Əlaqə Arxiv
news Image
2017.11.23
09:40
| A A A
Qərb qardaş ölkəyə qarşı yenə xəyanət mövqeyindən çıxış edir
Elçin Mirzəbəyli: “Türkiyəyə qarşı Avropada aparılan qərəzli siyasət Ankaranın bölgədə artan nüfuzunu azaltmağa, qardaş ölkənin Moskva ilə münasibətlərinə xələl gətirməyə hesablanıb” Samir Adıgözəlli: “Regional iqtisadi layihələrdə Türkiyənin söz sahibi olması, lider dövlət olaraq meydana çıxması Qərbi qıcıqlandırır”

Bu günə qədər  Türkiyəni Avropa Birliyinə qəbul etmirlər və Avropada da hər dəfə bunun üçün bir bəhanə gətirirlər. İndi də Türkiyəni NATO-dan kənarlaşdırmaq istəyirlər. 

Qeyd edək ki, Ankara Avropa Birliyinə qəbul olunmaq üçün qurumun onun qarşısında qoyduğu bütün tələbləri yerinə yetirib. Amma məsələ ondadır ki, hər dəfə qəbul məsələsi gündəmə gələndə Qərb Ankara qarşısında yeni-yeni tələblərlə çıxış edir. Həmin tələblərin bir çoxu Türkiyənin zəiflədilməsinə, onun parçalanmasına xidmət edir. Son zamanlar Qərb ölkələrində Türkiyəyə qarşı qərəzli çıxışlar yenidən vüsət alıb. Bir sıra Avropa ölkələrində Türkiyənin parçalanmasına xidmət edən PKK kimi terrorçu qruplaşmaya aid təşkilatlar açıq şəkildə fəaliyyət göstərirlər.
 BAXCP sədrinin müavini Elçin Mirzəbəyli hesab edir ki, Türkiyənin regionda artan nüfuzu Qərbi narahat etdiyindən onlar Ankaraya qarşı qərəzli siyasət yürütməyə başlayıblar: “Qərbin Türkiyəyə qarşı qərəzli münasibəti yeni deyil. Təəssüflər olsun ki, onun səbəbləri əsasında həm xarici amillərlə yanaşı, həm Türkiyənin geosiyasi mövqeyi, həm də Türkiyənin mövcud hakimiyyəti, prezident Rəcəb Tayyip Ərdoğan dayanır. 
Qərbdə uzun illərdir ki, Ərdoğana münasibətdə nifrət meylləri formalaşıb. Bu nifrətin də əsasında Ərdoğanın daha xarizmatik lider olması, müsəlman dünyasında kifayət qədər ciddi nüfuza malik olması kimi amillər dayanır. Türkiyənin yürütdüyü siyasət ABŞ və Avropanın Yaxın Şərqdə həyata keçirdiyi insanları faciəyə aparan siyasətinə maneə törədir. Ərdoğan hakimiyyəti həmçinin Türkiyədə “5-ci kolon”un fəaliyyətinə əvvəllər olduğu kimi şərait yaratmır, dünyaya daha müstəqil şəkildə çıxmağa cəhd göstərir. 
Potensialına uyğun olaraq Türkiyənin mövqeyi gücləndikcə, mövcud vəziyyət Qərb siyasətçilərini daha çox narahat etməyə başlayır. Türkiyə Avropa İttifaqına üzvlüklə bağlı müraciət etsə də, uzun illərdir ki, onun qurumun qapısında saxlayıblar. Hər dəfə müxtəlif bəhanə və şərtlərlə Ankaranın Aİ-də olmasını əngəlləməyə çalışıblar. Xatırlayırsınızsa, Türkiyənin indiki prezidenti hakimiyyətə təzə gələn dövrdə məhz Avropa İttifaqına qəbulu prioritet olaraq götürmüşdü. Türkiyənin Avropa İttifaqı üzrə naziri həmin dövrdə ölkənin ən fəal nazirlərindən biri kimi fəaliyyət göstərirdi. Lakin proseslərin gedişi göstərdi ki, Qərbin məqsədi heç də Türkiyəni quruma qəbul etməkdən ibarət deyil. Əksinə, onların siyasəti dini və siyasi müstəvidə Türkiyənin parçalanmasına xidmət edir. Bu yanlış istiqamət müəyyən dövrə qədər sürdü. Türkiyədə çevrilişə cəhd, ondan öncə Rusiya səfirinin qətlə yetirilməsi, rus təyyarəsinin vurulması və bir çox hadisələr göstərdi ki, məqsəd Türkiyəni region dövlətləri, xüsusən də Rusiya ilə qarşı-qarşıya qoymaq və ölkəni parçalamaqdan ibarətdir. Mövcud reallıqları Türkiyə dərk etdiyindən, açıq şəkildə ona qarşı mübarizə aparır. 
Türkiyə NATO-nun ikinci hərbi gücüdür. Düynada da hərbi baxımdan mühüm potensiala malik ölkələrdəndir. Ordunun hazırlığı baxımından Türkiyə Silahlı Qüvvələri dünyanın aparıcı ordularından biri sayılır, baxmayaraq ki, hərbi büdcəsi cəmi 18 milyard dollardır. Bu mənada da Türkiyə ordusu NATO üçün önəmli əhəmiyyətə malikdir. Qərbdəki bəzi dairələrin istədiyi kimi Türkiyə NATO-da olmasa və başqa qütbdə təmsil olunsa, bu vəziyyət faktiki olaraq, NATO ilə digər qütblər arasındakı balansın kifayət qədər və ciddi şəkildə ikincilərin xeyrinə dəyişməsinə səbəb olacaq. Ona görə düşünmürəm ki, Türkiyə NATO-dan uzaqlaşdırılsın. İndiki şəraitdə Türkiyəyə qarşı Avropada aparılan qərəzli siyasət sadəcə olaraq, Ankaranın bölgədə artan nüfuzunu azaltmağa, qardaş ölkənin Moskva ilə münasibətlərinə xələl gətirməyə hesablanmış addımlardan ibarətdir”. 
Dünya Azərbaycanlıları Konqresi (DAK) İcra Aparatının rəhbəri Samir Adıgözəlli də düşünür ki, Türkiyənin artan nüfuzu Avropanı qıcıqlandırdığından onlar Ankaraya qarşı ikili standartlardan çıxış edirlər: “Avropa İttifaqı heç kimə sirr deyil ki, öz fəaliyyətində ikili standartlardan, xristian təəssübkeşliyi prizmasından çıxış edir. Özlərini demokrat adlandıran bu məkanda insan haqları sahəsində ciddi qüsurların olmasına baxmayaraq, hazırda Avropa regionda nüfuzu sürətlə artan Türkiyəyə qarşı çox böyük bir ədalətsizliyə yol verir. 
Avropa İttifaqı ölkələri, xüsusən də Fransa ilə Almaniya özlərini hegemon kimi aparırlar. Türkiyə gücü, qüdrəti, iqtisadi potensialı, regiondakı nüfuzu ilə dünyadakı nüfuzunu daha da artırmaqdadır. Bu isə Qərb ölkələrinin ciddi narahatlığına səbəb olub.  Regional iqtisadi layihələrdə Türkiyənin söz sahibi olması da, dünyada lider dövlət olaraq meydana çıxması da Qərbi qıcıqlandırır. 
Avropa Türkiyənin  içəridən dağılmasına dəstək verir. Türkiyə uzun illərdir Aİ-yə qəbul olunmaq üçün müraciət etsə də, hələ də qurum ona “hə” demir. Türkiyəyə qarşı bu qərəzli siyasət Qərbin ikili standartlardan çıxış etdiyinin bariz nümunəsidir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz