Əlaqə Arxiv
news Image
2017.12.16
11:00
| A A A
Ermənilər elə çaşıblar ki, absurd iddialarla çıxış edir
Natiq Miri: “İşğal faktı durduqca, onu gözardı edərək protokolların ratifikasiya olunması mümkün deyil”

Ermənistan yenə də həyasızcasına öz günahını başqalarının üzərinə atmaqda davam edir. Belə ki, bu günlərdə işğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyan Yunanıstana səfəri zamanı Türkiyə ilə 2009-cu ildə imzalanmış Sürix protokollarının həyata keçməməsində Ankaranı ittiham edib. Bu fonda da o bildirib ki, Ermənistan 2018-ci ilin yazına qədər bu protokolları ləğv edəcək.  

Türkiyə Xarici İşlər Nazirliyi isə Ermənistanın bu açıqlamasına cavab verərək, qeyd edib ki, Nalbandyanın açıqlamaları əsassızdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib: “Protokollar İsveçrənin yaratdığı şərait çərçivəsində aparılan danışıqlarda hazırlanaraq Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması məqsədi daşıyırdı. Lakin ilk olaraq Ermənistanın Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu il tarixində protokolların ruhuna və mətninə zidd ön şərtlər və məhdudlaşdırıcı hökmlər qəbul edib. Davamında Ermənistan prezidenti Serj Sarkisyan 22 aprel 2010-cu il tarixində protokolların ratifikasiyasının təxirə salındığını açıqlayıb. Son olaraq, Sarkisyan 19 sentyabr 2017-ci il tarixində BMT Baş Məclisində çıxışında protokolların gecikməsinin məsuliyyətini əsassız şəkildə Türkiyənin boynuna qoyaraq, tərəqqi olmadığı üçün protokolları qüvvədən düşmüş sayacaqlarını və 2018-ci ilin baharına bu protokollar olmadan girəcəklərini açıqlayıb”.
Bəyanatda bildirilir ki, Ermənistanın bu neqativ mövqeyinə baxmayaraq, Türkiyə protokolların əsas müddəalarına sadiqliyini qoruyur: “Protokollar hələ də TBMM Xarici işlər komissiyasının gündəmindədir və ratifikasiya olunması üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülh ortamının yaranması zəruridir. Ölkəmizin protokol prosesində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Yuxarı Qarabağ probleminin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyiş əldə olunması idi. İstənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır”.    
Bəyanatda E. Nalbandyanın uydurma “erməni soyqırımı” barədə iddialarının da həqiqətdən uzaq olduğu qeyd edilir: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”.
Politoloq Natiq Miri bildirdi ki, Ermənsitan hər zaman olduğu kimi, Sürix protokolları məsələsində də absurd iddalarla çıxış edir: “Ermənistan Sürix protokollarını ləğv edəcəyi barədə verdiyi açıqlaması ilə əslində Türkiyəni hədəfə gətirmək istəyir. Sanki Türkiyə bir növ Ermənistan və qonşu dövlətərlə sülh şəraitində yaşamaq istəmir kimi görüntü yaratmaqla, sadəcə Ankaranı beynəlxalq ictimai rəydə qaralamağa çalışır. Bu fonda da Ermənistan sanki özünü sülh tərəfdarı kimi göstərməyə cəhd edir. Bu həm də erməni düşüncəsində Türkiyəyə təzyiq xarakteri daşıyır. Hansı kİ, Türkiyənin Ermənistanla hər hansı bir əlaqə yaratmaq məcburiyyəti yoxdur. Ankaranın İrəvana heç bir ehtiyacı yoxdur. Çünki, İrəvanın Türkiyəyə müsbət mənada verə biləcəyi heç nə yoxdur.   
Əksinə, Ermənistanın Türkiyəyə böyük ehtiyacı var. Bölgədə sülh yarandığı təqdirdə, əlaqələr yarananda tək qazanan tərəf  Ermənistan olacaq. Çünki ən azından bütün beynəlxalq layihələrə və kommunikasiya xətlərinə İrəvan çıxış qazanacaq ki, bu da Ermənistanın Qərb dünyası ilə ticari-iqtisadi əlaqələrinə və iqtisadiyyatının inkişafına gətirib çıxara bilərdi. Sürix protokollarının yerinə yetirilməməsinin yeganə səbəbi Ankaranın qoyduğu şərt idi ki, bu da tam normal və hüquqa uyğun davranışdır. Ortada Türkiyə Ermənistan sərhədlərinin bağlanma səbəbi var. Bu səbəb də Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədardır. Həmin səbəb aradan qalxmadıqca konkret nəticəyə oynamaq, nəticə ilə bağlı qərar vermək doğru olmazdı. Bu nəticənin olması üçün də mütləq mənada səbəbin aradan qaldırılmasına ehtiyac var. Yəni işğal faktı durduqca, onu gözardı edərək protokolların ratifikasiya olunması mümkün deyil. 
Bu mənada Ermənistanın iddiası absurd olduğu qədər, həm də yenidən Türkiyəni hədəfə gətirmək və təzyiq etmək xarakteri daşıyır.  Ancaq bunlar boşuna ediləcək cəhdlərdir.  Ermənistan daşı ətəyindən tökərək işğal faktını aradan qaldırarsa, təbii ki, təkcə Türkiyə ilə deyil, eyni zamanda Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycanla da münasibətlərin tənzimlənməsinə yol açar. Ancaq görünən odur ki, Ermənistanın belə bir niyyəti yoxdur. Ona görə də mövcud vəziyyətin bədəlini Ermənistan hələ də ödəməkdə davam edəcək”.
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz