Əlaqə Arxiv
news Image
2018.01.17
09:53
| A A A
Ermənistan köhnə Rusiya silahlarına da həsrət qalacaq
Elşən Manafov: “Yaxın perspektivdə problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”

ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarının Rusiyanın Azərbaycan və Ermənistana silah satmasına da təsir göstərə biləcəyi ehtimalı erməniləri narahat edir. İrəvanda bu prosesdən ən çox Ermənistanın əziyyət çəkəcəyini düşünürlər.

Hərbi ekspert Vova Vardanov deyir ki, Azərbaycan Rusiyadan silah almasa belə, bu, onun silah arsenalına ciddi təsir göstərməyəcək: “Azərbaycan müasir silahları başqa ölkələrdən də alır, Rusiya bu ölkələrdən biridir. Həmçinin, Azərbaycan Rusiyadan daha güclü silahlar alıb. Ermənistana isə müttəfiq adı altında istifadəyə yararsız silahlar verilir. Etiraf etməliyik ki, Azərbaycan Ordusu Ermənistan ordusundan daha güclü silahlanıb”.

Erməni ekspert əlavə edib ki, ABŞ-ın sanksiyaları işə salınandan sonra Ermənistanın vəziyyəti ağır olacaq. “Çünki bizim nə silah almağa pulumuz var, nə də bizə silah satacaq başqa bir ölkə. Ermənistanı bunda sonra da ağır günlər gözləyir”, - deyə V.Vardanov bildirib. 
Politoloq Elşən Manafov bildirdi ki, həqiqətən də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar fonunda Moskvanın Ermənsitana verdiyi dəstək əvvəlki səviyyədə olmayacaq, işğalçı ölkə öz hamisindən silah-sursat almaqda da çətinliklərlə üzləşəcək: “Heç şübhəsiz ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi və tətbiq etməyi düşündüyü yeni sanksiyalar İrəvanın Moskva ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Bu da ondan irəli gəlir ki, Ermənistan iqtisadiyyatı birmənalı şəkildə Rusiyadan asılıdır. Bu ölkə silahı da ancaq Rusiyadan alır, özü də köhnəlmiş, vaxtı keçmiş silahları. 
Ermənistan özü bir dövlət olaraq müstəqil siyasət yürütmək iqtidarında deyil. Ona görə ki, Serj Sarkisyan iqtidarı bu günə qədər ancaq Rusiyanın hazırkı elitasının xeyir-duası ilə iqtidarda qala bilib. Ermənistandakı hakimiyyət həmçinin zamanında Qarabağ dalğasının yaratdığı eyforiya fonunda hakimiyyətə gəlib. Mahiyyət etibarı ilə korrupsioner olan bu hakimiyyət erməni xalqının iradəsinin əksinə olaraq, iqtidardan əl çəkmək istəmir. Işğalçi ölkədə baş tutan parlament və prezident seçkilərinin nəticələri saxtalaşdırılır. Ermənistan hakimiyyətinin legitimliyi artıq erməni xalqı tərəfindən birmənalı qarşılanmır. Məsələ ondadır ki, Ermənistanda sosial-iqtisadi durum günü-gündən daha da ağırlaşır. Bunu faktlar da təsdiq edir. Ermənistanın xarici dövlətlərə olan borcu işğalçı ölkənin ümumi daxili məhsulunun 61 faizi qədərdir. Ermənistanla müqayisədə Azərbaycanın xarici dövlətlərə olan borcu isə ümumi daxili məhsulun 18,9 faizini təşkil edir. Ermənistanda sosial iqtisadi durum o qədər ağırlaşıb ki, son beş ildə ölkəni 15 mindən çox gənc tərk edib. Onların da Ermənistanı tərk etmələrinin səbəbi Qarabağ savaşına qatılmamaq istəyindən irəli gəlir. Ermənilərin bu vəziyyətdə olması bir tərəfdən Azərbaycan diplomatiyasının uğuru kimi qəbul oluna bilər. Erməni gənclərinin bir hissəsi anlayır ki, bu müharibə Ermənistan tərəfindən aparılan ədalətsiz, təcavüzkar bir müharibədir. Əsas isə odur ki, erməni gəncləri bu müharibənin Ermənistan üçün perspektivinmi görmür. Ona görə də ölkəni kütləvi şəkildə tərk edirlər. 
İnflyasiyanın göstəriciləri, işsizliyin artması da Ermənistandan miqrasiyanın əsas səbəblərindən biridir. Ermənsitanın dövlət büdcəsindəki kəsir bu ölkənin dövlət olaraq gələcək müqəddəratını belə sual altına qoyur. Bu mənada Ermənistan nə qədər istəsə də, Rusiyanın məlum dəstəyi olsa da, Moskvaya qarşı Qərbin yeni-yeni sanksiyaları fonunda işğalçı ölkə öz hamisindən əvvəlki dəstəyi ala bilməyəcək. Bu amili işğalçı ölkənin Rusiyadan aldığı silah məsələsinə də aid etmək olar. Ermənistan iqtisadi blokadadır. Azərbaycan, Türkiyə tərəfdən sərhədlər bağlıdır. Ermənistan ancaq İslam ölkəsi olan İranın iqtisadi dəstəyi şəraitində duruş gətirir. Bu mənada Ermənistanın əsas müttəfiqləri olan  Rusiyaya tətbiq edilən və ediləcək sanksiyalar fonunda şimal ölkəsinin maliyyə durumunu ağırlaşdırdıqca Moskva da İrəvana istədiyi və əvvəllər verdiyi dəstəyi daha verə bilməyəcək. Bu amil özünü həmçinin Ermənistana verilən silah-sursat məsələsində də göstərəcək. 
Ermənistanda sosial iqtisadi durumun ağırlaşması işğalçı ölkədə hazırkı iqtidara müxalif qüvvələrin hakimiyyət başına gəlmə imkanlarını da artırır. Qərbin  müvafiq institutları bu fonda qərbpərəst mövqeyilə seçilən erməni müxalifətilə işləməlidirlər. Gerçəkdən hətta Sarkisyan özünün baş nazir seçilməsinə nail olduqdan sonra belə, Ermənistanın sosial-iqtisadi və maliyyə durumu daha da ağırlaşacaq. Bütün bu proses də təbii ki, Ermənistana yaxşı heç nə vəd etmir. Bu mənada beynəlxalq güclərin, ilk növbədə ATƏT-in Minsk qrupundakı həmsədr dövlətlərin İrəvana təzyiqləri gücləndirəcəyi təqdirdə, işğalçı ölkənin Qarabağ probleminin həllində tutduğu mövqedən geri çəkiləcəyi heç bir şübhə doğurmur. Ermənistan ziyalıları və gəncliyi başa düşür ki, bu müharibənin Ermənistan üçün yaradacağı fəsadlar daha böyük olub və  yenə də belə olacaq. Müharibə Ermənistan dövlətinin gələcək müqəddəratını belə sual altına qoya bilər. Ona görə də yaxın perspektivdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacağını istisna etmirəm”.
Rüfət NADİROĞLU   
 

Sizin Reklam Yeriniz