Əlaqə Arxiv
news Image
2017.11.17
08:00
| A A A
Ermənistan sərt hərbi xəbərdarlıq aldı
Elman Məmmədov: “Son sözü Azərbaycan əsgəri deyəcək və torpaqlarımız işğaldan azad olunacaq”

Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı Ermənistana sərt xəbərdarlıq etdi:  ”Biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir.

Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”. 
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistan ona yönələn xəbərdarlıqdan nəticə çıxarmayacağı təqdirdə onu darmadağın olunmaq və daha ağır duruma düşmək təhlükəsi gözləyir: “Ermənistanda hakimiyyətdə olan ünsürlər Azərbaycanın işğalla barışmayacağı və düşməni darmadağın edəcəyilə bağlı səsləndirdiyi xəbərdarlıqdan özlərini hansı fəlakətin gözlədiyini dərk edə bilmirlər. Yaxud da dərk edirlər, amma onlara sərf etmir. Çünki Ermənistanda hakimiyyətdə olanların əksəriyyəti hərbi canidir. Xeyli hissəsi də kriminal aləmin adamlarıdır. Onlar belə xəbərdarlıqlara, Ermənistan və onun xalqını gözləyən ağır günlərə bir növ biganədirlər. Yəni, onlar üçün bunun fərqi yoxdur, ona görə də bildiklərini edirlər. 
Düşmən ədalətli həll yoluna gəlsə və xəbərdarlıqdan nəticə çıxartsa, hakimi rejimin siyasi varlığı məhv olacaq.  Çünki onlar hərbi cani və cinayətkar dəstələrin üzvləridir, normal insanlar deyillər. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan torpaqları işğaldan azad etmək üçün günü-gündən güclənir. Bu güclənmə də özünü bütün sahələr üzrə göstərir. İqtisadi, siyasi, diplomatiya, hüquq müstəvisində daha da güclənirik. Bunun müqabilində də ölkəmizin hərbi gücü artır. Azərbaycan hazırda dünyanın ən müasir silah istehsalçıları olan dövlətlərlə əməkdaşlıq edir. Ordumuzun silah-sursat arsenalı günü-gündən təkmilləşir, yeniləşir. Azərbaycan əsgərinin qələbə əzmi, və ruhu var. Əsgərlərimiz fiziki və hərbi hazırlıqlarını da günü-gündən təkmilləşdirirlər. Bunun müqabilində təbii ki, cırtdan dövlətin qarşımızda tab gətirməyə gücü olmayacaq. Ona görə də erməni xalqı xəbərdarlıqlardan nəticə çıxartmalıdır. Ermənilər içərisində də ağıllı, düzgün düşünən, ətraf, regionda və beynəlxalq aləmdə baş verən hadisələri düzgün dəyərləndirməyi bacaran insanlar var. Onlar xalqı ayağa qaldırıb İrəvanda oturan cinayətkar ünsürləri süpürüb atmalı və özlərinə normal, düzgün fikirləşən, ağılı özündə olan insanlar seçməlidirlər.Əks təqdirdə nəticəsiz danışıqlar sonsuza qədər davam etməyəcək. Prosesin belə davam etməsi heç ermənilərə sərf etmir. Son nəticədə sözü Azərbaycan əsgəri deyəcək və torpaqlarımız işğaldan azad olunacaq”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz