Əlaqə Arxiv
news Image
2017.12.16
11:40
| A A A
NATO Azərbaycana bel bağlayır

Avroatlantik Hərbi Alyansın Əfqanıstandakı missiyasında ölkəmizin iştirakını gücləndirməsi  təqdir olunur
“Biz müttəfiqlərimiz və tərəfdarlarımız, o cümlədən Azərbaycan tərəfindən gücləndirilmiş dəstəyi alqışlayırıq. Bu, Əfqanıstanda sülhün təmin olunması ilə bağlı məqsədimiz üçün böyük əhəmiyyət daşıyır”. Bu sözləri Trend-ə müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.
Hərbi alyansın nümayəndəsi əlavə edib ki, NATO Azərbaycana Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına hərbi kontingentlə göstərdiyi dəstəyə, eləcə də maliyyə dəstəyinə və tranzit imkanlarının təqdim edilməsinə görə minnətdarlığını bildirir.
Bu il noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyd olunub ki, Azərbaycan Əfqanıstanda sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə iqtisadi və digər sahələrdə əməkdaşlığını davam etdirir. Dövlət başçımızın dəvət əsasında belə mötəbər iclasda iştirakı NATO-nun Azərbaycana etibarlı tərəfdaş kimi dəyər verdiyini nümayiş etdirib. 
Azərbaycan Uzun illərdir ki, Azərbaycan terrorçuluqla mübarizə və problemli bölgələrdə sabitliyin bərpası sahəsində Şimali Atlantika Alyansı ilə əməkdaşlıq edir. Buna misal kimi Azərbaycanın 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) missiyasında, eləcə də NATO-nun Kosovodakı sülhməramlı missiyasında fəal iştirak edib. Hazırda isə Azərbaycan NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına dəstək verir: 94 azərbaycanlı hərbi qulluqçu Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək üçün xidmət edir. Bu gün Azərbaycan NATO-ya üzv olmayan bir neçə ölkədən biridir ki, Əfqanıstan hökumətinə ciddi hərbi və iqtisadi yardım göstərir.
Hələ 2016-cı il iyulun 9-da NATO-nun Varşava sammiti çərçivəsində Prezident İlham Əliyev Alyansın etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycanın Qətiyyətli Dəstək Missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcəyini və müxtəlif növ tranzit daşımalarını təmin edəcəyini, bu missiya başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfə verməyi nəzərdə tutduğunu bəyan etmişdi.
Bu il sentyabrın 7-də NATO Hərbi Komitəsinin sədri general Petr Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yükdaşımalara önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib. Sentyabrın 26-da isə Azərbaycanda səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq etdiyini və Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəsini qeyd edərək NATO adından Azərbaycana minnətdarlığını bildirib.
Azərbaycan NATO-nun əməliyyatlarına, o cümlədən Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiqliyini işdə sübut edib, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə özünü etibarlı tərəfdaş kimi göstərib və bu səbəbdən Alyans Azərbaycan kimi tərəfdaşını nəinki itirmək istəmir, hətta  rəsmi Bakı ilə əməkdaşlığını davam etdirmək üşüm ciddi cəhdlər göstərir. Üstəlik, NATO dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edib.
Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna yardım etməklə bərabər Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha güclü dəstək vermək üçün hərbi qulluqçularının sayını artırmağa qərar verib. Eyni zamanda Azərbaycan sülhməramlı əməliyyatlar üçün yükdaşımalarda “Şimal Paylaşma Şəbəkəsi” adlı nəqliyyat şəbəkəsinin işi ilə təminat verir, bu istiqamətdə NATO uçuşları üçün hava məkanını təqdim edir. Uğurla başa çatdırılan Bakı-Tbilisi-Qars dəmiryol xətti  isə Əfqanıstana tədarüklərin daha sadə və səmərəli həyata keçirilməsinə imkan verəcək. Bütün bunların fonunda NATO-nun Azərbaycana yönəlik müsbət fikirləri əsaslıdır və qarşılıqlı fəaliyyətin səmərəli olduğunu sübut edir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz