Əlaqə Arxiv
news Image
2017.11.24
09:30
| A A A
Azərbaycan separatizmə qarşı mübarizəsini gücləndirir
Cənubi Qafqazda erməni separatizmi dünyada sülhə və təhlükəsizliyə təhdiddir

Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilmiş Beynəlxalq Forum Azərbaycan diplomatiyasının mübariz əzmini göstərməklə yanaşı, həm də dünyanın aparıcı dövlətlərinə və təşkilatlarına mühüm mesajlar ünvanlayıb. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş zəngin siyasi və iş təcrübəsinə malik mütəxəssislərin iştirakı bu addımın vaxtında atılmış olduğunun göstəricisi idi. 

Dünya separatizmdən əziyyət çəkir. Tarixin dar düşüncəyə malik ibtidai dövrü çox arxada qalıb. Artıq insan təxəyyülünü ehtiva edən dünyagörüşü Yer kürəsinin cazibə dairəsinə sığmır. İnsanlar kainatı bürümüş digər planetlərə köçmək arzusu ilə yaşayır. Ancaq bir sıra ölkələrdə hələ də sərhədləri kiçiltmək, cəmiyyətləri parçalamaq, millətlərin və xalqların uzun illər ərzində tökülən qanlar bahasına yaratdıqları dövlətləri müharibələrə sürükləmək siyasəti yürüdülür və mənasız qanlar tökülür. Siyassi dairələrin təşkilatçıları bu kimi hadisələrdə fəallıq göstərirlər. 
Forumda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov separatizmin mahiyyətini açıb göstərərək onun bütün dünyada yayıldığını deyib: “Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi bildirib ki, hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur... ...Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir”. 
Bu, dünyada bərqərar olmuş siyasi sistemin iflası üçün ciddi təhlükədir. Çünki, separatizm ümumi inkişafı ləngitməklə yanaşı digər cəmiyyətlərə də mənfi təsir edir. Ölkələr inkişaf etmək əvəzinə yerlərində sayırlar. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü pozan erməni separatizmi olmasaydı, indi regionun inkişafında daha böyük irəliləyişin şahidi olardıq. Hətta separatçıları dəstəkləyən və silahlandıran, hazırda isə yoxsulluq vəziyyətindən çıxa bilməyən Ermənistanın özünün inkişafında yüksəliş baş verərdi. 
Bəs, separatizmin belə geniş yayılmasının qarşısını almaq üçün beynəlxalq tşkilatlar nə iş görür? Əli Həsənov mövcud vəziyyəti belə xarakterizə edib: “Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalıdır”. Bu, adları çəkilən təşkilatların separatizmə münasibətdə ikili yanaşmalara yol verdiklərini ifşa edən haqlı irad və onlara bir mesajdır.     
Ə.Həsənovun vurğuladığı “Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycan ilə Avropa İttifaqının geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər” fikirləri iqtisadi əlaqələrin əslində bütün sahələr kimi Dağlıq Qarabağ münaqişəsi üzrə də siyasi münasibətlərlə düz mütənasiblik yaratmalı olduğuna işarə edib. Bu fikri İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Sneh Efraimin ikili standartlardan danışaraq daha da möhkəmləndirib: “Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?” Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar”.
Prezidentin köməkçisi deyib ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Bu sözlər də ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycanın qətiyyətli olması barədə dünya birliyinə yönəldilmiş növbəti mesajdır.
Ümumiyyətlə, Brüsseldə keçirilmiş tədbir Azərbaycan diplomatiyasının uğurudur. Yəni, öz ictimai-siyasi inkişafı, iqtisadi və hərbi qüdrəti ölkəmizə imkan verir ki, Avropa İttifaqının qeyri-rəsmi paytaxtı sayılan bir şəhərdə bu qurumun və beynəlxalq təşkilatların siyasətlərindəki səhvləri tənqid edib yol göstərən müzakirələri təşkil etsin və öz mənafeyini qorumağı bacarsın. Bu cür diplomatik gedişlər təsirsiz ötüşmür və noyabrın 23-24-də yenə də Brüsseldə keçirilən sammit ərəfəsində böyük əhəmiyyət daşıyır.
N.NOVRUZ  

 

 

Sizin Reklam Yeriniz