Əlaqə Arxiv
news Image
2017.11.21
07:00
| A A A
Avropa Parlamenti yenə ikili standartlardan çıxış etdi
Elman Məmmədov: “Ermənilər xristian həmrəyliyi nümayiş etdirən avropalıları asan şəkildə yoldan çıxarırlar” Fəzail İbrahimli: “Türkə, müsəlman dünyasına qarşı xristian aləmində laqeyd münasibət hökm sürür”

Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb. Qeyd edək ki, noyabrın 15-də Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddaəratını təyin etməsi məsələsi öz əksini tapıb. Avropa Parlamentinin yenə Azərbaycana qarşı ikili standartdan çıxış etməsi nədən qaynaqlanır? Niyə buna son qoyulmur?

Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, Avropa Parlamenti beynəlxalq qanunların aliliyindən deyil, xristian həmrəyliyindən çıxış etdiyindən hələ də ölkəmizə münasibətdə ikili standart siyasətindən əl çəkmirlər: “Birinci dəfə deyil ki, xaricdəki müəyyən qurumlar erməni lobbisinin təkidi ilə Azərbaycanla bağlı qərəzli mövqe sərgiləyirlər. Belələri təəssüf ki, bu gün də var, gələcəkdə də olacaq. Avropa Parlamentinin bu mənada erməni lobbisinin fəaliyyətilə Azərbaycana qarşı ikili standartlardan çıxış etmədə davam etməsi də onların maraqlarının ermənilər tərəfindən kifayət qədər təmin edilməsi və qərəzli şəkildə  təlimatlandırılmaları ilə əlaqədardır. 
Ola bilsin, avropalı parlamentarilərin başqa maraqları da məhz erməni lobbisi tərəfindən ödənilib. Avropa ölkələrindəki erməni təşkilatları, lobbisi mütəmadi, hərtərəfli iş apararaq, Qərbi Azərbyacan əleyhinə yönəltməyə nail olurlar. Təbii ki, ağlı yerində, əqidəsi düz və ədalətli olanlar bu yola düşmürlər. Ancaq Avropa Parlamentində tamahlarının qurbanı olanlar yollarını azır və ölkəmizə qarşı qərəzli mövqe sərgiləyirlər. Ermənilər həmişə ustalıqla dini məsələlərdən də istifadə ediblər. Bu fonda onlar xristian həmrəyliyi nümayiş etdirən avropalıları asan şəkildə yoldan çıxarmağa nail olurlar. 
Başqa bir tərəfdən, Avropa Parlamenti, istər digərləri olsun, erməni lobbisinin təsiri altında nə qədər deyirlər, qoy desinlər. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ermənilər isə öz müqəddəratını keçən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında təyin etməklə Ermənistan dövləti yaradıblar. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması qeyri-mümkündür, absurddur. Bunu cənab Prezidentimiz həmişə deyir. Avropada isə erməni təhrikilə nə danışırlar, danışsınlar, bunun heç bir əhəmiyyəti yoxdur”. 
Milli Məclisin deputatı Fəzail İbrahimli də düşünür ki, Avropa Parlamentinin Azərbaycana münasibətdə ikili siyasəti xristian təəssübkeşliyindən doğan məsələdir: “Avropa Parlamenti ayrı-ayrı Avropa dövlətlərinin parlamentarilərinin yığıncağıdır. Burada ayrı-ayrı Avropa dövlətlərindən seçilən nümayəndələr təmsil olunur. Hər bir dövlətin də burada niyyət və məqsədləri var. Bu dövlətlər içərisində elələri var ki, erməni lobbisinin onlara təsir imkanları vardır. Onlar erməni mənafeyini müdafiə etməklə özlərinin parlament mənafeyini müdafiə etdiklərini düşünürlər. 
İkinci bir tərəfdən, erməni lobbisinin dəstəklədiyi və onların hesabına parlamentə düşən nümayəndələr var. Bilirsiniz ki, Avropa Parlamentində adətən, arxasında kifayət qədər gücü olan insanlar təmsil olunur. Burada intellekt əsas rol oynamır. Kimin gücü, pulu və imkanı var, onlar da parlamentdə təmsil olunurlar. Məhz erməni lobbisinin təsiri altında olaraq parlamentə düşənlər  quruma toplaşan zaman artıq onların haradan qaynaqlandığı məlumdur.  Bunu artıq dünya, Azərbaycan  dərk edir. Kataloniya İspaniyadan ayrılmaq istəyənləri dərhal məhkəməyə verərək, həbs edirlər. Amma necə olur ki, Dağlıq Qarabağa gələndə, öz müqəddəratını təyin etmə prinsipi yada düşür. Burada xristian dünyasının təəssübkeşliyi özünü büruzə verir.
 Türkə, müsəlman dünyasına qarşı xristian aləmində laqeyd münasibət hökm sürür. Lakin o da həqiqətdir ki, dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 
Azərbaycan Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət vermək istəyindədir. Bundan da böyük addım atıla bilməz. Burada həlledici sözü dövlət başçısı deyir. O da hər dəfə çıxışında bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç cür rəvac verəməyəcəyik. Bununla da məsələyə nöqtə qoyulur. Hansı parlament hansı qərarı qəbul edir, qoy etsin. Artıq Azərbaycan ona münasibətdə həyata keçirilən ikili standartlara öyrəşib. Çünki dünya miqyasında beynəlxalq hüquq yox, güc işləyir. Nə qədər ki, bu belədir, hər cür ədalətsizliklə üz-üzə qala bilərik. Amma torpaq, Vətən, dil məsələlərində Azərbaycan xalqı birdir,  vahiddir, güclüdür”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz