news Image
2013.03.09
13:22
| A A A
"Müxalifətin növbəti uğursuz layihəsi 2013-cü ilin noyabr ayından sonra tarixin arxivinə qovuşacaq"
İsa Qəmbər, Əli Kərimli və Eldar Namazovun yaratmaq istədikləri birlik indidən iflasa məhkumdur. Bu barədə Milli.Az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədr müavini ZahidOruc bildirib.

Onun sözlərinə görə, bu üç şəxs öz aralarında vahid namizəd müəyyənləşdirə bilsələr belə, bu, ölkədəki siyasi proseslərə heç bir şəkildə təsir göstərməyəcək.

"Tutaq ki, onların arzu etdiyi vahid namizədlik məsələsi həll olundu və şərti olaraq onlar Eldar Namazov üzərində dayandılar. Bu nə verəcək? Müxalifətin olduqca məhdud resursunu həmin şəxsin qalibiyyətinə yönəltməklə, qüvvələrin doğrudan da təmərküzləşməsini görmək mümkün olmayacaq. Namizədlik cəbhəçi bölgə təmsilçilərinin küskünlüyünü aradan qaldırmayacaq", - o əlavə edib.

Z.Oruc qeyd edib ki, 2010-cu ilin parlament seçkilərində də AXCP və Müsavat vahid namizədlər müəyyənləşdirmişdilər, lakin paytaxtda əldə edilən razılaşma, yerlərdə birmənalı qarşılanmamışdı. Vahid namizəd məsələsində bölgələrlə razılıq olmadığına görə faktiki olaraq, müsavatçılar cəbhəçilərin namizədlərini tanımırdılar, cəbhəçilər də müsavatçıların namizədlərini.

Onun sözlərinə görə, bu üç şəxs razılığa gəlsələr belə, bu, müxalifətin uğursuz layihələrindən biri olacaq.

"Hər üç şəxsin siyasi xarakterinə bələd olanlar bilirlər ki, bunların arasında dərin uyuşmazlıq, qarşılıqlı tanımama və bir sıra hallarda qarşılıqlı antipatiya var. Dünənki günləri onların sabahını təhdid edir. Onların birləşdirici gücü bir araya gələndə daha da zəifləyir və əks effekt verir. Düşünürəm ki, müxalifətin növbəti uğursuz layihəsi 2013-cü ilin noyabr ayından sonra tarixin arxivinə qovuşacaq", - o əlavə edib.

Qeyd edək ki, martın 7-də Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və Ziyalılar forumunun fəalı Eldar Namazov qapalı görüş keçirmişdilər. Onların görüşlərində vahid namizəd məsələsinin müzakirə olunduğu deyilirdi.