Əlaqə Arxiv
news Image
2018.01.17
08:00
| A A A
Krakov görüşü Qarabağ məsələsinin həllinə vacib yeniliklər gətirəcək
Aydın Ağayev: “Həmin şərhlərdəki pozitiv məqamların baş tutması üçün impuls olmalıdır” Qabil Hüseynli: “Ən azından Ermənistanın 5 rayonu qaytarmasının şahidi olsaq, danışıqlar prosesində pozitiv məqamların meydana çıxdığı və prosesin irəlilədiyini söyləyə bilərik”

Yanvar ayının 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, nazirlər qarşıdakı görüşdə münaqişə ilə bağlı güzəştəli razılaşmaya nail ola bilərlər. 

Rusiyalı politoloq Stanislav Tarasov deyir ki, nazirlər görüşməyə razıdırlarsa, deməli, danışıqların predmeti var: “Mümkündür ki, ortada yeni bir təklif, yaxud variant var. Bu, bizə məlum deyil. Lakin diqqətçəkən məqam Azərbaycan tərəfinin görüşə pozitiv yanaşmasıdır. Bu, görüşdə Ermənistanın hansısa məsələlərdə razılaşa biləcəyinə işarədir. Mümkündür ki, Azərbaycan Minsk qrupunun hansısa təklifi ilə razılaşa və diplomatik manevrlər edərək, rayonların qaytarılması, həmçinin Qarabağın statusu məsələsində istədiyinə nail ola bilər”. Politoqların dedikləri mümkündürmü və bu görüşdən sonra Azərbaycanın istəyinə nail olması nə dərəcədə reallaşa bilər? 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev təəssüflə bildirdi ki, sözügedən açıqlamalara münasibətdə pozitiv məqamları gözləməyənlərin fikirlərini bölüşür: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıda gözlənilən görüşü ərəfəsində bir çox politoloq və şərhçilərin məsələ ətrafında səsləndirdikləri mülahizələrlə tanışam. Azərbaycan Xarici İşlər Nazirliyinin münasibətini də bilirəm. Burada bir məsələyə diqqət yetirmək lazımdır. Azərbaycan tərəfi hər hansı bir təklifə pozitiv yanaşanda öz prinsipial mövqeyindən çıxış edir. Erməni tərəfi eyni məsələyə pozitiv yanaşanda  özlərinin dəyişməz mövqelərindən çıxış edirlər. Burada böyük bir ziddiyyət var. Bir sıra politoloqların verdiyi həmin şərhlərdəki pozitiv məqamların baş tutması üçün isə impuls olmalıdır ki, həmin impulslar da məhz Ermənistanın mövqeyində hansısa dəyişikliyin olacağının göstəricisi kimi diqqəti cəlb edə bilsin. Bu dəyişikliklərə də Ermənistan yalnız vasitəçilər tərəfindən ona edilən təzyiqlər nəticəsində gedə bilər. İndilikdə isə belə bir təzyiqin olduğunu görmürəm.
Vasitəçilərin hər birinin ayrı-ayrılıqda, yaxud da birlikdə nə danışmalarından asılı olmayaraq, Azərbaycanın mənafeyi baxımından düzgün, ədalətli olan, bütün beynəlxalq qanunlara uyğun gələn vəziyyətin yaranması üçün vasitəçilik missiyasını üzərinə götürən dövlətlərdə konfliktin həlli prioritet olmalıdır. Deklorativ bəyanatlar hələ onların mövqeyindəki prioritetliyi göstərmir. Bunu başqa müstəvidə də görə bilərik. Oxşar digər münaqişələrə münasibətdə olan prioritetlik təəssüf ki, Dağlıq Qarabağ konfliktinə münasibətdə hələlik görünmür. Ona görə də, sözügedən açıqlamalara münasibətdə pozitiv məqamları gözləməyənlərin mövqeyinin indiki şəraitdə təəssüf ki, mövcud reallığa daha uyğun gəldiyini düşünürəm”. 
Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, ən azından ilkin mərhələdə 5 rayonun qaytarılmasının şahidi olsaq, danışıqlar prosesində irəliləyişin olduğundan danışa bilərik: “Fikrimcə, ilk dəfədir ki, Ermənistan tərəfindən kövrək kompromis kəlməsini eşidirik. Bu da Serj Sarkisyanın ağır durumu ilə bağlıdır. Çünki işğalçı ölkədə mövcud hakimiyyətə qarşı etiraz çıxışlarına start verilir. Bu fonda da Sarkisyanın hakimiyyətdən getməli olduğu barədə fikirlər səsləndirilir. 
Rusiyanın özü də prezident seçkiləri ərəfəsindədir. Ara-sıra Moskva eyham da vurur ki, danışıqlar prosesinə qarışmır, mərhələli həll planını müdafiə edir və bu prosesin taleyi Azərbaycanla Ermənistanın əlindədir. Amma bütün bunlar siyasi manevrlərdir. 

Ən azından Ermənistanın 5 rayonu qeyd-şərhsiz qaytarmasının şahidi olsaq, onda danışıqlar prosesində pozitiv məqamların meydana çıxdığı və prosesin irəlilədiyini söyləyə bilərik. 5 rayon məsələsini irəli sürə, onun həllini mərhələli plan kimi 2-3 varianta bölə, sonra da Dağlıq Qarabağ üçün keçici statusun müəyyən edilməsini tələb edə bilərlər. Bu da danışıqlar prosesində Azərbaycanın yürütdüyü xəttə uyğun deyil. Amma hər halda, Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə pozitiv yanaşırsa, ortalıqda nəyinsə ola biləcəyini ehtimal etmək olar. Arzu edək ki, nəhayət, buz sındırılsın və danışıqlarda razılaşma əldə olunsun”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz