Əlaqə Arxiv
news Image
2017.11.16
08:00
| A A A
Avropanın Azərbaycana ehtiyacı artır
Zəfər Vəliyev: “Avropa Birliyinin yaxın perspektivdə prioritet saydığı enerji layihələrindən biri “Cənub Qaz Dəhlizi”dir” Fuad Rəsulov: “Şimal axını-2” layihəsinin gerçəkləşməməsi fonunda Qərb digər layihələrədn bəhrələnəcək”

Avropada Rusiya Federasiyasını "Şimal axını-2" layihəsindən imtina etməyə məcbur etməyə çalışırlar. Bunu Rusiyanın baş naziri Dmitri Medvedyev deyib.

“Bu, bizim ölkəmizə təzyiqdir. Avropa Birliyinin bəzi ölkələri bizi “Şimal axını”nın ikinci hissəsinin tikintisindən imtinaya təşviq edir. Bu layihənin həyata keçirilməsinə olan yanaşmamız dəyişməz qalır. Bu, heç bir siyasi vasitə deyil. Bu, sadəcə, normal kommersiya layihəsidir”, - deyə Medvedyev bildirib.
Qeyd edək ki, “Şimal axını-2” layəhəsinin baş tutma ehtimalı azdır. Bu fonda da Avropa özünü mavi yanacaqla təmin etmək üçün başqa mənbələrə müraciət etməli olur ki, bu mənbələr sırasında da heç şübhəsiz Azərbaycan ilk yerlərdən birini tutur. TAP, TANAP layihələrinin gerçəkləşməsilə Avropa özünün qaza  olan tələbatının müəyyən hissəsini məhz Azərbaycan qazı hesabına ödəyəcək. Həmçinin perspektivdə gözlənilən  "Transxəzər " layihəsinin həyata keçməsilə Avropaya Azərbaycandan keçməklə Orta Asiya qazı da axacaq.
Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, Avropa artıq “Şimal axını-2” layihəsinin reallaşmamasına nail olub: “Avropa Birliyinin yaxın perspektivdə prioritet saydığı enerji layihələrindən biri də “Cənub Qaz Dəhlizi” layihəsidir. Onların bu layihəni prioritet hesab etməsi ilə Rusiyanın qaz ixrac layihələri ümumən təhdid altına düşmüş olur. 
“Şimal axını-2” layihəsilə bağlı artıq həm ABŞ, həm də Vaşinqtonun Avropa Birliyindəki müttəfiqləri onun gerçəkləşməsinə açıq şəkildə yox deyiblər. Çünki “Şimal axını-2” layihəsi Avropa Komissiyasının qəbul etdiyi üçüncü enerji paketinin şərtlərinə cavab vermir. 
İkinci bir tərəfdən, bir neçə gün öncə Avropa Komissiyası üçüncü enerji paketinə əlavə dəyişikliklər etdi. Ona qaz direktivi deyilir. Belədə isə “Şimal axını-2” layihəsinin gerçəkləşməsi artıq sual altına düşür. Bu baxımdan da Avropa dövlətlərinin enerji mənbələrinlə təmin edilməsi istiqamətində alternativ mənbələrə baş vurulur. Bunlardan biri də “Cənub Qaz Dəhlizi”nin qəbul olunmuş qrafik üzrə sənaye istismarına verilməsidir. Digərləri isə, Avropa Birliyi ölkələri ərazisindəki sıxılmış təbii qaz terminallarının iş rejiminin genişləndirilməsi, AB-yə üzv dövlətlər arasında interkonnektorların, yəni birləşdirici qaz kəmərlərinin daha da inkişaf etdirilməsi və mərkəzləşdirilmiş təchizat sisteminin yaradılmasından ibarətdir. Artıq bütün bunlara nail olunub. Ona görə də, “Şimal axını-2” layihəsinin sual altına düşməsi heç də Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təhdid altına almır. 
Proqnozlara görə, gec-tez Rusiya Ukrayna üzərindən qaz təchizatını davam etdirməli olacaq. Eyni zamanda, yaxın dövrlərdə Moskva “Şimal axını-2” layihəsinin inşasından imtina edəcək. Çünki Rusiyaya tətbiq olunan sanksiyalar Moskvanın həmin layihəni maliyələşdirmək imkanlarını sual altına alır. Belədə Rusiya şirkətlərinin Avropa və Amerikanın maliyyə qurumlarına çıxış imkanları məhdudlaşır. Çünki əvvəllər 90 gün müddətində kreditləşmə nəzərdə tutulmuşdusa, indi bu müddəti 60 günə qədər endiriblər. Nəticədə Rusiya “Qazprom” şirkətinin dünya maliyyə qurumlarına çıxışı heçə enəcək”. 
Xəzər Universitetinin professoru, neft-qaz geosiyasəti üzrə mütəxəssis Fuad Rəsulov isə vurğuladı ki, “Şimal axını-2” layihəsinin gerçəkləşməməsi fonunda Qərb digər layihələrədn bəhrələnəcək: “Avropanın Rusiyanın həyata keçirmək istədiyi “Şimal axını-2” layihəsinin reallaşmasına imkan verməməsi sözsüz ki, Qərbin Moskvaya tətbiq etdiyi sanksiyaların davamıdır.  
Aydın məsələdir ki, “Şimal axını-2” layihəsinin tikintisinə Rusiya böyük xərc çəkib. Ona görə hər bir halda ola bilsin, bu tikinti axıra çatdırılsın. Çünki tikintinin tam dondurulması düzgün olmaz. Çünki ortada razılıq olub ki, Rusiya da bu istiqamətdə tikintiyə başlayıb. Sadəcə, “Qazprom” şirkətini səhmlərinin bir hissəsini Avropa şirkətlərinə satmağa məcbur edəcəklər.  Digər tərəfdən, 15-20 ilə Avropanın qaza ehtiyacı xeyli dərəcədə azalacaq. Çünki “köhnə dünya”  ölkələri alternativ enerji resurslarından istifadə etməyi qarşılarına məqsəd qoyublar. 
Digər tərəfdən, unutmayaq ki, Azərbaycanla bağlı olan TAP və TANAP-la yanaşı, Rusiyanın da bizim borular vasitəsilə Türkiyədən keçməklə Avropaya qaz nəql etməsi mümkündür. Nəhayət, Avropa Şimali Afrika və Amerikadan da qaz alacaq. Belədə, Avropanın “Şimal axını-2” layihəsi dondurulduğu fonda çətinlik çəkəcəyini düşünmürəm. Azərbaycana isə bu mənada ciddi təsiri olmayacaq”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz