Əlaqə Arxiv
news Image
2017.11.23
08:00
| A A A
Avropanın zorən həqiqət sindromu
Öz-özünü təkzib edən prinsip və ikili standart məzmunlu Qərb siyasəti

“Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətinin yaxın vaxtlarda dəyişəcəyinin şahidi olacağıq”. Bunu Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forumun “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” adlı ikinci panel iclasında çıxış edən Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov bildirib. 

F.İsgəndərov Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanmasının həlledici mərhələyə qədəm qoyduğunu söyləyib: “Əgər bir neçə il əvvəl Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə müəyyən qədər səhlənkar və soyuq münasibət göstərilirdisə, artıq çox şey dəyişib. 
Avropa İttifaqı indi birmənalı şəkildə başa düşür ki, separatizm onun özünə zərbə vura bilər və Kataloniya bunun bariz nümunəsidir”. 
Azərbaycanın ərazi bütövlüyünə Qərb ölkələri, o cümlədən Aİ tərəfdən göstərilən münasibətin xarakteri barədə kifayət qədər faktlar və sənədlər mövcuddur. Yəni, Azərbaycanda bu mövzu üzrə Avropa ölkələrinin mövqeyini gözəl bilirlər. İkili standartlara söykənən Avropa siyasətini heç nümunəvi adlandırmaq olmaz. Əksinə, prinsipdən danışıb prinsipsizlik göstərən siyasi buqələmunluq adlandırmaq olar. Ancaq məhz göstərilən səbəblərdən İspaniyanın Kataloniya vilayətində baş vermiş separatist fəaliyyət sayəsində avropalıların siyasətlərindəki boşluqlar özlərinə də aydın olub. Kataloniyanın separatizmi Aİ ölkələri tərəfindən dəstəklənmədi. Mənasız “millətlərin öz müqəddərataını təyinetmə prinsipi” heç yada da düşmədi. Halbuki ispanlar və katalonlar fərqli millətlərdir. Kataloniya prosesinin təşkilatçısı, parlamentin sədri barədə İspaniya məhkəməzi həbs qərarı verdi. Heç bir təşkilat “insan hüquqlarının pozulması”, “siyasi təqib” və s. bu kimi məsələlər barədə hay-küy qaldırmadı. İndi azərbaycanlıların haqqı var soruşsun ki, necə olur, heç kim tərəfindən tanınmayan qondarma «Dağlıq Qarabağ Respublikasının» “prezidenti” Bako Saakyan Parisdə açıq şəkildə pulyığma aksiyası keçirir? Ermənistan Respublikasında və Azərbaycanda yaşayan ermənilər eyni millətdirlər. Nə üçün ermənilər harada yaşayırlarsa orada özlərinə dövlət yaratmalıdırlar və Azərbaycan torpaqlarını işğal etmiş ermənilərə Qərb loyal münasibət sərgiləyir, onların “öz müqəddəratını təyinetmə hüququ”ndan danışır? Bununla əslində, separatizmi dəstəklədiyini nümayiş etdirir.
Qərb ölkələri həqiqəti təhrif etdiklərini əvvəldən bilirdilər, amma bunu siyasət kimi düzgün sayırdılar. Ancaq Kataloniya məsələsindən sonra Şotlandiyanın, İrlandiyanın, Bavariyanın, Oksitanın və digər onlarla belə bölgənin separatist çağırışlarından sonra apardığı siyasətin özünə qarşı yönəldiyini görüncə səhv etdiyini anlayıb.
Bu günlərdə ABŞ-ın nüfuzlu “The Washington Times” qəzeti rəsmi Vaşinqtonu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa maliyyə yardımını dayandırmağa çağıran məqalə dərc edib. Məqalə müəllifi ABŞ-ın dövlət büdcəsindən Dağlıq Qarabağda tanınmayan separatçı rejimə Birləşmiş Ştatlar üçün heç də böyük məbləğ olmasa da, 1,5 milyon dollar vəsait ayrılması xüsusi diqqətə çatdırır: “Bu addımı atmaqla ABŞ dünyaya nə demək istəyir?” Müəllif rəsmi Vaşinqtonun tanımadığı qondarma respublikaya maliyyə yardımı ayırması fonunda Azərbaycanın ərazi bütövlüyünü tanımasının sözdə yox, əməldə - məhz elə Dağlıq Qarabağa maliyyə yardımının dayandırılmasında göstərilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda hazırda bütün dünyada aktual olan  terrorizmin və separatizmin nə qədər təhlükəli olduğu geniş müzakirə olunub. Tədbirdə avropalı siyasətçilər də iştirak edib və separatçılığı pisləyiblər. Təbii ki, Azərbaycan nümayəndə heyətinin üzvləri, xüsusilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  cıxışlarda Dağlıq Qarabağda baş verən olayların separatçı qüvvələrin cinayəti olduğunu real faktlarla sübut ediblər. İndi görək Avropa hansı addımları atacaq. Fuad İsgəndərov məhz bu konteksdə Aİ tərəfindən daha məntiqi cavab gözlədiyi üçün inamlı danışır. Bəli, bunu hamı gözləyir: Avropa İttifaqı təcavüzkarı sülhə məcbur edə biləcək fəaliyyət göstərməlidir. 
Noyabrın 23-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə Zirvə toplantısı keçiriləcək. Bu toplantı çərçivəsində Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Bu sənəddə İttifaqın ölkəmizin ərazi bütövlüyü haqda yeni mövqeyi əks olunmalıdır. Məsələnin bu səviyyəyə çatması və reallığa doğru dönüşün baş verməsi, Aİ-də həqiqətin dərk edilməsi Azərbaycan diplomatiyasının yeni zəfəri kimi qiymətləndirilməlidir. Çünki, Avropa İttifaqının dünya siyasətindəki rolu böyükdür və bu qurumun qərarı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sanballı töhfə verə bilər.  
N.NOVRUZ

Sizin Reklam Yeriniz