news Image
2013.03.09
16:38
| A A A
Əli Həsənov: "Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın genişlənəcəyini gözləyir"
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişafını davam etdirmək niyyətindədir və gələcəkdə bu əlaqələrin genişlənəcəyini və möhkəmlənəcəyini gözləyir. Movqe.az-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov"New Europe" qəzetinə müsahibəsində bildirib.

Həsənov, həmçinin rəsmi Brüsseli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə fəal yardım göstərməyə və Cənubi Qafqazın bu enerji əhəmiyyətli bölgəsində sülhün bərqərar olmasına kömək etməyə çağırıb.

"Bizim Aİ ilə çox yaxşı münasibətlərimiz var və biz bir sıra tərəfdaşlıq sazişləri imzalamışıq. Bu yaxınlarda Aİ ilə enerji təhlükəsizliyi üzrə bəyannamə imzaladıq. Azərbaycan Aİ-nin artan enerji tələbatını ödəməkdə getdikcə daha böyük rol oynayır", - Əli Həsənov qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin "Şərq tərəfdaşlığı" və "Mehriban qonşuluq" proqramları Azərbaycan üçün eyni əhəmiyyətə malikdir.

"Bu iki layihə iqtisadi və azad bazar münasibətlərini əsas götürməklə Azərbaycanda Avropa dəyərlərinin inkişafına istiqamətlənib. Bu, həm bizim, həm də Avropa üçün vacibdir", - PA rəsmisi deyib.

Əli Həsənov əlavə edib ki, bu tərəfdaşlığın digər tərəfi Avropa malları və sənaye məhsullarının Azərbaycana idxalının sadələşdirilməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, bu tərəfdaşlıq, həmçinin gömrük rüsumlarının liberallaşdırılması, Avropa ölkələri və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və nəhayət, Aİ ilə tərəfdaşlığın nəticəsi olaraq, vətəndaş cəmiyyətinin inkişafını əhatə edir.

"Bu, Azərbaycanda siyasi plüralizm, vətəndaş cəmiyyətinin inkişafına aiddir", - Həsənov qeyd edib.

Rusiya ilə münasibətlərə toxunan PA rəsmisi deyib ki, Bakı bu ölkəni regionun böyük oyunçusu qismində nəzərdən keçirir.

"Rusiyanın bütün region üzrə maraqlarının olmasını təbii hesab edirik. Bununla belə, bizim Aİ ilə, qonşularımızla olduğu kimi, tərəfdaşlıq münasibətlərimiz var. Bu, qarşılıqlı tərəfdaşlıqdır. Buna görə də Azərbaycanın Rusiya və Aİ ilə münasibətlərini ayırmazdım. Bu vəziyyətdə hər hansı seçim etmək istəmirik, biz milli maraqlarımızı nəzərə alaraq, tərəfdaşları olduğumuz Rusiya və Aİ-ni özümüzün yaxşı tərəfdaşlarımız kimi qiymətləndiririk", - Əli Həsənov bildirib.

Həsənov deyib ki, Rusiya neft və qazın Avropaya əsas tədarükçüsüdür.

"Biz də Avropaya qaz və neft tədarük edirik. Lakin biz rəqib deyilik, çünki onların öz bazarı, bizim isə öz bazarımız var", - Əli Həsənov əlavə edib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan iqtisadi inkişaf və iqtisadi liberallaşdırma üzrə məqsədlərə çatmaq üçün Avropaya istiqamətləniblər. Yeganə fərq Rusiya ilə bağlıdır - bu, regional təhlükəsizlik məsələsidir.

"Rusiya bəzi keçmiş Sovet ölkələrinin daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılmasının təşəbbüskarıdır, lakin Azərbaycan bu təşkilata üzv deyil. Azərbaycan, həmçinin NATO-ya daxil deyil. Bununla da bizim təhlükəsizlik məsələsi üzrə müstəqil mövqeyimiz var. Əlbəttə ki, biz müxtəlif strukturlarda NATO-nun tərəfdaşıyıq, lakin NATO-nun üzvü deyilik və alyansın bir hissəsi olmağı planlaşdırmırıq", - Əli Həsənov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycanın Rusiyanın təşəbbüsü ilə yaradılan KTMT-yə daxil olmaqla bağlı planları yoxdur.

"Hesab edirəm ki, bu məsələlər üzrə neytral mövqe milli maraqlarımızın xeyrinədir. Fikrimizcə, neytral mövqenin saxlanması Azərbaycan üçün çox yaxşı tranzit funksiyası və ya Şərq və Qərb arasında körpü funksiyasını təmin edir", - o əlavə edib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Aİ-nin köməyinə ümid edirmi" sualına cavab olaraq Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Azərbaycan münaqişənin nizamlanmasında Aİ-dən ATƏT-in Minsk qrupuna dəstək formasında güclü təsir və dəstək gözləyir.

"Hazırda Aİ-ni ATƏT-in Minsk qrupunda Fransa təmsil edir. Lakin hesab edirik ki, gələcəkdə Aİ Minsk qrupunda öz xüsusi nümayəndəsinin iştirakı məsələsini nəzərdən keçirməlidir. Bu, öz növbəsində, Aİ-nin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini möhkəmləndirməyə kömək edəcək. Hərçənd Fransa Aİ-ni Minsk qrupunda təmsil edir, bu, yalnız bir ölkədir, buna görə də biz mövcud məsələdə Aİ tərəfindən həqiqətən böyük təsir gözləyirik. Hesab edirik ki, Cənubi Qafqazda lazımi sülh olmadan Avropanın ümumi təhlükəsizliyindən danışmaq olmaz", - Əli Həsənov qeyd edib.

İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həllində Bakının rolu ilə bağlı suala cavab olaraq Həsənov vurğulayıb ki, Azərbaycan İran və ya Avropada siyasi proseslərə təsir edə biləcək qədər böyük ölkə deyil.

"Düşünmürəm ki, İran və Aİ arasında qalmaq və ya hər hansı ölkəni dəstəkləmək bizim maraqlarımıza cavab versin. Buna görə də mövcud məsələ üzrə neytral mövqe tuturuq və səmimi olaraq inanırıq ki, qəbul ediləcək qərar hər iki tərəfi qane edəcək", - Əli Həsənov bildirib.

PA rəsmisi deyib ki, Aİ və İran arasında ziddiyyət zorakılığa səbəb olarsa, bu, Azərbaycana da təsir göstərəcək. Onun sözlərinə görə, xüsusən, İranda xeyli sayda azərbaycanlı yaşayır və onlar öz evlərini tərk etmək məcburiyyətində qala bilərlər.

"Azərbaycan enerji və enerji layihələri məsələləri üzrə Aİ ilə fəal əməkdaşlıq edir və Aİ-nin İran ilə problemi neft layihələrinə də ciddi təsir edə bilər", - Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ümid edir ki, bu məsələ sülh yolu ilə həll ediləcək - İran bütün beynəlxalq norma və tələblərə riayət edəcək, Aİ isə İslam Respublikasının bütün qanuni hüquqlarını tanıyacaq.

İqtisadi məsələlərə toxunan Əli Həsənov qeyd edib ki, ölkədə yoxsulluq səviyyəsinin azalması Azərbaycan hökumətinin prioritetlərindən biridir.

"Son 10 il ərzində yoxsulluğun səviyyəsinin azaldılması sahəsində böyük səylər göstərmişik. Son 9 il ərzində bu göstərici 50 faizdən 6 faizədək azalıb. Növbəti 5 ildə məqsədimiz ölkədə yoxsulluğu tam aradan qaldırmaqdır", - o deyib.

PA rəsmisinin sözlərinə görə, bu istiqamətdə görülən tədbirlərə məşğulluğun səviyyəsinin artırılması, xüsusilə, əhalinin aztəminatlı təbəqələri üçün sosial siyasətin möhkəmləndirilməsi daxildir.

"Əlbəttə ki, ölkədə təminatlı insanlar var və hesab edirik ki, hər bir insanın yaşayış, mənzil və iş üçün minimal şəraiti olmalıdır", - o deyib.

Azərbaycan, həmçinin Bakı şəhərinin yeni müasir mərkəzi olmasına hesablanmış Qara şəhər ərazisinin bərpa edilməsi və planlaşdırılmasını nəzərdə tutan "Ağ şəhər" ("White City") layihəsinin həyata keçirilməsinə başlayıb.

Əli Həsənovun sözlərinə görə, Azərbayan hökuməti yerli və xarici investorları cəlb etməyə hazırdır. O qeyd edib ki, bu, kommersiya layihəsidir.

"Biz bu layihənin gələcəkdə inkişafına yardım üçün istənilən imtiyazları nəzərdən keçirməyə hazırıq. Həmçinin, biz Qara şəhər sakinlərinin köçürülməsi prosesini nəzarətdə saxlayırıq, burada məqsəd onların lazımi şəraitdə yaşayacaqlarına əmin olmaqdır", - Həsənov bildirib.