Əlaqə Arxiv
news Image
2017.11.13
09:42
| A A A
Qarabağ münaqişəsi erməni ordusunun axırına çıxır
İbrahim Rüstəmli: “Dinc erməni əhalisi illərdir öz kürəyində ağır yük hesab etdiyi Qarabağ problemini sabaha daşımaq zorunda deyil”

Ermənistanda tələbələrin “Hərbi xidmət və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası artıq silsilə xarakter daşıyır. Mitinqdlərə toplaşan tələbələrə töhmət verilməsinə baxmayaraq, onlar İrəvan Dövlət Universitetinin qarşısında öz etirazlarını bildirərək “Mənasız yerə üç il hərbi xidmət edilməsini istəmirik. Bu qanun təhsil imkanlarımızı məhdudlaşdırır” şüarlarını səsləndirirlər. 

Qeyd edək ki, etirazçılar baş nazir Karen Karapetyan, müdafiə naziri Viqen Sarkisyan və təhsil naziri Levan Mkrtçyanla görüşüblər, amma hökumətlə aparılan ikisaatlıq danışıqlar nəticəsiz qalıb. Erməni ekspertlərə görə, etirazçı tələbələrin genişmiqyaslı aksiyasının mütəşəkkil hal almasının səbəbi son zamanlar Ermənistan ordusundakı özbaşınalıq və intihar hallarının daha da artmasıdır. 
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, erməni tələbələrin parlamentin binası qarşısında “Hərbçilərin və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə etiraz aksiyası kifayət qədər ciddi mətləblər üçün ipucudur: “Qarşılıqlı münasibətlər sistemində, gündən-günə daha kəskin şəkildə diqqət çəkən sərt qabarmalar cəmiyyətin əsas aparıcı qüvvəsi sayılan gənclər tərəfindən  güzəştsiz  təpkilərlə  xarakterizə olunur və stimullaşdırılır. İndi onlar  təmsil etdikləri xalqın ən etibarlı tribunası,  əsas söz sahibi  qismində çıxış edir. 
Əslində, baş verən hadisələrin ümumi fonunda  vəziyyətin aybaay, ilbəil  gərginləşəcəyini ehtimal etmək  məntiqin danılmaz gerçəkliyinə çevrilmişdi və tamamilə gözlənilən idi. İllərlə davam edən müşahidələrimiz  öz başlanğıcını bu gerçəkliyin “start” nöqtəsindən götürür. Torpaqları yağmalanmış Azərbaycan üçün burada düşmən düşərgəsinin düzənini müəyyənləşdirəcək, bu düzənin ən zəif yerlərinə ayna tutacaq ciddi faktlar yer alıb.  Dinc erməni əhalisi illərdir öz kürəyində ağır yük hesab etdiyi  Qarabağ problemini sabaha daşımaq zorunda deyil. Bu xüsusda onun S. Sarkisyan iqtidarına ünvanladığı mesajlar sadədən mürəkkəbə, ibtidaidən aliyədək ağır mərhələlərdən keçib, ideoloji faktorlarla ölüm-dirim savaşına atılıb və hər dəfə öz mövqeyini qismən möhkəmləndirib. Bununla da, rəsmi İrəvanın siyasi prioritentlərinin təməl sütunlarına ağır zərbələr endirmiş olub.  Çünki bu prioritetlərin dövlətçilik prinsipinə söykənməsi məsələsi artıq sadə əhali tərəfindən də konkret fakrlara əsaslanan şübhələrlə, ciddi etirazlarla, bir sözlə, inamsızlıqla qarşılanır. İqtidar komandasının heç bir üzvü isə özünü bu şübhələrin qarşısını almaq zorunda görmür. Hər dəfə siyasi karyera naminə atılan bütün dekorativ addımlar  cəmiyyət tərəfindən birmənalı şəkildə növbəti məkrli illüziya kimi dəyərləndirilir. Məsələn, noyabrın 7-də Ermənistanın müdafiə naziri Vigen Sarkisyan tələbə hərəkatının nümayəndələrini qəbul edib. Lakin bu, erməni tələbələrin elan olunmuş növbəti etiraz aksiyasına adekvat cavab kimi qarşılanmayıb, çünki “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvləri görüşdə iştirakdan boyun qaçırıb.  
Erməni saytlarında “Kiçik maxinasiyalar və böyük yalanlar: Vigen Sarkisyanın növbəti fiaskosu” kimi dəyərləndirilən bu görüş bədbin notlarla şərh olunub: “Vigen Sarkisyanın taktikası aydın idi: O, mübahisənin çoxluqla azlıq arasında getməsi barədə illüziya yaratmaq istəyirdi. Çünki əgər çoxluq - qiyama qalxmış tələbələr Müdafiə Nazirliyinə gəlsəydi, azlıq - hakimiyyətin komsomolçuları bir-birinin sözünü kəsə-kəsə guya Müdafiə Nazirliyinin “vətənpərvərlik” təşəbbüsünü dəstəkləmək məqsədilə Vigen Sarkisyanı tərifləyəcək, bununla da, onlara danışmaq imkanı verməyəcəkdi. Yəni, tələbə hərəkatının rəhbərləri o qədər ehtiyatlı dəbərdilər ki, Vigen Sarkisyanın təbliğat piarında iştirakdan imtina etdilər”. Bundan dərhal sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orsrun Ovannisyan isə sosial şəbəkələrdə paylaşdığı statusla vəziyyətin daha da gərginləşdiyinə, ümidsizliyin bir qədər də artdığına ciddi eyham vurdu: “Təəssüf,  “Elmin inkişafı naminə” təşəbbüs qrupu bizim təklifimizi yerə saldı. İkiqat  təəssüf doğuran məqam isə budur ki, qrup müdafiə nazirilə görüşmək istəsə də, bu görüşdən imtina etdi. Digər ali məktəblərin tələbə şurasının iki üzvünə də hər qrupdan dörd nəfərin görüşdə iştirakı ilə bağlı razılıq verilmişdi, amma onlar da uzun tərəddüddən sonra bu görüşdən boyun qaçırdılar.”
Orsrun Ovannisyanın bəyanatından dərhal sonra 1in.am saytının tanınmış şərhçisi Sarkis Artsruninin özünü çox gözlətməyən cavabı isə kifayət qədər sərt oldu! Gərgin məqamlarla izlənilən bir şəraitdə Vigen Sarkisyanın hərəkətlərinə heyrətləndiyini dilə gətirən  müəllif,  əsas diqqəti müdafiə nazirinin bir-birini izləyən kobud səhvlərinə yönəltməklə  onun siyasi karyerasının şübhə altında qaldığınu bildirdi: “Belə getsə, Vigen Sarkisyan yaxın vaxtlarda öz vəzfəsilə vidalaşmalı olacaq. Çünki tələbələrin haqlı səsinə dəstək vermək əvəzinə, onların dialoqdan yayınması haqqında süni təsəvvür yaradılır. Hər halda, nazirliyin mətbuat xidməti rəhbərinin son statusu belə düşünməyə əsas verir. Gerçəkdə isə irəli sürülən tələblər nazirlə görüşdə əsas müzakirə mövzusu kimi müəyyənləşdirilməmişdi. Əks-təqdirdə nazir “Elmin inkişafı naminə” təşəbbüs qrupu ilə ayrıca görüş təyin etməli idi. O isə tələbə şurasının rəhbərlərini - iqtidarın “komsomol”çularını seçdi!..”
Nəticədə İrəvan Dövlət Universitetinin tələbələri noyabrın 7-ni etiraz tətili günü elan edərək dərsə getmədi. “Möhlət olacaq!”, “Müəllimlər, bizə qoşulun!”, “Mənasız yerə üç il hərbi xidmət etmək istəmirik”, “Bu qanun təhsil imkanlarımızı məhdudlaşdırır” kimi şüarlar səsləndirildi. Mitinqdlərə toplaşan gənclərə töhmət verilməsi isə gərginliyi azaltmadı, əksinə, ehtirasları daha da qızışdırdı. 
Çünki bütün bunlar əslində, aysberqin yalnız görünən tərəfidir. İddiaların əsas predmeti daha ciddi səbəblərdən qaynaqlanır. Erməni tələbə gəncləri möhlət hüququnun ləğvi ilə bağlı tələblərində yalnız gələcək karyeralarının şübhə altında qaldığını diqqətə çatdırmır, ümumiyyətlə, orduda xidmət etmək istəmədiklərini bildirirlər. Ermənistan iqtidarının bundan xəbərsiz olduğunu “düşünənlər” isə hər gün bu gənclərin daha sərt təpkisilə geri çəkilməyə vadar edilir. O üzdən ixtisaslaşmış ekspertlər də vəziyyətin daha kritik hal alacağına eyham vurur, axının güclənəcəyini labüd proses kimi xarakterizə edirlər. Çünki etiraz dalğasının arxasında orduda baş verən və gündən-günə artan özbaşınalıq, ölüm halları, başıpozuqluq dayanır. Heç kim bu prosesin qurbanına çevrilmək istəmir. Hətta ordudan təxis olunanlar da xidmət illərinin acı xatirələrinin təsiri altında uzun müddət özünə gələ bilmir, mənəvi-psixoloji təzyiq altında çırpınırlar. Bu mənada nüfuzlu hərbi ekspert kimi tanınan Cavid Camalyanın son açıqlaması xüsusilə diqqəti çəkir: “Etirazçı tələbələrin genişmiqyaslı aksiyasının mütəşəkkil hal almasının gerçək səbəbi son zamanlar Ermənistan ordusundakı özbaşınalıq və intihar hallarının daha da artmasıdır.”
Beləliklə, gənlər hərbi xidmətdən boyun qaçırmaqla əslində, ordunun komplektləşdirilməsi prosesini də ciddi problemlərlə üz-üzə qoyur. Bir tərəfdə öz yaşam haqqını qorumağa çalışan gənclər, digər tərəfdə isə siyasi karyerasını mühafizə edən, xalqın haqqını yeyən iqtidar dayanıb. Ermənistan camiyəsində gərgin hüquqi döyüşlər gedir. Bu döyüşlər yad yurdunda – Qarabağda süni təmas xəttini – səngərləri asta-asta torpaqla doldurur. Dayaz səngərlər isə öz haqqı uğrunda döyüşən Azərbaycan xalqının hücumlarına çətin tab gətirər”. 
Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz