Əlaqə Arxiv
news Image
2017.12.02
10:39
| A A A
Azərbaycan, Türkiyə və Pakistandan hərb sahəsində mühüm addım
Azad İsazadə: “Üçtərəfli birgə hərbi sənaye müəssisələrinin yaradılması ideyasını inkişafın zirvələrindən hesab etmək olar” İbrahim Rüstəmli: “Müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradıması tərəflərə, o cümlədən Azərbaycana böyük üstünlüklər və ciddi perspektivlər vəd edir”

Azərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində birgə müəssisələr yarada bilər. Bu barədə Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekununda bildirib.

Mütəxəssislərin fikrincə, üçlük arasında müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradıması artıq zamanın tələbinə çevrilmişdi və gözlənilirdi. Türkiyə və Pakistan hərbi sənaye kompleksinin inkişaf etdiyini nəzərə alsaq, xüsusən Azərbaycanın bundan böyük fayda qazanacağından demək olar.

Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, Türkiyə və Paksitan müstəqilliyimizin ilk günlərindən Azərbaycanı dəstəkləyən ən yaxın və güclü müttəfiqlərimizdir: “Nəzərə alaq ki, bunlar Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdir. Elə o zamandan indiyə qədər Azərbaycan-Türkiyə-Paksitan əməkdaşlığı hər bir istiqamədə, eyni zamanda hərbi məsələlərdə sürətlə inkişaf edib.

İndi üçtərəfli birgə hərbi sənaye müəssisələrinin yaradılması ideyasını inkişafın zirvələrindən hesab etmək olar. Nəzərə alaq ki, Pakistan və Türkiyənin hərbi kompleksi kifayət qədər inkişaf edib və dünyada öndə gedən hərbi sistemlərdir. Bu baxımdan ölkəmizin hərbi sənaye sahəsinə faydaları böyük olacaq. Yəqin ki, bu, hərbi əlaqələrin son mərhələsi deyil. Bundan sonra da üçtərəfli yeni layihələrin şahidi olacağıq”.

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, fikirlərinə Pakistan Mədəniyyət Forumunun sədri, təcrübəli jurnalist Zəfər Baxtavarinin vaxtilə "The Nation"da dərc olunan yazısı ilə başlamaq istəyir: “O, bu çıxışında qeyd etmişdi ki, diplomatik korpusla işlədiyi otuz il müddətində Pakistan, Türkiyə və Azərbaycanın əslində, bir xalqın üç dövləti olmasının şahididir: "Bu üç ölkə tarixi və mədəni rabitə ilə o qədər yaxındır ki, "bir-birinin ürək döyüntülərini hiss edirlər".

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Beynəlxalq aləmdə az qala bütün məsələlərdə bizə dəstək verir. Torpaqlarımızı işğal etdiyinə görə Ermənistanın müstəqilliyini tanımır.  Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edir. 2012-ci ilin fevralında Pakistan Senatının Xarici əlaqələr komitəsi Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Bunun ardınca 2013-cü ilin oktyabrında Senatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul olunub. Pakistanın gələcəkdə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində bu mövqedən çıxış edəcəyi şübhəsizdir.

Pakistanın Baş naziri problemin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu söyləyib və ikili standartların bu cür məsələlərin həllinə necə maneə törətdiyini öz ölkəsinin timsalında yaxşı bildiklərini vurğulayıb. Yeri gəlmişkən, "The News", "Daily Times" və "Pakistan Observer" qəzetlərində Azərbaycan Silahlı Qüvvələrinin tarixi, Azərbaycan ordusunun gündən-günə güclənməsi və hərbi-texniki bazasının müasirləşdirilməsi, Azərbaycan və Pakistan xalqı və dövlətləri arasında inkişaf etməkdə olan dostluq və qardaşlıq əlaqələri barədə zaman-zaman geniş faktlar əks olunub. Vurğulanıb ki, Azərbaycan iqtisadiyyatının inkişafı hərbi büdcənin artmasına şərait yaratmış, ordunmuza daim öz töhfəsini vermişdir. Qəzetlərdə o da xüsusi vurğulanıb ki,  bütün sahələrdə, o cümlədən Silahlı Qüvvələrimizdə peşəkarlıq və döyüş qabiliyyəti öncəki illərlə müqayisədə dəfələrlə artıb. Azərbaycan da hər zaman Pakistan dövlətinin və xalqının yanında olub, Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edib. 2005-ci il zəlzələsi və 2010-cu il sel fəlakəti zamanı Pakistana maliyyə və humanitar yardım göstərib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müzəffərabad şəhərində tikilən Rara Qızlar məktəbi isə iki xalq arasında mövcud olan qardaşlığın simvolu kimi yadda qalıb.

Azərbaycan Pakistan dövlətinin simasında özünə etibarlı dost, sadiq tərəfdaş tapıb. Bu dostluq və tərəfdaşlığın səmimi münasibətlər üzərində qurulması, əlbəttə, bizdən ötrü böyük önəm daşıyır və yalnız ordu sferasını deyil, bütün sahələri əhatə edir. O üzdən müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradıması tərəflərə, o cümlədən Azərbaycana böyük üstünlüklər və ciddi perspektivlər vəd edir. Çünki bu əlaqələr yalnız iki dövlət rəsmiləri arasında deyil, həm də iki xalq arasında dostluq və qardaşlıq münasibətlərini özündə birləşdirir”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz