə getmişdik. Son 4 ildə rayonlar çox dəyişib. Yolboyu yaradılmış və yeni açılan zavodlar, müəssisələr, əkin sahələri bir iqtisadçı kimi məndə ümidlər yaradır. Rayonlara investisiya qoyanlar gəlirlərini görürlər, riskləri hesablayırlar. Bilirlər ki, dövlət səviyyəsində müdafiə olunurlar. Əsas məsələ budur. Neft pulları indi qeyri-neft sektorunun inkişafı üçün xərclənir".

İqtisadçı alim təəssüflə bildirdi ki, Azərbaycanda investisiya mühitinin yaxşılaşmasında daha çox dövlət donor rolunu oynayır: "Pullar bir qayda olaraq, dövlətdən gəlir. Bankların bu prosesdə rolu aşağıdır. Davamlı iqtisadi inkişaf bankların iqtisadiyyatdakı rolunu artırmaqdan keçir. Amma bizim bankları rəqabət düşündürmür. Passivdirlər. Onlar da dövlətin əlinə baxırlar ki, nə kimi yardımlar göstərəcək. Bizdə iqtisadi inkişaf birtərəfli gedir. Elə sahələr var ki, orada tamam boşluqdur. Tekstil, məişət avadanlıqları, avtomobil sənayesi yoxdur. Dar çərçivədə investisiya mühiti yaxşıdır. Amma geniş deyil. İnvestisiya mühitinin yaxşı olması hələ tam mənada iqtisadi inkişaf demək deyil".

Bununla belə Ə.Əlirzayev hesab edir ki, Azərbaycanın iqtisadi reytinqini ölçən beynəlxalq iqtisadi təşkilatların hesabatları ölkəmizin iqtisadi nüfuzunun artmasından xəbər verir: "İnvestisiya mühiti yaxşılaşırsa, bunun nəticəsini görəcəyik. Bütün xalq bundan faydalanmalıdır. Onu da deyim ki, xarici reytinq təşkilatları investisiya mühitini öyrənəndə həm də ölkə investorlarının xarici ölkələrdəki fəaliyyətini də öyrənir. Azərbaycanlılar bu gün xarici ölkələrə, iri layihələrə investisiya yatırırlar. Bunu da nəzərə almaq lazımdır".

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz