Əlaqə Arxiv
news Image
2018.01.19
09:40
| A A A
Erməni separtçılarına növbəti sərt zərbə
Azərbayvan tək əli silahlı quldurlarla yox, həm də başıpozuq siyasətbazlarla müharibə aparır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Baptist Lömoyn ilə görüşüb. Söhbət zamanı E.Məmmədyarov qarşı tərəfə bildirib ki, Fransa hökuməti Qarabağ separatçılarının bu ölkəyə səfərinin qarşısını almalıdır. 

Azərbaycanlı siyasətçinin iradı yox yerdən yaranmayıb. Avropada erməni lobbisinin ən güclü olduğu ölkə Fransadır. Erməni lobbisinin ictimai-siyasi fəaliyyətinin nəticəsi kimi indi bu ölkənin hakimiyyət dairələrində, mədəniyyət və iqtisadiyyat sahəsində kifayət qədər fransızlaşmış ermənilər fəaliyyət göstərir. Təxminən 400 minə yaxın erməni millətindən olan şəxslər diaspor təşkilatlarında birləşib və vahid qərarlar əsasında hərəkət edirlər. Seçkilərdə birlik nümayiş etdirən diaspor təşkilatları lobbiçilərin köməyi ilə yeri gələndə səsvermə prosesinə müəyyən qədər təsir edə bilirlər. Bu səbəbdən qeyri-rəsmi olsa da fransızlar ermənilərin hamisi kimi tanınır. Təsadüfi deyil ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı qondarma respublikanın cinayətkar rəhbərləri bir neçə dəfə Fransaya səfər ediblər. Düzdür, Paris yetkililəri bu səfərlərin şəxsüi dəvət əsasında baş verdiyini və qeyri-rəsmi xarakter daşıdığı barədə bəyanatlar səsləndiriblər. Lakin bəzi xırda şəhər merlərinin “DQR” ərazisində yerləşən şəhərlərimizlə qardaşlaşmaq barədə qərar verməsi, birgə tədbirlər təşkil etməsi beynəlxalq hüquq və normalara ziddir. Münaqişənin nizama salınması üçün vasitəçilik missiyasını yerinə yetirən Minsk qrupunda Avropa İttifaqını Fransa hökumətinin təmsil etməsi isə bu məsələni daha da siyasiləşdirir. Yəni, həmsədr ölkə kimi Fransa daha məsuliyyətli və həssas yanaşma sərgiləyərək siyasi diqqətsizliyi yol verməməlidir. 
Bu gün Azərbaycan-Fransa siyasi və iqtisadi əlaqələri yüksək səviyyədədir. İqtisadi-ticarət əlaqələri üzrə enerji, nəqliyyat, metro, kosmik sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq dinamik sürətdə inkişaf edir. Fransanın 50-dən artıq şirkəti Azərbaycanda fəaliyyət göstərir. Təhsil sahəsində də sıx əməkdaşlıq yaranıb və Bakıda fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti bu əməkdaşlığın parlaq göstəricisidir. Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər və aparılan köklü islahatlar fonunda həyata keçirilən layihələrin qapısı Fransa şirkətlərinin üzünə açıqdır. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Fransa sanballı dəstək göstərir. Azərbaycanın multikulturalizm ənənələri, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələr Parisdə yüksək qiymətləndirilir.
İki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur.
Azərbaycan-Fransa əlaqələrinin belə bir səviyyəyə çatması Ermənistanın böhtanla çulğalaşmış düşmən siyasətinə güclü zərbədir. Çünki, fransızların ermənilərə hamilik etmələri əvvəllər də olub və onlar Dağlıq Qarabağın işğal edilməsinin səbəblərinə erməni tərəfinin saxta məlumatları əsasında inam bəsləyiblər. Azərbaycanın apardığı informasiya mübarizəsi, habelə regionun liderliyinə yüksəldiyinə görə inkişaf etmiş ölkələr, o cümlədən Fransa ilə əlaqələrin genişlənməsi, arada qarşılıqlı etibarın yaranması, birgə elmi və mədəni layihələrin həyata keçirilməsi, bir növ, fransızların gözünü açıb. Artıq bu ölkənin siyasi dairələrində və əhalisində Dağlıq Qarabağ həqiqətlərini düzgün qavrayan insanlar çoxdur. Situasiyanın bu yöndə dəyişməsi Azərbaycan XİN rəhbərinə imkan verir ki, Fransa hökumətinə qondarma respublikalarla münasibətdə beynəlxalq hüququn norma və prinsiplərini qorumağa çağırsın. Təbii ki, bu çağırış həmsədr ölkə mənsublarının münaqişənin nizma salınması yolunda daha rasional davranış sərgiləmələrinə təsir edəcək. 
Dostluq və münasibətlər öz yerində, Fransanın Cənubi Qafqazdakı maraqlarını Azərbaycan daha dolğun ödəyə bilir. Yəni, ortada strateji maraqlar var və ölkəmizin inkişaf səviyyəsi, regional liderliyi bütün digər ölkələr kimi Fransanın da diqqətini cəlb edir. Bütün bunlarsa iki ölkənin  yaxınlaşmasını və əməkdaşlığını zəruriləşdirir. Dağlıq Qarabağ münaqişəsində həqiqəti dərk və müdafiə etmək isə zəruri vəzifələrin önündə dayanır.
N.NOVRUZ   

Sizin Reklam Yeriniz