Əlaqə Arxiv
news Image
2017.11.21
13:58
| A A A
Dünənin karvanı sabaha doğru

Noyabrın 21-i müstəqil Azərbaycanın siyasi tarixinin çox mühüm əhəmiyyətə malik olan əlamətdar günlərindən biridir. Bu, Azərbaycanı siyasi böhrandan, tənəzzüldən xilas edərək inkişaf və tərəqqi yoluna çıxaran ümumxalq partiyası olan – Yeni Azərbaycan Partiyasının (YAP) yaranma tarixidir. 1992-ci ildə Yeni Azərbaycançılar uzun bir yola çıxdılar. Bu yolun çıraqbanı isə Ümummilli Lider Heydər Əliyev oldu. Onu bu yola çıxmağa Azərbaycan sevgisi və Azərbaycan xalqı vadar etdi. Bu yolun protokoluna 91 nəfər imza çəksə də, Dahi Liderin şəxsiyyəti qarşısında Ona inananların, sədaqət andı içənlərin sayı milyonlarca idi.

Həmin dövrdə cərəyan edən hadisələrə nəzər saldıqda, əminliklə söyləmək olur ki, YAP-ın yaranması, məhz Azərbaycanın gerçək dövlət müstəqilliyinin əsasının qoyulması deməkdir. Çünki Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsinə qədər ölkəmizin müstəqilliyindən söhbət belə gedə bilməzdi. Xaos, anarxiya, hərc-mərclik, vətəndaş qarşıdurması kimi dağıdıcı proseslərə məruz qalan Azərbaycan dövlətinin nisbi müstəqilliyi də yox idi. Bu dövrdə xilaskarlıq missiyası daşıyan böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlanaraq xalqın dəstəyi ilə hakimiyyətə gəldi və Azərbaycanı düşdüyü mürəkkəb vəziyyətdən xilas etdi. Sabitliyin, təhlükəsizliyin təmin olunması ilə tərəqqinin əsası qoyuldu, Azərbaycanın qarşısında inkişaf üfüqləri açıldı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində bu haqda qeyd edir: “Azərbaycan xalqı o vaxt bir daha öz böyüklüyünü, müdrikliyini göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq.”

Bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası öz fəaliyyətində Ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutur, Azərbaycanı inamlı sabahlara, xoşbəxt gələcəyə aparır. Məhz buna görə də Azərbaycan xalqı mütərəqqi siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasına böyük inam və etimad göstərir, öz dəstəyini partiyamızdan əsirgəmir. Bu, məhz YAP-ın qatıldığı bütün seçkilərdə üstün qələbələr qazanmasını şərtləndirən amildir. Yeni Azərbaycan Partiyası yarandıqdan sonra 1993, 1998, 2003, 2008 və 2013-cü ildə baş tutan president seçkilərində xalqın dəstəyi ilə parlaq qələbələr əldə edib. Son olaraq 2013-cü ildə prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin xalqın dəstəyi ilə möhtəşəm qələbə qazanması dövlətimizin başçısının şəxsi nüfuzunun və YAP-a göstərilən etimad və dəstəyin ifadəsidir. Bununla yanaşı, partiyamızın namizədlərinin bələdiyyə və parlament seçkilərində müvəffəqiyyətlər qazanması YAP-ın qələbələr partiyası olduğunu ifadə edən başlıca göstəricilərdəndir. Bəhs etdiyimiz dövrdə partiyamızın ictimai sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə çıxış etməsi də xüsusi qeyd edilməlidir. 2008-ci ilin dekabr ayında YAP-ın Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək referendumun keçirilməsini təklif etməsi və 2009-cu il martın 18-də baş tutan ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi həm xalqın YAP-a olan inamını təsdiqləyən, həm də Azərbaycanın sonrakı inkişafına mühüm töhfələr verən amil oldu.

Ümumxalq partiyası olan YAP-ın gücü həm ondadır ki, partiya cəmiyyətin ən dinamik təbəqəsi olan yenilikçi və intellektual gəncliyi öz sıralarında birləşdirib. Yeni Azərbaycan Partiyasının gənclərə böyük diqqət və qayğısının nəticəsidir ki, davamlı olaraq yeni nailiyyətlərin altına imza atan gənclərimiz həm də ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil edirlər. Xalqa, dövlətə və partiyaya bağlı olan vətənpərvər gənclərimizi öz sıralarında birləşdirən YAP Gənclər Birliyi öz fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyev sözügedən çıxışı zamanı diqqətə çatdırıb ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.

Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdə qadınlar da fəal iştirak edirlər. YAP Qadınlar Şurasının yaradılması və fəaliyyəti ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında qadınların roluna və təmsilçiliyinə verilən önəmdən qaynaqlanır. YAP Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında öz fəaliyyətini davam etdirir. Bu gün YAP-ın sıralarında 700 mindən çox insan birləşib və qadınlar təxminən 50 faiz təşkil edir. Paralel olaraq onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2013-cü ilin iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın Sədr müavini seçilməsi bu siyasi təşkilatın fəaliyyətinə yeni nəfəs gətirdi. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də qadın siyasətinin inkişafında tarixi xidmətləri böyük əhəmiyyətə malikdir.

Yeni Azərbaycan Partiyası həm də Azərbaycanda mühüm islahatların həyata keçirilməsinə öz layiqli töhfəsini verir, ictimai, siyasi, iqtisadi sahədə reallaşdırılan tədbirlər ölkəmizin dayanıqlı inkişaf müstəvisində qüdrətinin artmasına xidmət edir.

Nəticə etibarilə, partiyamız ötən müddət ərzində böyük inkişaf yolu keçərək bugünkü reallıqları yaradıb, Azərbaycanın müstəqilliyinin və davamlı inkişafının hərəkətverici qüvvəsi olub. Prezident İlham Əliyev vurğulayıb ki, son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.

Yeni Azərbaycan Partiyasının ali məqsədlərə xidmət edən fəaliyyəti nəticəsində əldə edilən nailiyyətlər və davamlı inkişaf gələcəyə nikbin baxmağa əsas verir. Bu, həm də partiya üzvləri qarşısında çox ciddi vəzifələr qoyur. Xalqımız və dövlətimiz qarşısındakı məsuliyyətini çox yaxşı anlayan hər bir partiya üzvü ölkəmizin bundan sonrakı inkişafı üçün də var qüvvəsi ilə çalışacaq, öz intellektual imkanlarını səfərbər edəcək. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində proqram xarakterli nitqi gələcək fəaliyyətimizin əsaslarını təşkil edən başlıca tezislərdir. Dövlətimizin başçısının vurğuladığı kimi, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik: “Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Bir daha yubiley yaşımız mübarək olsun!

Aytac Əliyeva,

YAP Gənclər Birliyinin sədr müavini,

YAP Binəqədi rayon qadınlar Şurasının sədri,

Binəqədi qəsəbə Bələdiyyəsinin sədri

Sizin Reklam Yeriniz