Əlaqə Arxiv
news Image
2018.01.19
07:00
| A A A
Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə yüksəlir
Elman Nəsirov: “Bakıda keçirilən hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası iki ölkə arasında hərbi-texniki əməkdaşlığın bundan sonrakı inkişaf mənafeyinə xidmət edən hadisədir” Məhəmməd Əsədullazadə: “Azərbaycanla Pakistan arasında dostluq və strateji tərəfdaşlıq ikitərəfli əlaqlərin inkişaf etməsində mühüm amildir”

Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü keçirilib. İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Siyasilərin fikrincə, bu iclaslar tərəflər arasında hərbi əlaqələrin daha da güclənəcəyini göstərir. 
Millət vəkili Elman Nəsirov bildirdi ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir: “Pakistan dövləti münasibətlərin məhz bu məntiqindən çıxış edərək, Ermənistanla heç bir əlaqələr qurmayıb. Azərbaycanla isə müxtəlif istiqamətlərdə əlaqələrə malikdir. Xüsusi ilə də hərbi-texniki sahədə əlaqələrimizin inkişaf dinamikası ürəkaçandır. Bu nöqteyi-nəzərdən Bakıda keçirilən hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası iki ölkə arasında hərbi-texniki əməkdaşlığın bundan sonrakı inkişaf mənafeyinə xidmət edən hadisədir. Bu, həm də bir daha dünyaya, xüsusən Ermənistana nümayiş etdirir ki, Azərbaycan-Pakistan münasibətləri ilk növbədə regional təhlükəsizliyə xidmət edən məsələdir. Bu münasibətlər həmçinin digər müsəlman dövlətləri üçün də nümunə ola bilər.  
Cənab Prezidentin də qeyd etdiyi kimi, bəzi müsəlman ölkələri müsəlman həmrəyliyinin məntiqinin ziddinə olaraq, işğalçı Ermənistanla inkişaf etdirilən münasibətlər formalaşdırır. Bu da işğalçının daha da şirnikləndirmiş olur. Məsələyə bu məntiqlə yanaşsaq, Paksitan-Azərbaycan münasibətləri müsəlman həmrəyliyinə nümunədir. Hərbi-təhlükəsizlik əlaqələri də hər iki dövlətin maraqlarına cavab verir. Bu məsələdə də ortaq mövqeyimiz var. Qarabağ münaqişəsinin tənzimlənməsində bu əməkdaşlığın müsbət rolu var. Azərbaycan Paksitandan ən müasir silahlar alır. Eyni zamanda Pakistan həmişə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bəyan edib. Bu görüş həmin münasibətlərin inkişafında yeni imkanlar açacaq”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanla Pakistan arasında dostluq və strateji tərəfdaşlıq ikitərəfli əlaqlərin inkişaf etməsində mühüm amildir: “Pakistan daim  Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq miqyasda dəstəkləyib və Ermənistanı məhz işğalçı ölkə olaraq tanıyır. Pakistan Azərbaycana daimi hərbi dəstək verib və ikitərfli hərbi əməkdaşlıqda maraqlı tərəfdir. 
Pakistanın müasir hərbi arsenalı və döyüş təyyarələrinə, raket arsenalına malik olması fonunda Azərbaycana da bu sahədə texniki dəstək göstərməsi gündəmdədir. Hazırda Pakistanla hərbi-texniki əməkdaşlıq üçün real imkanlar var. Bu ölkədən hərbi təyyarələrin alınması və birgə istehsalı, həmçinin raketlərin alınması istiqamətində danışıqlar aparılır. Danışıqların müsbət nəticələnməsinə heç bir maneə yoxdur. Rəsmi İslamabaddan hərbi nümayəndə heyətinin Bakıya səfəri, müdafiə və hərbi əməkdaşlığı əhatə edəcək. Ölkəmizin Pakistanla hərbi əməkdaşlığı müttəfiqlik səviyyəsinə yüksəlməsini nəzərdə tutur.  Təbii ki, nüvə silahına malik olan bir ölkənin Azərbaycanla müttəfiqliyi işğalçı Ermənistanda təlaşla qarşılanır. Pakistan rəhbərliyi Ermənistanla mümkün müharibə şəraitində ölkəmizə hər cür yardımlar edəcəyini vurğulayıb. 
Pakistanla birgə hərbi təlimlərin keçirilməsi, bu ölkənin böyük döyüş qabiliyyətinə malik olan ordusundan təcrübələrin qazanılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Pakistandan hərbi texniki vasitələrin alınması ilə öz hərbi üstünlüyünü saxlayacaq. Çünki, ölkəmizin müasir raket komplekslərinə və döyüş təyyarələrinə ehtiyacı var. Bu imkanlar Pakistan tərəfindən ölkəmizə tanınacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz