Əlaqə Arxiv
news Image
2017.12.16
08:00
| A A A
Ermənistan hakimiyyəti təxribatlarla öz əhalisinin fikrini yayındırmaq istəyir
Ədalət Verdiyev: “Ermənilərin bundan artığına gücü çatmaz” Abuzər Əbilov: “Erməni ictimaiyyətinin diqqətini sosial problemlərdən cəbhədəki hadisələrə istiqamətləndirməyə çalışırlar”

Xəbər verildiyi kimi, dekabrın 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Fizuli Süleyman oğlu şəhid oldu. Ümumiyyətlə, düşmən tərəfinin atəşkəsi pozmadığı gün yoxdur. Artıq hər gün 100-dən çox atəşkəs pozuntusu qeydə alınır. Bəs, düşmənin cəbhədə vəziyyəti bu cür saxlamağı nəyə hesablanıb? Ekspertlərin fikrincə, bu cür manevrlər müxtəlif səbəblərdən irəli gəlir. Ən əsası, Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini daxili narazılıqdan yayındırıb cəbhədə saxlamağa çalışır. Ancaq bu, tək əsas deyil.

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycanda ABŞ, Avropa, Türkiyə və digər ölkələrin nümayəndələri ilə keçirilən görüşlərin nəticələri ermənilərin ön xətdə təxribatlara əl atmalarına səbəb ola  bilər: “Amma dünya gücləri ermənilərin daha da fəallaşmasına imkan verməyəcək, status-kvonu qorumağa çalışacaqlar. Yəni, ermənilərin bundan artığına gücü çatmaz. Bundan başqa, Rusiya-Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəsi ermənilərin ciddi fəallıq göstərməsinə imkan vermir. Adətən  ermənilərin bir neçə nəfər itki verdikdən sonra belə fəallaşmalar sakitləşir.  Bunun da yaxın günlərdə şahidi olacağıq. Artıq dekabrın 14-də bir nəfəri itirdilər. Ümumiyyətlə, ön xətdə bu cür təxribatlar heç zaman istisna edilmir. Bunlar davam edəcək. Odur ki, hazırlıqlı olmalıyıq”.
Ekspert əlavə etdi ki, Ermənistan Avropa ilə assosiativ sazişə imza atmağa hazırlaşır: “Ermənistanı maraqlandıran Avropaya daha da yaxın olmaq yox, ordan gələcək külli miqdarda vəsaiti mənimsəməkdir. Həmin pulu almaq üçün hər varianta əl atırlar. Amma bu razılaşmanın imzalanması Rusiya tərəfindən xoş qarşılanmayacaq və bu, mümkün də deyil. Ona görə də yaxın günlərdə Rusiya tərəfindən Ermənistanın cəzalandırılmasının şahidi ola bilərik. Bunun da ən asan yolu Azərbaycan vasitəsilədir”.
Ehtiyatda olan zabit Abuzər Əbilov bildirdi ki, ermənilərin cəbhədə atəşkəs rejimini daha çox pozması Ermənistanda artan ölüm halları, orduda başıpozuqluqdan qaynaqlanır: “Cəmiyyətin diqqətini bundan yayındırmaq üçün Ermənistan siyasi-hərbi rəhbərliyi Dağlıq Qarabağda təxribatlara fasilə vermək istəmir. Ancaq atəşkəs rejimini intensiv pozulması tərəflər arasında vəziyyəti daha da gərginləşdirə bilər. Ermənistan zaman-zaman bu cür metodlardan istifadə edir. Bununla da Ermənistan hakimiyyəti ictimaiyyətin diqqətini sosial problemlərdən cəbhədəki hadisələrə istiqamətləndirməyə çalışır. Bu yaxınlarda tələbələrlə müdafiə nazirliyində nəticəsiz görüşlər keçirildi. Tələbələrin mitinqləri bir daha göstərdi ki, ermənilərin  Qarabağda lazımsız döyüşlərdə iştirak etmək arzusu yoxdur. Amma təəssüf ki, cəbhədəki gərginlik getdikcə daha da artır. Ermənistandakı son hadisələr bunu deməyə əsas verir. Xüsusən iqtisadi, sosial tənəzzül Ermənistan hakimiyyətini məcbur edəcək ki, ictimaiyyətin fikrini yayındırmaq üçün Qarabağda atəşkəsin pozulmasını intensivləşdirəcək. Bunun üçün də cəbhdə xəttində təxribatlara ara verməyəcək. Ancaq Azərbaycan Ordusundan lazımlı cavabları da alacaq”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz