Əlaqə Arxiv
news Image
2017.12.15
12:51
| A A A
Prezident İlham Əliyev Sumqayıtda Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət olunur. Ölkəmizin bütün bölgələrində müasir səviyyədə ictimai yerlərin, bulvarların, parkların və xiyabanların yaradılması tədbirləri davam etdirilir. Bu proses Sumqayıtda da geniş vüsət alıb. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtılarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır.

Sumqayıtın Lüdviqshafen parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır. Görülən bu işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni parkların, istirahət məkanlarının və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqshafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə salınıb.

Onu da deyək ki, Lüdviqshafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibəti ilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. Yenidənqurma işləri zamanı müasir oturacaq və işıq dirəkləri qoyulub, yaşıllıq zollaqları salınıb, dekorativ ağac və güllər əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə daha bir ünvan əlavə edib. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, ilk növbədə, sosial layihədir. Bununla yanaşı, belə layihələrin icrası ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir.

Sizin Reklam Yeriniz