Əlaqə Arxiv
news Image
2017.11.18
11:40
| A A A
Ermənistanı bürüyən türkiyə əndişəsi
Araz Aslanlı: “Münasibətlər daha da yaxınlaşsa, Ermənistan üçün yaxşı olmayan nəticələr ortaya çıxa bilər” Vüqar Zifəroğlu: “Türkiyə-Rusiya münasibətlərinin yaxılaşması yalnız Qarabağ yox, bütövlükdə region problemlərinin danışıqlar predmeti olması deməkdir”

Məlumdur ki, noyabrın 13-də Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutdu. Bu onların il ərzində artıq beşinci görüşüdür. Ermənistanda iddia olunur ki, Türkiyə Rusiya vasitəsilə Qarabağ məsələsində aktivləşir. Belə vəziyyət isə Ermənistanın mövqelərini əhəmiyyətli dərəcədə zəiflədəcək. Siyasilərin fikrincə, erməni tərəfi  qorxularında haqlıdırlar.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, Ermənistanın ümumi iqtisadi, siyasi hərbi mövqeyi, iddiaları öz potensialına əsaslanmır: “Bu mənada Ermənistan üçün Rusiyanın mövqeyi çox əhəmiyyətlidir. Odur ki, Türkiyə ilə Rusiya münasibətlərinin yaxınlaşması Ermənistanı narahat etməyə bilməz. Ancaq söhbət Rusiyanın bütün mövqelərini dəyişməsindən getmir.

Əgər qlobal məsələlərdə Türkiyə ilə Rusiya əməkdaşlıq etməyə başlayırlarsa, regional məsələlərdə də onların mövqeləri yaxınlaşa bilər. Türkiyə üçün də prinsial məsələlərdən biri Qarabağ münaqişəsidir. Bu mənada Ermənistanın narahatçılığı təbiidir. Hazırda Türkiyə ilə Rusiya ikitərfli münasibətləri tam nəzarətdə saxlamağa çalışırlar. Prezidentlərin görüşləri və danışıqları ondan qaynaqlanır. Eyni zamanda qlobal və regional əhəmiyyətli məsələləri də müzakirə edirlər. Bundan Ermənistan narahatdır. Münasibətlər daha da yaxınlaşsa, Ermənistan üçün yaxşı olmayan nəticələr ortaya çıxa bilər”.

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, ümumiyyətlə, Ermənistan tərəfi həmişə Türkiyə-Rusiya prezidentlərinin görüşünə həyacanla yanaşıb: “Bu da təbiidir. Çünki, “xain xoflu olar” ifadəsi var. Digər tərəfdən, Türkiyə istənilən beynəlxalıq səviyyəli tədbirdə Dağlıq Qarabağ məsələsini gündəmə gətirir. Bu mənada Türkiyə-Rusiya prezidetlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinə də toxunulması təbii haldır.

Nəzərə alaq ki, Türkiyə və Rusiya münaqişədə maraqları olan tərəflərdir. Bu mənada da hər iki ölkə başçısının bu münaqişəni müzakirə etməsi təbii haldır. Türkiyə-Rusiya münasibətlərinin yaxılaşması yalnız Qarabağ yox, bütövlükdə region problemlərinin danışıqlar predmeti olması deməkdir. Eyni zamanda iqtisadi münasibətlər də müzakirə predmetidir. Ermənilər isə hər zaman belə danışıqlarda Qarabağla bağlı narahatlıqlarını büruzə veriblər. R.T. Ərdoğan Rusiyaya  səfər edən kimi erməni mətbuatı həyacan təbili çalmağa başlayır. Nəticədə də erməni cəmiyyəti isterikaya qapanır”.

Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz