Əlaqə Arxiv
news Image
2018.01.10
09:00
| A A A
Supergüclərin ziddiyyətinə Bakıda son qoyulur
Nazim Cəfərsoy: “Bakıda əvvəl keçirilən görüşlərin pozitiv notlarla başa çatdığından tərəflər növbəti görüşün də məhz ölkəmizdə keçirilməsinə razı olublar”

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali baş komandanı general Kertis Skaparroti bu ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə Bakıda görüşəcək. Bu barədə adı çəkilməyən Amerika və Avropanın vəzifəli şəxslərinə istinadən "BuzzFeed" portalı məlumat yayıb.

Məlumatda deyilir: "Bu ayın sonlarında Avropada Birləşmiş Silahlı Qüvvələrin Ali baş komandanı general Kertis Skaparrotti Azərbaycanda, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə görüş keçirməlidir".
Hazırda Vaşinqtonla Moskva arasında münasibətlər olduqca gərgindir. Bu iki ölkənin dünyanın bir çox bölgələrində maraqları toqquşur. Xüsusən də Ukrayna və Suriya ilə bağlı məsələdə Ağ Evlə Kreml bir-birinin həzm edə bilməyəcəyi fərqli-fərqli siyasət yürüdürlər. Münasibətlərin kəskin olmasına baxmayaraq, bununla belə, bir sıra sahələr üzrə hər iki dövlətin yüksək çinli məmurları kənar ərazilərdə müəyyən görüşlər də təşkil edirlər. Bu xüsusda iki ölkənin yüksək rütbəli hərbçilərinin təmasları və bu təmaslar üçün görüş yerinin məhz Azərbaycanın paytaxtı Bakını seçmələri ölkəmizin üçün mühüm əhəmiyyət kəsb edir. 
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Nazim Cəfərsoy bildirdi ki, ABŞ və Rusiyanın yüksək rütbəli hərbçilərinin görüş yeri olaraq növbəti dəfə Bakını seçmələrinin səbəbini bir neçə baxımdan qiymətləndirmək olar: “Birinci növbədə, bu, Azərbaycanın qlobal sistemdə ABŞ-la Rusiya arasında tutduğu siyasi mövqeyilə  yaxından əlaqədardır. ABŞ-la Rusiya rəsmiləri arasında belə təmasların olması üçün görüş yerinin müəyyən edilməsində həmin ölkənin tutduğu mövqe zaman-zaman əhəmiyyətli olur. Hər iki tərəf çalışır ki, adətən ancaq digərinin yaxın müttəfiqi və yaxud onun təsir dairəsi, sahəsi hesab edilən ölkələrin ərazisində görüşməsinlər. Bu mənada görüş üçün Bakının seçilməsi həm də psixoloji amil olaraq əhəmiyyətli sayıla bilər. Bu mənada da həmin təmaslar üçün Bakının görüş yeri seçilməsi Azərbaycanın hərbi xarakterli əməkdaşlıq sahəsində tarazlığı saxladığının göstəricisidir. Yəni, ölkəmiz tərəfsizliyi saxladığından buranı seçiblər. 
Praktik baxımından baxanda da bu addımın doğru olduğunu görürük. Çünki Azərbaycanda nə Rusiyanın, nə də ABŞ-ın hərbi bazaları yoxdur. Bu mənada da hər iki ölkə üçün Azərbaycan tərəfsiz zona hesab edilir. Azərbaycan nə Rusiya, nə də ABŞ-ın rəhbəri olduğu hərbi-siyasi ittifaqların üzvü deyil. Ölkəmiz nə Avrasiya İttifaqı, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də NATO-da təmsil olunur. Yəni Bakı nə ABŞ-ın, nə də Rusiyanın birbaşa təmsil olunduğu hərbi təşkilatlarda yer almır. Sözügedən iki ölkə Azərbaycanın hərbi-siyasi baxımından mövqeyinin məhz tərəfsiz olması fonunda görüşmək üçün buranı münasib biliblər. Bununla da hər iki tərəf Azərbaycanın həmin mövqeyini qəbul etdiklərini, ondan məmnun qaldıqlarını, ya da bu mövqedə problem görmədiklərini nümayiş etdirmiş olurlar. 
İkinci bir tərəfdən, görüş üçün Azərbaycanın seçilməsi görüşdə müzakirə ediləcək mövzularla da bağlıdır. Ola bilsin, həmin görüşdə Orta Şərq, Avrasiya coğrafiyası ilə bağlı müəyyən məsələlər müzakirə predmeti olacaq. Yəni Azərbaycanın ətrafında yerləşən qonşularla bağlı problemlər müzakirə oluna bilər. Bu mənada görüş üçün Azərbaycanın seçilməsi də həmin təmaslarda hansı məsələlərin müzakirə ediləcəyinin də müəyyən dərəcədə işartılarını verə bilər. Görüş digər tərəfdən, Azərbaycan ətrafındakı bölgələrdə baş verən hadisələrin intensivliyilə bağlı ola bilər. Həqiqətən də Azərbaycanın qonşuluğunda ciddi insidentlər baş verir. Bu mənada Suriya və Dağlıq Qarabağ məsələsi aktual mövzulardan biridir. Habelə, Yəmən, İraq, Əfqanıstan, Pakistan və son olaraq İran ətrafında baş verən hadisələr də hələ ki, öz aktuallığını qoruyur. Önümüzdəki dönəmdə İran məsələsinin daha da aktuallaşacağını düşünürəm. Ölkəmiz ətrafında baş verən hadisələrin müzakirəsini təşkil etmək üçün görüş yeri olaraq Bakının seçilməsi çox əhəmiyyətlidir. 
Ola da bilsin, bundan əvvəl Bakıda əvvəl keçirilən görüşlərin pozitiv notlarla başa çatdığından tərəflər növbəti görüşün də məhz ölkəmizdə keçirilməsinə razı olublar. Hesab edirəm ki, əvvəlki görüşün baş tutması ilə Azərbaycan tərəfi sınaqdan daha uğurla çıxa bilib. Eyni zamanda, ilk görüşün nəticəsindən həm ABŞ, həm də Rusiya tərəfi məmnun qalıb. Ona görə növbəti görüş yeri üçün də məhz Bakının seçilməsinin uyğun olduğu qərarına gəliblər.  Bunun özü də başqa bir cəlbedici məqamdır”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz