Əlaqə Arxiv
news Image
2017.11.18
08:00
| A A A
Moskvadan gələn yeni Qarabağ təklifləri
Nazim Cəfərsoy: “Lavrovun səfəri fonunda əsas müzakirə mövzularından biri məhz Qarabağ probleminin həll yolları olacaq” Qabil Hüseynli: “Putin də Dağlıq Qarabağ məsələsinin həllini istəyir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftənin əvvəlində Azərbaycan və Ermənistana səfər edəcək. Bu fonda fikirlər səslənir ki, o, Qarabağ münaqişəsinin həllini nəzərdə tutan yeni təkliflərlə gəlir. 

Qeyd edək ki, bu günlərdə Soçidə baş tutan Rusiya və Türkiyə dövlət başçılarının görüşündə Dağlıq Qarabağ məsələsinə də toxunulduğu bildirilir. Ən azından Türkiyə Prezidenti rəcəb Tayyip Ərdoğan həmin səfərdən sonra verdiyi açıqlamada Vladimir Putinlə bu məsələni də müzakirə etdiyini bəyan edib. Lavrovun bölgəyə səfəri isə məhz sözügedən görüşdən sonra reallaşacaq. Bu əsasda da səslənən fikirlərə görə, Rusiya XİN-in rəhbəri gələrkən münaqişə tərəfləri qarşısında Dağlıq Qarabağ konfliktinin həllini nəzərdə tutan yeni təkliflərlə çıxış edəcək.  Bu iddialar nə dərəcədə reallığı əks etdirir?
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Cəfərsoy məsələ ilə bağlı konkret fikir bildirməkdə çətinlik çəkdiyini diqqətə çatdırdı: “Əlimizdə təbii ki, Rusiya xarici işlər nazirinin bölgəyə səfəri fonunda Qarabağ münaqişəsinin həllilə bağlı yeni təkliflərlə gəlib-gəlməyəcəyi barədə konkret məlumatlar yoxdur. Ancaq aydın məsələdir ki, Lavrovun bölgəyə səfəri fonunda əsas müzakirə mövzularından biri məhz Qarabağ məsələsi, problemin həll yolları olacaq. Bu səfərlə həm Bakı, həm də İrəvanın fikirlərini öyrənmək və belədə onlara müəyyən təkliflərin  təqdim edilməsi gözlənilə bilər. Bu əsasda da müəyyən iddialar səslənir ki, o münaqişənin həlli istiqamətində yeni təkliflərlə gələcək. 
Ümumiyyətlə, onu qeyd edim ki, Rusiya liderlərinin regionumuza səfərləri zamanı Qarabağ probleminin müzakirəsi 25 ildir ərzində şimal qonşumuzun ənənəvi siyasəti olub. Bu mənada istisna olunmur ki, Lavrovun hər səfərlərində sözügedən məsələ də müzakirə olunsun.  Aydındır ki, Azərbaycan və Ermənistan üçün ən əhəmiyyətli məsələlər sırasında Qarabağ məsələsi durur. Regionda sülh və təhlükəsizliyin təminatı baxımından da Qarabağ məsələsi əsas problem olaraq qalır. Rusiyanın bu məsələni gündəmə gətirməsi həmçinin Moskvanın regionda aktiv fəaliyyət göstərməsinin bir nümunəsidir. Heç kimə sirr deyil ki, son zamanlar Rusiyanın həm beynəlxalq arenada, həm də MDB məkanında aktivliyi artıb. Bu aktivliyin bir nümunəsi olaraq da son dövrlər Rusiya Qarabağ məsələsində ən fəal fəaliyyət göstərən aktor rolunda çıxış edir. Amma hələlik bu aktivliyin konkret nəticələri ortalıqda yoxdur. Ola biləcəyini də söyləmək çətindir. Bütün hallarda Türkiyə ilə Rusiya dövlət başçılarının görüşü, ardınca Azərbaycanla Rusiya rəsmiləri, habelə Moskva ilə Ermənistan rəsmilərinin görüşü Lavrovun bölgəyə gəlişi fonunda yeni təkliflərlə çıxış edəcəyi xəbərlərini müəyyən qədər doğru edib. Yəni ola bilsin, bu görüşlərdə Qarabağ məsələsi də gündəmə gətirilib. Bu fonda Lavrovun bölgəyə gəlişi ola bilsin başqa məsələlərlə bahəm, Qarabağ problemilə də yaxından əlaqəlidir”.
Politoloq Qabil Hüseynli Lavrovun münaqişənin həlli istiqamətində hansısa təkliflərlə gələcəyini düşünmür: “Ərdoğanın Soçidə Putinlə görüşdən sonra Ankarada verdiyi brifinqlə tanış olduq. O da ehtiyatla bildirdi ki, Putin də Dağlıq Qarabağ məsələsinin həllini istəyir. Amma məsələnin çox çətin olacağını da deyir. 
Aydın məsələdir ki, Rusiya problemin öz istədiyi formada həllində maraqlıdır. Azərbaycan torpaqlarının işğalında Rusiyanın böyük rolu vardır. Moskva torpaqlarımızı işğal edərək sanki Ermənistana icarəyə verib. Bu nöqteyi-nəzərdən Lavrovun bölgəyə səfərindən konfliktin həlli istiqamətində hansısa müsbət auranın yaranacağını, bu zaman onun hansısa təkliflərlə çıxış edəcəyini gözləmirəm. Rusiya Azərbaycanın ərazi bütövlüyü məsələsinə birmənalı fikir bildirmir. Yenə də öz müqəddəratını təyin məsələsini lazım gələndə gündəmə atırlar. 70 il bundan əvvəl rusların köməyilə əzəli Azərbaycan torpaqlarına gətirilənlər üçün öz müqəddəratını təyin etmək prinsipinin tətbiqi heç bir halda keçərli ola bilməz. Abxaziya və Cənubi Osetiya bunu istəyə bilər, çünki yerli əhali uzun əsrlərdir ki, orada yaşayır. Amma burada yaşamayan və Qərbi Azərbaycan torpaqları hesabına bir dəfə öz müqəddəratını təyin etdikləri halda, ikinci dəfə yenidən bizim torpaqlar hesabına eyni addımı təkrar etmələri mümkün deyil. Ümumiyyətlə, Rusiyanın destruktiv mövqeyindən əl çəkəcəyinə inamım çox azdır. Rusiya Azərbaycana qarşı münasibətlərdə dostcasına davranmır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz