Əlaqə Arxiv
news Image
2017.10.31
09:30
| A A A
Radikal müxalifətin mitinq taktikası tam iflasa uğradı
Elçin Mirzəbəyli: “Milli Şura yalnız konkret dairələrin maraqlarına uyğun gələndə və müvafiq sifarişlər alanda mitinq keçirməyə cəhd edir” Məmməd Əlizadə: “Radikal müxalifət kimlərinsə göstərişilə hərəkət edir”

Milli Şuranın son mitinqi onun tam fiaskoya uğradığını növbəti dəfə göstərdi. Yenə də müxalifətin aksiyasına barmaqla sayılacaq qədər insan gəlmişdi. 

Prosesin gedişi onu göstərir ki, mitinq taktikası müxalifətin cəmiyyət içərisində nüfuzunun daha da aşağı düşməsilə nəticələnib. Çünki aksiyaya cəmiyyətdə cüzi də olsa dəstək verən yoxdur. Bəs, nədən radikallar hələ də mitinq şoularına son qoymurlar? Bu, xaricdən edilən sifarişlə bağlı ola bilərmi?
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, proseslərin gedişi Milli Şuranın xaricdən gələn sifarişlə hərəkət edərək mitinq keçirdiyini göstərir: “Əlbəttə ki, Milli Şuranın mitinq keçirməkdə məqsədləri var. Heç kimə sirr deyil ki, Əli Kərimli və Milli Şura adlanan qurumda təmsil olunanlar yalnız konkret dairələrin maraqlarına uyğun gələndə və müvafiq sifarişlər alanda adekvat addımlar ataraq etiraz aksiyaları keçirməyə cəhd göstərirlər. 
Əslinə qalanda, mitinqlərin keçirildiyi dövr ərzində baş verən proseslərin mahiyyətinə diqqət yetirsək və eyni zamanda iştirak edənlərin sayının getdikcə azaldığını müşahidə etsək, belə aksiyaların keçirilməsinə çoxdan ehtiyac yox idi. Milli Şuranın birinci aksiyasından sonra bu qəbildən olan aksiyaların ümumiyyətlə, iflasa uğradığı göz qabağındıdır. Lakin gördüyümüz kimi proses davam etdirilir. Baxmayaraq ki, onun keçirilməsinə hər hansı bir zəmin yaranmamışdı. Mitinqə qatılan insanlar da əksəriyyət etibarı ilə həmin quruma daxil olan təşkilatların təmsilçiləri və təəssübkeçlərdən ibarət idi. Yəni, bu aksiyalarda kənar insanların iştirakının şahidi olmadıq. Bu da bir daha onu sübut edir ki, Milli Şuranın keçirdiyi həmin aksiyalara ictimai dəstək yoxdur. Belə olan halda aksiyalar dayandırılmalı və baş verənlərdən nəticə çıxarmaq istiqamətində addımlar atılmalı idi. Amma ənənəvi olaraq Milli Şura adlanan qurumda bu baş vermədi. Bu da onu göstərir ki, həmin aksiyalar Milli Şuranın öz iradəsinə uyğun olaraq həyata keçirilmir. Onların qarşılarına qoyulan hansısa tələblər qarşılığında həyata keçirilir”.   
Politoloq Məmməd Əlizadə də qeyd etdi ki, radikallar xarici sifarişləri icra etməkdə davam edirlər: “Qanuna müvafiq olaraq hər bir kəsin və təşkilatn etiraz aksiyaları keçirmək hüququ var. Amma bu aksiyaları ancaq effekt verəndə keçirmək daha məqsədəuyğundur. Milli Şuranın keçirdiyi son aksiyalar bir daha göstərdi ki, cəmiyyətdə bu qüvvələr dəstəkləyənlər yoxdur. Ora gələnlər də yalnız özlərindən və yaxın qohum, ətrafından ibarət olan insanlardır. 
Proses davam edəcəyi təqdirdə, bir müddətdən sonra bu aksiyalara daha da az adam gələcək. Milli Şura buna baxmayaraq, aksiyalarını davam etdirməyi düşünürsə, deməli, bilərəkdən və ya bilməyərək özlərini uçuruma doğru sürükləyirlər. Çünki indiki şəraitdə təşkil etdikləri aksiyalar kütləvi xarakter daşımadığından onu təşkil etməklə qurum özünün onsuz da aşağı dərəcədə olan reytinqini daha da aşağı salır. Bunu bilə-bilə radikal müxalifət mitinq şousunu davam etdirirsə, deməli, onlar özbaşına hərəkət etmir. Kimlərinsə göstərişi ilə hərəkət edirlər. Bu kimlər isə ancaq xarici qüvvələr, oradakı Azərbaycanı sevməyən dairələr ola bilər. Milli Şura belədə görürük ki, hələ də köhnə vərdişindən əl çəkməyərək, xarici dairələrlə əlbir olmaqla onların sifarişini icra etməkdə davam edir. Amma unudurlar ki, xaricilərin sifarişi ilə oturub-durmaqla heç bir zaman cəmiyyətin dəstəyini qazana bilməyəcəklər. Belə hərəkətlərilə isə özlərini daha da nüfuzdan salacaqlar”. 
R. SULTANOV

Sizin Reklam Yeriniz