Əlaqə Arxiv
news Image
2017.11.23
07:00
| A A A
Ermənistanın faşist xuntası yenə Qarabağ icmaları arasında görüşə maneə olur
Elman Məmmədov: “Ermənistandakı cinayətkar hakimiyyət erməni icmasına azərbaycanlı icması ilə görüşməyə icazə vermir” Azər Həsrət: “Günahkar ermənilərə başçılıq edən cinayətkar rejimdir”

”Erməni icması ilə müzakirələrə hazır olduğumuzu dəfələrlə bildirsək də, buna nail ola bilməmişik. Biz münaqişənin həll olunmasını istəyirik və dünyanı haqq səsimizi eşitməyə çağırırıq”. Bunu  Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumda çıxışı zamanı millət vəkili Rövşən Rzayev deyib. Bəs, Qarabağın erməni icması nədən hələ də azərbaycanlı icma ilə görüşdən qaçır? Ermənistan niyə icmalar arasında görüşün baş tutmasını əngəlləyir? 

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, erməni icmasının azərbaycan icması ilə görüşünə Ermənistan hakimiyyəti maneə olur. Çünki işğalçı rejim nümayəndələri belə təmaslar nəticəsində icmalar arasında hansısa bir anlaşmanın ola biləcəyindən ehtiyat edirlər: “Bu gün Ermənistana rəhbərlik edən cinayətkar hakimiyyət erməni icmasına azərbaycanlı icması ilə görüşməyə icazə vermir. Ermənistana rəhbərlik edən faşist xuntası görüşərkən tərəflərin üz-üzə gəlməsindən, söhbətlər aparması, tanınmış insanların, xalq nümayəndələrinin təmaslarından çəkinirlər. Çəkinirlər ki, görüş əsasında icmalar arasında hansısa bir anlaşma, razılaşma ola bilər. Ona görə də İrəvanda oturanlar erməni icmasının belə təmaslarda iştirakına hər vəclə əngəl olurlar”. 
Siyasi icmalçı Azər Həsrət də qeyd etdi ki, icmalararası görüşlərin baş tutması Serj Sarkisyan rejiminin maraqlarına cavab vermədiyindən onlar belə təmasların olmasının qarşısını alırlar: “Azərbaycan dövləti, rəsmilər, cəmiyyətimiz, insanlarmız illər uzunu bəyan edir ki, sadə ermənilərlə heç bir problemimiz yoxdur. Bunu dəfələrlə müxtəlif beynəlxalq tribunalardan da səsləndirmişik. 
Azərbaycan xalqının erməni xalqı, sadə ermənilərlə heç bir problemi yoxdur. Azərbaycanın problemi torpaqlarımızı işğal edən, təcavüzkar siyasət yürüdən, insanlarımızı qaçqın, köçkün vəziyyətinə salan Ermənistandakı cinayətkar rejimlə, onun havadarları ilədir. Dəfələrlə vurğulamışıq ki, Azərbaycan icması erməni icması ilə təmaslarda maraqlıdır. Bir masa arxasında müzakirələr aparmaqla problemin həllinə töhfə verməyə Azərbaycan icması hər zaman hazır olub.  Amma təəssüflər olsun ki, ermənilər buna getmirlər. Onlar sadəcə, görüntü xatirinə nələrisə etdiklərini göstərmək istəyirlər. Amma real işlərə gələndə yaxalarını kənara çəkirlər. Çünki Ermənistanın başında duran rejim faktiki olaraq, öz xalqını girov saxlayır. Xalqını girov saxlamaqla da icmalar arasında təmasların qurulmasına əngəl olurlar. 
Ermənilər arasında ağlı başında olanlar Azərbaycan torpaqlarının işğalını düzgün hesab etmir, torpaqların geri qaytarılması, qaçqın və məcburi köçkünlərin ata-baba yurdlarına dönməsini problemdən ən doğru çıxış yolu kimi görürlər. Ona görə də Ermənistana başçılıq edən Sarkisyan rejimi erməni icmasının azərbaycanlı icması ilə görüşlərinin keçirilməsi və prosesin intensiv xarakter ala biləcəyindən narahat olurlar. Yəni, İrəvanda düşünürlər ki, erməni xalqının normal kəsimi Azərbaycanla təmaslardan sonra ölkə içində təbliğat aparmaqla Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində addımların atılmasını tələb edə bilərlər. Belə bir variant Sarkisyan rejiminə əl vermir. Təmasların baş tutmaması, icmalararası görüşlərin reallaşmamasının əsas səbəbi də məhz bu amildir. Yəni, günahkar erməni xalqı deyil, ona başçılıq edən cinayətkar rejimdir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz