Əlaqə Arxiv
news Image
2017.11.18
12:17
| A A A
Ermənistan üçün daralan Qarabağ halqası
Sarkisyanın Rusiya ilə intensiv təmasları erməniləri qorxuya salıb

Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinin dəvətilə Moskvada səfərdə olub. Bu səfərdə Putinin Sarksiyanı Qarabağ məsələsində güzəştlərə vadar etməyə çalışması barədə erməni mediasında iddialar səslənir. 

Hadisələrin gedişindən görünür ki, Qarabağ münaqişəsinin dominantı olan Rusiyanın iştirakı ilə işğal faktı ətrafında bir hərəkətlilik başlayıb. İntensiv danışıqlara Türkiyə prezidenti R.T Ərdoğanın da qoşulması yeni fikirlərə meydan açıb. Bu günlərdə Moskvada MQ həmsədrləri ilə görüşən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun mətbuata müsahibəsində münaqişənin həlli yolunda canlanmanın olmasını təsdiqlədi. Onun dediyinə görə, həmsədrlərlə kifayət qədər ciddi söhbəti olub: “Mən danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv və substantiv keçdi. Münaqişənin həllinə dair konkret məsələləri müzakirə etdik. Təfsilata varmayacağam, çünki bu görüşlərimizi ATƏT Xarici İşlər Nazirlərinin dekabrın əvvəllərində nəzərdə tutulmuş Vyana toplantısı çərçivəsində davam etdirmək barədə qərara gəlmişik. Prinsip etibarı ilə ideyalar var. Həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər. Mənə həmişə sual verirlər ki, biz hansı plan üzrə işləyirik? Cavab verirəm ki, 2004-cü ildən Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Təbii ki, onların bir hissəsi həmsədrlərin dediyi 6 bənddən ibarət təkliflərdir”.

E.Məmmədyarovun diksiyası nizamlama prosesinin ölü nöqtədən tərpəndiyini təsdiqləyir. Digər tərəfdən Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın bəyanatında Azərbaycanın Rusiyanın strateji tərəfdaşı adlandırması ermənilərin təşvişini artıraraq çaxnaşmaya çevirib. Axı, dünənə qədər onlar Rusiyanı özlərinə arxa bilir, özlərini Qafqazda Rusiyanın yeganə müttəfiqləri sayırdılar. İndi isə Azərbaycan şimal qonşusuna strateji tərəfdaş olub. Vəziyyətdən doğan bu anonslar özlərindən bədgüman erməniləri dalana dirəyib.

Məsələ burasındadır ki, Azərbaycanın siyasi cəbhə boyu geniş formatda hücumu ermənilərin basaratını bağlayıb. Onlar ya indi masa arxasında oturub real işlərdən danışmalı, ya da müharibənin alovlanmasını göz altına almalıdırlar. Azərbaycan XİN rəhbəri həmsədrlərlə söhbəti barədə açıq danışıb: “Bu gün hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdı, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin. Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır”.

Bütün bunların fonunda erməni cəmiyyətinin təşvişini anlamaq olardı, əgər erməni siyasi hakimiyyətinin daim “kələkbazlıq etməsi” olmasaydı. Bizim üçün nə qədər ağrılı olsa da, etiraf etməliyik ki, danışıqların mətbuata açıqlanan məzmunu heç də münaqişənin bu gün yaxud sabah, həm də ədalətli həlli haqda nəticə çıxarmaq mümkün deyil. Azərbaycanla nə qədər yaxınlıq olsa da Kreml heç vaxt heç kimi öz mənafeyindən bir addım qabağa buraxmaz. Qarabağ məsələsində isə onun mənafeyinin güdülməsi ədalətlilikdən xeyli uzaqdır. Bu mənada İrəvandakı təşvişin də həqiqiliyi şübhə altına düşür. Çünki, Moskvanın qarnının altını İrəvanda da yaxşı bilirlər. Sadəcə, bu, Sarkisyanın öz hakimiyyətini möhkəmlətməklə bir neçə aydan sonra baş nazir postunu ələ keçirmək üçün dividentlər qazanmaq üçün həyata keçirdiyi oyundur. Guya buna təzyiq edirlər, amma Rusiya kimi “əjdaha”nın qarşısında “mətinliklə” sinə gərir.

Amma başqa bir həqiqət var ki, Azərbaycan Ermənistanı bütün parametrlər boyunca, Rusiyanı isə imkanı çatan qədər sıxmaqda davam edir. Bunun axırı olmalıdır. Danışıqlardakı canlanma da bu siyasətin nəticəsidir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz