Əlaqə Arxiv
news Image
2017.11.21
09:00
| A A A
Qərb bu dəfə Türkiyəyə xəyanət edir
Elşən Manafov: “Türkiyə NATO və ABŞ-la münasibətlərini, məhz onların günahı üzündən yeni müstəviyə keçirmək məcburiyyətindədir”

ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

Qeyd edək ki, son dövrlər Türkiyə ilə NATO-da təmsil olunan digər tərəfdaşları arasında münasibətlər heç də hamar getmir. Tərəflər tez-tez bir-birini mütəffiqlik münasibətlərinə zidd addımlar atmaqda ittiham edir. Türkiyə hətta Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara belə qoşulmayıb. Keçən ilin iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdinin arxasında bir sıra mənbələrə görə, ABŞ başqa olmaqla Qərbin dayanması fonunda Ankara ilə onun NATO üzrə müttəfiqləri arasında ziddiyyətlər daha da kəskinləşib. Digər tərəfdən ABŞ-ın Yaxın Şərqdə PKK-ya bağıl qüvvələrə hərtəərfli, o cümlədən hərbi dəstək verməsi vəziyyəti pisləşdirir. Bu fonda son dövrlər Ankara ilə Moskvanın yaxınlaşması Qərb dairələrində qısqanclıqla qarşılanır. Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almaq niyyəti isə göründüyü kimi, bu qısqanclığı daha da şiddətləndirib. 
Politoloq Elşən Manafov bildirdi ki, Ankaranın NATO üzvü olmasına baxmayaraq, müstəqil siyasət yürütməsi ABŞ-ı qıcıqlandırdığından onların Türkiyənin Rusiyadan silah almaqla bağlı addımlarına belə qısqanclıqla yanaşırlar: “Əslində, Türkiyənin ABŞ və Avropa Birliyilə münasibətlərində hazırda yaşanan gərginliyin əsas səbəbkarları elə Vaşinqtonla Brüsseldir. Türkiyə NATO-nun üzvüdür. 2015-ci ilin oktyabrında, yəni Türkiyə hava qüvvələri tərəfindən Rusiyaya məxsus hərbi təyyarə vurulduqdan sonra ABŞ-da Ankara ilə Moskva arasında gərginliyin yaşana biləcəyilə bağlı proqnozlar səslənməyə başladı. Təbii ki, bir müddət bu istiqamətdə gərginlik də yaşandı. Yeri gəlmişkən, həmin gərginliyin aradan qaldırılmasında Azərbaycan və Qazaxıstan prezidentlərinin müstəsna xidmətləri oldu. Amma məsələ ondadır ki, gərginlik yaşanan dövrdə nə ABŞ, nə də NATO həmin situasiyadan öz maraqları naminə istifadə edə bilmədilər. Əksinə, ABŞ NATO-ya məxsus hərbi avadanlıq və texnlogiyanın Türkiyə tərəfindən alınması məsələsinə passiv və seyrçi yanaşdı. Nəticə etibarı ilə Ankara ilə Vaşinqton arasında gərginlik daha da yüksəldi. 
Digər tərəfdən, iki ölkə arasında yaşanan gərginliyə çevrilişə cəhddə ittiham olunan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına Vaşinqtonun razılıq verməməsi də ciddi təsirlərini göstərib. ABŞ Ədliyyə Nazirliyinin müxtəlif bəhanələr gətirərək, Güləni qaytarmaqdan imtina etməsi onu göstərir ki, bu insan əslində, ABŞ-ın xüsusi xidmət orqasnları ilə əlaqədə olan bir şəxsdir. Bu fonda ABŞ Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı mübarizədə yəqin ki, bundan sonra da Gülənə dəstək verməkdə davam edəcək. 
Avropa Birliyilə Türkiyə arasında gərginlik də uzun illərdir ki, yaşanır. 40 ildən çoxdur ki, AB Ankaranı öz sıralarına qəbul etmək istəmir. Baxmayaraq ki, Türkiyə AB-nin onun qarşısında qaldırdığı bütün tələb və tövsiyələri yerinə yetirib. Onun nəticəsində Türkiyə qanunvericiliyində ciddi dəyişikliklər edildi. Bununla yanaşı, AB öz qapılarını Türkiyəyə açmaq fikrində olmadığını bir daha keçən il bəyan etdi. AB-nin əsas üzvlərindən olan Almaniyanın erməni diasporasının səyləri nəticəsində  1915-ci il hadisələrinə görə Osmanlı dövlətini ittiham edərək Ankaranı qınaması təbii ki,  Türkiyə Almaniya münasibətlərində gərginliyin kulminasiya nöqtəsinə çatmasına səbəb oldu. Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması üçün Gülənin ABŞ xüsusi xidmət orqanları ilə əlbir olduğu barədə mötəbər mənbələrədn məlumatın alınması fonunda Ankara ilə Vaşinqton arasında da ciddi gərginliklər yaşandı. 
Türkiyə həmçinin  israrla ABŞ-dan tələb edir ki, Suriyada terrorçu PKK-nın qanadlarını maliyyələşdirməyi dayandırsın. Lakin ABŞ-ın buna baxmayaraq, Suriyanın şimalındakı kürd terrorçularına dəstək verərək onları sılahlandırmaqda davam etməsi sözsüz ki, Ankaranın ciddi etirazına səbəb olmalı idi. Son həftə ərzində NATO-nun Norveçdə keçirilən hərbi təlimlərində düşmən hədəfi olaraq Atatürklə Ərdoğanın portretlərinin hədəf seçilməsi AKP iqtidarının qəzəb və nifrətinə səbəb olmaya bilməzdi. 
Ərdoğanın bəyanatından sonra NATO baş katibinin məsələ ilə bağlı verdiyi açıqlamalara baxmayaraq, proses onu göstərir ki, Türkiyə bu hərbi qurum və ABŞ-la münasibətlərini yeni müstəviyə keçirmək məcburiyyətindədir.  Ümumiyyətlə, Qərb bu addımları ilə Türkiyəni sadəcə olaraq, Rusiya ilə əməkdaşlığa məhkum etdilər. Təbii ki, Türkiyə Rusiyaya sığınmayıb. Ankara ilə Moskva arasında müəyyən məsələlərdə fikir ayrılığı qalmaqda davam edir. Düzdür, tərəflər Soçi görüçündə bəyan etdilər ki, siyasi və hərbi sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Həmçinin iqtisadi əlaqələrin artması da hər iki dövlətin maraqları kontekstindədir. Əslində, Türkiyənin NATO ilə əməkdaşlıqdan müəyyən mənada imtina edərək Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməsi təbii ki, Ankaranın blok üzrə müttəfiqlərinin günahıdır. Vəziyyətin bu cür alınmasının məsuliyyəti məhz Qərbin boynuna düşür. Türkiyə ilə Rusiya arasında meydana gələn yaxınlıq isə regional təhlükəsizlik və milli təhlükəsizlik maraqları baxımından Azərbaycan dövləti və iqtidarının maraqlarına cavab verir. Çünki zamanında Moskva ilə Ankara arasında münasibətdəki gərginliyin aradan götürülməsinin əsas təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Türkiyə, Rusiya, İran və Azərbaycanın iştirakı ilə yeni regional təhlükəsizlik koalisiyasının yaradılması da təbii ki, ABŞ-la Qərbi ciddi çəkildə narahat edir. Düşünürəm ki, belə bir regional təhlükəsizlik koalisiyasının yaradılması orada iştirak edən bütün dövlətlərin maraqlarına cavab verir. Ona görə də bu kontekstdə Türkiyənin Qərblə münasibətlərində yaşanan gərginliyin əsas səbəbkarı məhz ABŞ adminstrasiyasıdır”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz