Əlaqə Arxiv
news Image
2017.11.14
18:04
| A A A
Prezident İlham Əliyev: Bir çox ölkələr üçün Azərbaycanın maliyyə vəziyyəti əlçatmazdır

Bir çox ölkələr üçün Azərbaycanın maliyyə vəziyyəti əlçatmazdır.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq: "Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaqdır. Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir. Ona görə növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək".

İlham Əliyev əlavə edib: "Ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı bizim çox aydın hədəflərimiz var. Neft-qaz sahəsində bütün vəzifələr icra edildi. "Azəri-Çıraq-Günəşli" kontraktının müddəti uzadıldı. "Cənub Qaz Dəhlizi"nin icrası da uğurla gedir. Əminəm ki, gələn il biz TANAP layihəsinin açılışını qeyd edəcəyik".

Prezident deyib ki, bütövlükdə "Cənub Qaz Dəhlizi"nin tamamlanması 2020-ci ildə nəzərdə tutulur: "Mən burada da heç bir problem görmürəm. Sadəcə olaraq biz qrafik üzrə getməliyik. Avropa İttifaqı da Azərbaycanı bu layihənin həyata keçirilməsində aparıcı ölkə kimi tanıyır. Doğrudan da bizim bu layihənin icrasında rolumuz danılmazdır və aparıcıdır.

Nəqliyyat sahəsində. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra əsas səylərimiz onunla bağlı olacaq ki, biz yüklərin həcmini artıraq. İndi biz bu məsələ üzərində çalışırıq. Bununla yanaşı, "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz ərazimizdə demək olar ki, bütün işləri gördük. İndi bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarımızı ortaya qoymağa hazırıq. Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, bizim həm siyasi, həm iqtisadi maraqlarımızın təmin edilməsində çox mühüm rol oynayacaq".

Sizin Reklam Yeriniz