news Image
2017.10.04
21:15
| A A A
Antiazərbaycan dairələrin sifarişini icra edənlər
Elşən Manafov : “Həmin şəxslərin Azərbaycan hüdudlarından kənarda keçirdiyi aksiyalar, xüsusən erməni diasporunun maliyyələşdirdiyi bəzi qruplarla işbirliyi həyata keçirmələri müəyyən siyasi dalğa üzərində qalmaq istəyindən irəli gəlir” Elçin Mirzəbəyli: “Bu vəsaitlər əksər hallarda ermənilərin aktiv şəkildə iştirak etdiyi donor təşkilatlar tərəfindən verilir”

 Proseslər göstərir ki, radikal müxalifətin təmsilçiləri olan, yaxud da bu düşərgəyə yaxınlığı ilə seçilən, sonradan Azərbaycanı ataraq Avropaya qaçan  şəxslər  üçün Vətən anlayışı gedərək daha arxa plana keçir. Adətən, Avropada antiazərbaycan dairələrin sifarişini həyata keçirən bu cür şəxslər ölkəmizin milli maraqlarını hər an satmağa hazır olduqlarını əməlləri ilə dəfələrlə sübuta yetiriblər. Belələləri keçirdikləri müxtəlif görüşlərdə, təşkil etdikləri aksiyalarda Azərbaycanın üzləşdiyi problemləri, məsələn, Dağlıq Qarabağ münaqişəsini qabartmaq əvəzinə, daha çox Azərbaycana hədyanlar yağdırmaqla məşğuldurlar. Qeyd edilənlərin real təsdiqini bu günlərdə Bonnda  aksiya təşkil edən Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri adlanan birlyin sədri  Sevinc İskəndərova, özünü ictimai fəal adlandıran Könul Əmirovanın əməllərində də aydın sezmək olar. Əldə edilən məlumatlar göstərir ki, sözün əsl mənasında xəyanətkar bir mövqedən çıxış edən bu şəxslər əsas diqqətlərini sadəcə, Azərbaycana iftira atmaqda, bir vaxtlar onları böyüdən Vətən haqda qəbuledilməz böhtanlar səsləndirməkdə görüblər. Amma nədənsə, bu şəxslərin yadına Qarabağ münaqişəsi, yüz minlərlə qaçqın və məcburi köçkün düşməyib.   Halbuki, hətta bir vaxtlar Almaniya kansleri Angela Merkellə görüşmək imkanı qazanan Sevinc İskəndərova yüksək səviyyədə bu problemi qaldıra bilərdi. Amma görünür, onun kanslerlə görüşünü təşkil edənlər buna lüzum görməyiblər. Əksinə, ona Azərbaycan haqda olmazın iftiralar səsləndirmək tapşırılıb və həmin şəxs də qeyd edilən aksiyada səsləndirdiyi fikirlərlə bu tapşırığı can-başla yerinə yetirməyə hazır olduğunu bir daha nümayiş etdirib. Aydındır ki, belə şəxslər şəxsi maraqlarına görə Avropada Azərbaycanı stamaqla məşğuldurlar. Amma belə çirkin əməlləri ilə də Azərbaycanın nüfuzuna, onun beynəlxalq miqyasda qazandığı hörmətə xələl gətirdiklərinin heç fərqində də deyillər. İstisna deyil ki, bu cür şəxslər ölkənin radikal müxalifəti ilə sıx bağlıdırlar. Əli Kərimli, İsa Qəmbər və digər radikal müxalif rəhbərlərinin də Avropada sifarişlərini yerinə yetirmələri qətiyyən istisnalıq təşkil etmir. Elə adları çəkilən radikal müxalifət rəhbərləri də bir dəfə olsun xaricilərlə görüşlərində, eləcə də təşkil etdikləri mitinqlərdə Dağlıq Qarabağ münaqişəsinə toxunmurlar. Əvəzində, onlar da Azərbaycana, ölkə hakimiyyətinin uğurlarına çamur, çirkab atmaqla məşğuldurlar. Nəticədə xalq belə insanlardan üz döndərib, radikal müxaliftəin sosial bazası tam yox olmaq həddinə çatıb. Bu düşərgədə yer alanların əksəriyyəti isə maddi maraqlarına görə Avropaya qaçıb Azərbaycanı əcnəbilərə satmaqla, ölkəmizə qarşı olan dairələrin, erməni lobbisinin sifarişlərini icra etməklə məşğuldurlar. Amma nədənsə, Qarabağ məsələsini bir dəfə də olsun gündəmə gətirmirlər. 
Politoloq Elşən Manafov bildirdi ki, Azərbaycan müxalifətinin məlum kəsimi üçün Qarabağ məsələsi bir o qədər də aktual əhəmiyyət kəsb edən məsələ deyil: “Müxalifətin məlum kəsimi Azərbaycanda hakimiyyətlə bağlı maraqlarını ayrı-ayrı beynəlxalq güclərin bölgədəki geosiyasi maraqları kontekstində həyata keçirməyə hesablayır. Bu da ondan irəli gəlir ki, müxalifət Azərbaycan hakimiyyəti ilə mübarizədə kifayət qədər acizdir. Müxalifətin ciddi elektoral və sosial bazası yoxdur. Kifayət qədər maliyyə resurslarının olmaması da onların media resurslarının məhdudluğundan xəbər verir. Bu mənada müxalifətinin bəzi təmsilçiləri artıq ölkədə hakimiyyətlə mübarizədə perspektiv imkanlarının olmadığını nəzərə alaraq, xaricə üz tutur. 
Orada bölgədə, Azərbaycanda maraqları olan müəyyən dairələrin diqqətini cəlb etmək, maliyyə dəstəyi almaq üçün aksiyalar keçirirlər. Bu aksiyalarda Qarabağ probleminin diqqət mərkəzindən kənarda qalması və bunun müqabilində Azərbaycanda guya insan hüquq və azadlıqları sahəsində problemlərin olması ilə bağlı səslənidirilən fikirlər həmin müxalifət təmsilçilərinin şəxsi maraqlarından irəli gəlir. Bu mənada o müxalifət aciz qüvvə təsiri bağışlayır. Müxalifətin məlum kəsiminin iqtidarla mübarizə görüntüsü yaratma cəhdləri perspektivdə onlara heç nə yaxşı vəd etmir. Odur ki, həmin şəxslərin Azərbaycan hüdudlarından kənarda keçirdiyi aksiyalar, xüsusən erməni disporunun  maliyyələşdirdiyi bəzi qruplarla işbirliyi həyata keçirmələri müəyyən siyasi dalğa üzərində qalmaq istəyindən irəli gəlir. Ona görə də onlar üçün Qarabağ problemi görüntü naminə lazımdır. Məqsədləri də bəllidir”.Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, aksiyaların keçirilməsi üçün həmin qüvvələrə müəyyən miqdarda vəsait ayrılır: “Bu vəsaitlər də əksər hallarda ermənilərin aktiv şəkildə iştirak etdiyi donor təşkilatlar tərəfindən verilir. Şübhəsiz ki, bu zaman Qarabağ məsələsi ilə bağlı aksiyanın keçirilməsi onlara qadağan olunur. Bu adamların atdıqları addımların bütün mahiyyəti kooperativ maraqlara xidmət etdiyindən Qarabağ məsələsini gündəmə gətirmirlər. Heç fərqli mövqe də gözləmək lazım deyil. Çünki həmin adamların bir çoxu ermənilərlə eyni mövqedən çıxış edirlər. Azərbaycanın əleyhinə məhz ermənilərin səsləndirdiyi fikirləri səsləndirilər”.Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, bu gün Avropada oturub öz maraqları naminə Azərbaycana qarşı çıxan sapı özümüzdən olan baltalar var. Bunu Bonnda keçrilən aksiya təsdiqlədi. Həmin aksiyanın təşkilatçıları ilə yanaşı, orada iştirak edən Zöhrə Həsən, Azər Kərimov, Qaçay Piryev, Pərviz Abdullayev, Nurlan Əhmədov, Mehri Nəsibova, Nazim Qəhrəmanov, Orxan Abbasov və digər belə şəxslər də sadəcə, Azərbaycana xəyanətkar mövqedən yanaşanlardır. Onlar bu addıma getməklə faktiki olaraq vətən qarşısında cinayət törədiblər. Aydındır ki, belə cinayətkarlar cəzalandırılmalıdır ki, digər Vətən xainlərinə də bu, bir örnək olsun. Düzdür, naxələf çıxan belə şəxsləri əsl azərbaycanlı da adlandırmaq olmaz, heç onların bundan sonra Azərbaycana gəlməsinə də lüzum yoxdur. Amma hər halda belələri Vətən qarşısında borclarını layiqincə yerinə yetirməlidir. Bu cür insanların olmasına rəğmən, Azərbaycan uğurla inkiaşf edir, ölkə yeni-yeni nailiyyətələrə imza atır. Xalq və iqtidar arasında birlik gedərək möhkəmlənir. Eyni zamanda Azərbaycanın bu uğurlarını dünyaya layiqincə çatdıran vətəndaşlarımızın da sayı az deyil. Elə fəaliyyəti günü-gündən güclənən Azərbaycan diaspor qüvvələri qeyd edilənlərin real təsdiqidir.  

Mübariz BAYRAMOV