Əlaqə Arxiv
news Image
2018.01.18
08:00
| A A A
Ermənistana “Metsamor“ təzyiqləri artır
Azər Həsrət: “Bu addım baş tutmasa, dünyanın mütərəqqi kəsimi İrəvana qarşı təzyiqləri davam etdirəcək” Elman Nəsirov: “Hər şey asılı olacaq Aİ-nin Ermənsitana təzyiqindən və bu məsələdə beynəlxalq birliyin qətiyyətli mövqeyindən”

Avropa İttifaqı Ermənistanın “Metsamor“ Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib. “Nezavisimaya qazeta” bildirir ki, ittifaq beynəlxalq aləmdə Ermənistanın “nüvəsizləşdirilməsini” dəstəkləyir. Qəzetin yazdığına görə, Brüssel bunun qarşılığında Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Bunun üçün rəsmi İrəvandan infrastrukturda islahat aparılması tələb olunur. 

Qeyd edək ki, Azərbaycan uzun müddətdir ki, “Metsamor” stansiyasının ləğv edilməsilə bağlı dünya birliyini açıq fəaliyyətə keçərək, Ermənistana təzyiq etməyə çağırır. Ermənistan isə hələ də sözügedən stansiyanı, köhnəlməsinə, təhlükəli vəziyyətə gəlib çatmasına baxmayaraq hələ də işlətməkdə davam edir. Görəsən, Avropa İttifaqının fəaliyyəti nəticəsində bu təhlükəli stansiyanın fəaliyyətinin dayandırlması mümkündürmü? Bu olmasa, Avropa İttifaqı Ermənistana qarşı hansı addımlar ata bilər?
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, Ermənistan kimi zəif bir dövlətin “Metsamor” Atom Elektrik Stansiyasını öz gücünə ləğv etməsi imkansızdır: “Çünki bunun üçün külli miqdarda vəsait və mütəxəssislər lazımdır. Hansı ki, bunlar da Ermənistanda yoxdur. Bu məsələdə Ermənistana mütləq hansısa bir dövlət və yaxud təşkilatın kömək etməsi lazımdır. Avropa Birliyi üçün də belə məsələlər çox asan həll edə bildikləri məqamlardandır. O baxımdan düşünürəm ki, AB-nin təşəbbüsü Ermənistan üçün yerinə düşür. 
Ermənistan bu təşəbbüsdən maksimum yararlanmalıdır ki, sadəcə, özü deyil, bütövlükdə Güney Qafqaz bu bəladan birdəfəlik xilas ola bilsin. Əgər ermənilərin belə bir istəyi varsa. Bu addım baş tutmasa, təbii ki, dünyanın mütərəqqi kəsimi, xüsusən də ətraf mühitin mühafizəsi və təhlükəsizliklə məşğul olan dövlətlərarası qurumlar, istərsə də beynəlxalq qeyri-hökumət təşkilatları İrəvana qarşı təzyiqləri davam etdirəcəklər. Azərbaycan bildiyiniz kimi, uzun illərdir ki, sözügedən stansiyanın bağlanması və ləğv edilməsi təşəbbüsülə çıxış edir. Görünür, AB-də məhz bu təşəbbüsləri nəzərə alaraq, “Metsamor”un bağlanması üçün konkret addımlara keçir. Əslində, Ermənistanın enerji ilə təminatı məsələsi çox asan məsələdir. Sadəcə olaraq, bunun üçün Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal etməkdən əl çəkməli, Azərbaycanla normal münasibətlər quraraq, ölkəmizin enerji şəbəkəsinə qoşulmalıdır. Yəni, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırıb, ölkəmizin enerji şəbəkəsinə qoşulacağı təqdirdə heç bir problemsiz özünün bu istiqamətdə olan bütün məsələlərini həll etmiş olacaq. Çünki Azərbaycanda istehsal olunan elektrik enerjisi nəinki təkcə ölkəmizə, ümumiyyətlə, Güney Qafqaz, hətta bir çox hallarda Şimali Qafqazın bir sıra regionlarına bəs edir. Bu baxımdan da düşünürəm ki, Ermənistan ağıllı davranaraq, işğaldan, təcüvüzkar siyasətindən əl çəkməli, qonşularla normal münasibətləri bərpa etməlidir”. 
Milli Məclisin deputatı Elman Nəsirov qeyd etdi ki, ayrılacaq vəsaitin ardınca Aİ Ermənsitana qarşı təzyiqlər tətbiq etməlidir: “Həqiqətən də Aİ “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı düşünür. Amma məsələ ondadır ki, Aİ əvvəllər də belə cəhdlər edib. İndi Aİ Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığından bu istiqamətdə müəyyən ümidlər yaranıb.  Bu nöqteyi-nəzərdən indi yeni şərait mövcuddur. Ona görə istisna deyil ki, bu dəfə “Metsamr”la bağlı ciddi addım atılsın. Buna ümidlər var. Lakin onu da nəzərə alaq ki, Ermənistanın özü bu məsələdə fərqli mövqeyə malikdir. Xüsusilə də Rusiyadan aldığı 270 milyon dollarlıq kredit müqabilində Ermənistan artıq sözügedən stansiyanın 2026-cı ilə qədər istifadəsilə bağlı qərar qəbul edib. Bu nöqteyi-nəzərdən Ermənistanın həmin niyyətindən geri çəkiləcəyi böyük mübahizə məsələsidir. Hər şey asılı olacaq Aİ-nin Ermənsitana təzyiqindən və bu məsələdə beynəlxalq birliyin qətiyyətli mövqeyindən. Təkcə 200 milyon avro təklif edib, ardınca Ermənistana müəyyən təzyiqlərin olmayacağı təqdirdə istisna deyil ki, İrəvan yenidən vaxtı uzatmaq taktikası seçsin və ümumiyyətlə razılaşma əldə edilməsin. Bu səbəbdən 200 milyon avronun ayrılması hələ məsələnin birdəfəlik həlli deyil. Bu, sadəcə, məsələnin həlli yolunda atılan bir addımdır. Həmin addımın da kəsərli olması vacibdir. Ona görə də Aİ irəli sürdüyü maliyyə təklifinə əlavə olaraq Ermənistana münasibətdə sanksiyaların da işə salınmasına ehtiyac vardır. Əks təqdirdə, “Metsamor”la bağlı məsələdə razılaşma əldə edilməsi imlanları məhdudlaşacaq”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz