Əlaqə Arxiv
news Image
2012.04.26
15:09
| A A A
Rusiya Xəzərdə yeni təhlükəli oyuna başlayır
Şimal qonşumuzun dənizdə həyati maraqlarını qorumaq üçün gücdən istifadə edəcəyi də açıq bəyan edilir

Şimal qonşumuzun Xəzərdə xüsusi maraqlarının olması burada sahilyanı ölkələr istisna olmaqla digər dövlətlərin mövcudluğuna qarşı çıxdığı heç kimə sirr deyil. Məsələ Moskvada "Xəzər üzrə elm və innovasiyalar" Şurası və "Roskon" İKM-in təşkil etdiyi "Xəzər dialoqu-2012" Beynəlxalq Forumunda yenidən əsas diqqət hədəfində olub.

Rusiya Federasiyası Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Tələt Əliyev bildirib ki, Moskva Xəzər regionunu ölkənin enerji siyasəti üçün prioritet hesab edir. Onun sözlərinə görə, bu fonda müəyyən çərçivələr daxilində yeni terminalların tikilməsi, tanker donanması və geoloji kəşfiyyatın intensivləşdirilməsi lazımdır.

T.Əliyev söyləyib ki, Xəzərin enerji resusları dünya neft ehtiyatlarının 3% və qaz etiyatlarının 5%-ni təşkil edir: "Hər il Xəzər ətrafı ölkələr neft-qaz ehtiyatını artırmağa çalışır, bununla paralel olaraq dünya bazarlarına karbohidrogen ehtiyatlarının ixracı artır". Onun sözlərinə görə, Rusiyanın "Cənub axınına" rəqib olan Cənubi qaz dəhlizinin yaradılması prosesi intensivləşir. Ancaq "Nabukko" layihəsi inkişaf etmir və bu yöndə Rusiya Energetika Nazirliyinin nümayəndəsi Macarıstanın MOL şirkətinin layihədən çıxmasını nəzərə çatdırıb. Departament direktorunun fikrincə, səmərəli nəticə əldə etmək və uğur qazanmaq üçün rəqabət aparmaq yox, birgə işləmək lazımdır: "Rusiya bütün Xəzərətrafı ölkələrlə fəal iş aparır və Xəzərin unikal iqtisadi sisteminin qorunub saxlanmasını vacib məsələ sayır. Bununla yanaşı, ekoloji mövzu regionda enerji layihələrinin inkişafına mane olmamalıdır, ancaq ekoloji təhlükəsizliklə bağlı bütün məsələlər beş Xəzərətrafı ölkənin hər biri ilə birgə həll edilməlidir".

Bununla Rusiya bir daha diqqətə çatdırıb ki, faktiki olaraq "Transxəzər"in reallaşmasına qarşıdır və həmişəki kimi burada ekologiya bəhanəsi əsas gətirilir. Lakin Azərbaycan və Türkmənistanın Avropa İttifaqı ilə birgə "Transxəzər"in həyata keçirilməsi üçün atdığı addımlar ekologiya bəhanəsinin arxa plana keçməsinə səbəb olmaqdadır. Bu vəziyyətdə isə Moskvanın yenidən əzələ nümayişinə keçəcəyi gözlənilir. Bunu rus ekspertlər də etiraf edir. Məsələn, MDB İnstitutunun şöbə müdiri Mixail Aleksandrov bu günlərdə bildirib ki, o, artıq bir neçə aydır Avropa İttifaqının yüksək rütbəli diplomatlarını hadisələrin güc tətbiqi ssenarisi üzrə davam edəcəyinə dair xəbərdarlıq edir: "Belə bir söhbət Almaniya səfirliyində verilən nahar zamanı Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi təmsilçisi Pyer Morellə də olub.

Mən ona başa salmaq istəyirdim ki, Qərb Moskvanın Xəzərdə kəmərlərin inşasına yol verməmək üçün güc tətbiq edə biləcəyi ilə bağlı qərarlılığını qiymətləndirmir. Bu tək iqtisadi yox, həm də siyasi-hərbi səbəblərlə bağlıdır. Moskva həqiqətən də Xəzərdə İranla bağlanılmış müqavilələr əsasında yaradılan hüquqi rejimin dağılmasına yol verə bilməz. Çünki bu bölgədə anarxiyaya yol aça, hətta üçüncü dövlətlərin hərbi qüvvələrinin Xəzərdə peyda olmasına gətirib çıxarar, "Transxəzər" layihəsinin tikintisi isə Xəzərin milli sektorlara bölünməsinin de-fakto tanınması deməkdir. Bu Rusiya üçün heç də qəbul edilən deyil. Moskva Gürcüstanı sülhə məcbur etmək üçün əl atdığı vasitəyə müraciət etməli olacaq. Bu dəfə Aşqabad və Bakını beynəlxalq hüquqa hörmət etməyə məcbur etmək lazım gələcək. Əgər onlar başqa cür başa düşmürlərsə, onda aviazərbələrin endirilməsi də mümkündür. NATO-nun Yuqoslaviya, Əfqanıstan, Liviya və İraqda etdiklərindən sonra Rusiyanın Xəzərdə güc tətbiq etməsinin qarşısını alacaq hansısa mənəvi və hüquqi maneələr yoxdur".

Xatırladaq ki, daha əvvəl analoji fikirlər Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru Konstantin Simonov tərəfindən də səsləndirilib. Onun sözlərinə görə, "Transxəzər" qaz kəmərinin Türkmənistanın icazəsi ilə tikintisi Xəzəryanı ölkələr arasında sazişlərə ziddir və Rusiyanın onun başlanğıcına reaksiyası çox sərt ola bilər.

Ekspert hesab edir ki, Rusiyanın "Transxəzər" qaz kəmərinin tikintisinə reaksiyası Xəzərdə hansısa bir hərbi münaqişəyə qədər özünü ən sərt şəkildə göstərə bilər. İndiki halda konkret olaraq rəsmi Aşqabadı hədəfə alan ekspert bildirir ki, Türkmənistan Vaşinqton və Brüsselin dəstəyinə baxmayaraq, risk etməyə hazır deyil. "Mən görürəm ki, Avropa və Amerika məmurları, ekspertlər bu gün Türkmənistanı bu tikintiyə başlamağa razı salırlar. Mən həmçinin Türkmənistanın bunu sözdə etməyə hazır olduğunu görürəm, ancaq mən onu da görürəm ki, o buna başlamır. Deməli, Aşqabad anlayır ki, vəziyyət eynilə 2008-ci ilin avqustunda Gürcüstanda olduğu kimi olacaq. O zaman Gürcüstanı da qoruyacaqlarına söz vermişdilər, hansısa zəmanətlər vəd etmişdilər. Sonda nə baş verdi? Heç kim müdafiə etmədi, Rusiya cavab verəndə isə Vaşinqton tərəfdaşları Saakaşvilini atdılar və iş az qala Tiflisin alınması ilə bitmişdi. Türkmənistan Xəzərdə vəziyyəti bu həddəmi çatdırmaq istəyir? Əgər belədirsə, gəlin "Transxəzər"in tikintisinə başlayaq və Rusiyanın hərbi cavabını gözləyək. Düşünürəm ki, o özünü çox gözlətməyəcək".

Əsgər CAVADOV

Sizin Reklam Yeriniz