Əlaqə Arxiv
news Image
2018.01.19
08:00
| A A A
BMT Minsk qrupununun fəaliyyətini “canlandırır”
Nazim Cəfərsoy: “Müəyəyn canlanmalar olacaq” Qabil Hüseynli: “BMT baş katibinin söylədikləri əməli fəaliyyətə keçmədiyi halda, prosesə lazım olan dinamikanı verməyəcək”

BMT-nin baş katibi Antonio Quterreş təşkilatın 2018-ci ildə fəaliyyət planı ilə bağlı istiqamətlərini açıqlayıb. A.Quterreş sadalanan istiqamətlər arasında Yaxın Şərqdəki münaqişələr, Avropadakı "dondurulmuş" münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqınların problemlərinin yer aldığını deyib. "Dondurulmuş münaqişələr"dən danışarkən Baş katib bildirib: "Mövcud problemləri həll etmək üçün təhlükəli millətçilik dalğasının qarşısını almaq, müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və "Dnestryanı üzrə 5+2" prosesini canlandırmaq lazımdır". 

 “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Cəfərsoy bu qənaətdədir ki, münaqişənin həlli istiqamətində 2018-ci ildə müəyyən canlanmanın olması ehtimalı var. Amma bununla belə, həmsöhbətimiz bildirdi ki, bu canlanma tendensiyasının nəticə verəcəyi ehtimalı azdır: “Dünyanın ən böyük beynəlxalq təşkilatı olmasına baxmayaraq, BMT-nin ümumilikdə götürdükdə passiv rolunu nəzərə alsaq, qurumun rəhbərliyindən daha çox ora daxil olan müxtəlif aparıcı ölkələr qismində üzv dövlətlərin fəallığı müşahidə olunur.  Təşkilatın, onun baş katibinin isə getdikcə daha zəif və passiv mövqe sərgilədiyini görürük. Bu mənada Quterreşin həmin açıqlamasının BMT-nin getdikcə azalan, zəifləyən mövqeyi qarşılığında Qarabağ probleminin həllinə faktiki baxımdan töhfə verəcəyinə inamım yoxdur. 
Son 25 ildə ATƏT-in Minsk qrupunun mövqeyini də gördük. Onun mövqeyinin necə olduğu Azərbaycan cəmiyyətinə məlumdur. Açığı, qurumun mövqeyindən narazıyıq. Bütün hallarda münaqişənin həlli istiqamətində cari ildə müəyyən canlanmalar ola bilər. Region aktorlarının, Rusiya, Türkiyə, Moskvanın fəallaşması ilə paralel Amerikanın, ara-sıra Fransanın da məsələ ətrafında fəallıq nümayiş etdirdiklərini görə bilərik. Lakin bu fəallığın konkret 2018-ci ildə real nəticələrə gətirib çıxara biləcəyinə inamım çox azdır. Bu istiqamətdə mətbuatda müxtəlif açıqlamaları eşidirik. Rusiyanın «Lavrov planı» və digər istiqamətlərdə zaman-zaman müxtəlif görüşlərin keçirilməsi məsələsi gündəmə gəlir. 
Amma 2018-ci ildə əlimizdə olan faktlara istinad etməklə deyə bilərəm ki, Dağlıq Qarabağ məsələsilə bağlı ciddi  nəticə verəcək canlanmanın olacağı ehtimalı azdır. Düzdür, müəyyən canlanmalar olacaq, ancaq onun nəticə verəcəyinə müəyyən qədər şübhə ilə yanaşıram”.
Politoloq Qabil Hüseynlinin fikrincə, əməli fəaliyyətə keçərək təcavüzkara qarşı təzyiq olmayınca, münaqişənin həlli istiqamətində ciddi irəliləyişlər olmayacaq: “BMT-nin hazırkı baş katibi Quterreş əvvəlkilə müqayisədə daha faydalı işləməyə çalışır.  Ancaq bununla belə fikrimcə, o da Dağlıq Qarabağ məsələsində əsaslı dönüş yaratmağa səy göstərmir və yaxud da bunu bacarmır. BMT-nin Minsk qrupunu canlandırması nə verəcək ki? Yalnız təcavüzkar dövlətə qarşı təzyiqlər artarsa, proses nəticə verə bilər. Lakin Ermənistana qarşı hər hansı bir təzyiqin olduğunu da görmürük. Ermənistan bunun nəticəsində hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. 
BMT yalnız Azərbaycanın təcavüzə məruz qaldığı, torpağımız Ermənistan tərəfindən işğal edildiyini əyani şəkildə gösətrdiyi halda proses geniş rezonans doğura və ardınca hansısa prosedurları başlamaq olar. Təcavüzə qarşı BMT-nin məlum sanksiyaları, normaları var, onlardan istifadə etmək lazımdır. Bunun üçün də ikili standartlardan əl çəkməlidirlər. Bir ölkə digərinə hücum edərək onun ərazisini işğal edib. Nə vaxta qədər bu deyilməyəcək?  Burada əsl müharibə gedib. Bütün bunları nəzərə alıb Azərbayanın necə bir fəlakətə düçar olduğunu söyləmək lazımdır. Əlbəttə ki, Quterreşin Qarabağla bağlı söylədiklərini irəliyə doğru addım hesab edirəm. Amma bu söylənilənlər əməli fəaliyyətə keçmədiyi halda, prosesə lazım olan dinamikanı verməyəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz