Əlaqə Arxiv
news Image
2017.10.31
11:23
| A A A
Sülh Platforması İrəvan və Bakıda mənzil-qərargahlarının açılması üçün Roma Papasından dəstək istəyib

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Qurultayının iştirakçıları Platformanın İrəvan, Tbilisi və Bakıda mənzil qərargahların açılmasına dəstək verilməsi üçün Roma Papası Fransiskə müraciət ediblər.
 
Sülh Platformasının mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, Roma Papası Fransisk bir din xadimi olaraq ömrünü insanlara və bəşəriyyətə sülh, mərhəmət ideyalarının təşviqinə həsr edib.
 
Müraciətdə bildirilir ki, hələ də dünyanın müxtəlif yerlərində müqəddəs insan həyatına təcavüz, müharibə, işğal, insanların zorla öz ev və yurdlarından qovulması faktları mövcuddur. İnsanın özü kimisinə bəslədiyi nifrəti qidalandıran mənfur ideyaların, müəyyən qüvvələrin istifadə etdikləri tarixi miflərin hələ də ayaqları yer tutur. Bu müharibə toxumları əsrlər boyu dost və qonşu olmuş, faktiki olaraq eyni mədəni nailiyyətləri bölüşən erməni və Azərbaycan xalqları arasına da səpilib: “25 ildən artıqdır ki, iki qonşu xalq müharibə şəraitində yaşamağa məcbur edilir. Bu müddət ərzində hər iki xalqın nümayəndələri bir-birlərinə qarşı düşmənçilik və nifrət təbliğatının qurbanı kimi davranırlar. Formal xarakter almış atəşkəs rejimində üz-üzə dayanmış gənc əsgərlər, cəbhə bölgəsinə yaxın ərazilərdə isə mülkü insanlar həlak olur. Son dövrlərdə xüsusilə gərginləşən hərbi vəziyyət iki qonşu xalqın barışmasına və ədalətli sülh içində yaşamasına bütün ümidləri məhv etməli idi. Lakin bu insanların arasında ümidini itirməyən və sülhə inanan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etdilər. 6 dekabr 2016-ci ildə bu insanlar Ermənistan-Azərbaycan Sülh Platformasının əsasını qoydular. Yarandığı gündən hər iki xalqın vətəndaş cəmiyyəti üzvlərini, ictimai siyasi xadimlərini, mətbuat nümayəndələrini sülh quruculuğu işinə cəlb edərək hər iki cəmiyyətdə bu ideyaları çətinliklə də olsa təşviq edir, yaranan təpkilərə baxmayaraq, öz işlərində inamla irəliləyirlər. Bütün bu fəaliyyət Ermənistan-Azərbaycan Sülh Platforması olaraq bizim daha səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir. 30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb. Qurultay iştirakçıları adından Sizə müraciət edərək bu müqəddəs işimizə xeyir-dua verməyinizi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz yurd-yuvalarına qayıtması, iki qonşu xalq arasında 25 ildən artıq davam edən düşmənçiliyə son qoyulmasına öz köməyinizi əsirgəməməyi, xeyir-duanızla İrəvan, Tbilisidə, Bakıda mənzil qərargahların açılmasında dəstək olmanızı Sizdən xahiş edirik”.

 

Sizin Reklam Yeriniz