Əlaqə Arxiv
news Image
2018.01.20
07:00
| A A A
Erməni hərbçilərinin zorən intihar problemi
İrəvan öz silahlı qüvvələrinə yiyəlik edə bilmir

Cəbhədə ölən, yaralanan erməni hərbçilərinin sayı artır. Bunların bir çoxu elə ermənilərin öz arasında nizmnamə qaydalarını pozulmasından irəli gəlir. Erməni tərəfi bu halda baş verənlərə görə Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır. Amma ermənilərin özlərinin biri-birini qırması halları sürətlə genişlənir. Son dövrlərdə daha da artıb. 

Təkcə ötən il 60 erməni hərbçisi cəbhədə həyatını itirib. Düzdür, bunların arasında təxribat törətmək istəyən qrupların üzvləri də  olub və təbii ki, Azərbaycan əsgərinin sərrast atəşi ilə məhv ediliblər. Ancaq daha çox hərbçi bir-birləri ilə atışmada ölüb. Səbəblər barədə erməni ekspertlərin çoxsaylı versiyaları mövcuddur. Bunlardan ən başlıcası Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olması ucbatından hökumətin orduya lazımı qədər diqqət yetirə bilməməsi göstərilir.
Məsələ burasındadır ki, ölkənin ağır iqtisadi vəziyyətinin əsas səbəbi isə hakimiyyətin işğalçılıq siyasəti və bu siyasətin davam etdirilməsidir. Təbii ki, Azərbaycan ərazilərində saxlanılan erməni silahlı qüvvələri “işğalçı ordu” statusundadır.  Erməni siyasi hakimiyyəti Dağlıq Qarabağı “müstəqil” dövlət saysa da, həm onlar, həm də əhali gözəl başa düşür ki, hər bir halda güclü Azərbaycan qarşısında duruş gətirə bilməyəcəklər. Bu da hərbçilərə sirayət edir və onlarda mənəvi gərginlik yaradaraq psixoloji pozuntulara səbəb olur. 
Adətən, ənənəvi olaraq hərbi xidmətdə yaxud döyüşən orduda olan gənclərə həm ictimaiyyət, həm də öz ailəsi tərəfindən maddi və mənəvi yardım göstərilir. Lakin erməni ailələrinin öz övladlarına belə bir dəstək göstərmələrinə maddi imkanları əl vermir. Heç hökumətin də öz silahlı qüvvələrinə və ya cəbhədə yaralanmış hərbçilərinə əməlli başlı kömək göstərməyə, müalicəsini təşkil etməyə gücü çatmır. Ötən il yaralı hərbçilərin reabilitasiyası üçün hökumət hər işləyən vətəndaşın aylıq maaşından 1000 dram məcburi ödəniş edilməsi barədə qərar verəndə ictimaiyyət ayağa qalxdı. Amma nə fayda? Qərar qüvvəyə mindi, çünki hökumətin ayrı resursu mövcud deyil. Yəni, əhalinin kasıbçılığı Ermənistanda dövlətin başlıca resursu sayılır. Bu il isə yaralı hərbçinin xaricdə müalicəsi üçün pul tapmayan müdafiə naziri Vigen Sarkisyan özünün facebook səhifəsində bank hesabı haqda məlumat yerləşdirib əhalini hərbçiyə kömək etməyə çağırıb. Nazirin bu addımı erməniləri əməlli-başlı coşdurub, bəzi istifadəçilər ona “dilənçi” deyərək təhqir etməkdən də çəkinməyiblər. Bir istifadəçinin sualı isə lap yerinə düşüb: “Bəs, hər ay bizdən yığdığınız 1000 dramları hara xərcləyirsiniz?”. 
Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına dövlət qiymət vermir. Onlardan siyasi məqsədlər üçün istənilən şəkildə istifadə edir. Məsələn, bu günlərdə Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə erməni hərbi qulluqçunun odlu silahdan açılan atəş nəticəsində yaralanması haqda məlumat daxil olub. Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan saat 13:00-da Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqeyində yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır. Məsələ burasındadır ki, hadisə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü ərərfəsində baş verib. Bundan dərhal sonra Lragir.am saytə məlumat yayıb ki, guya hərbçi Azərbaycan tərəfdən açılan atəş nəticəsində həyatını itirib və bu səbəbdən erməni nazir Nalbəndyan görüşə qətiyyətlə “yox” deyib. Halbuki, görüş haqda heç bir imtina söhbəti olmayıb. Belə çıxır ki, hərbçi məhz erməni siyasi hakimiyyətinin “qətiyyətliliyi” görüntüsünü yaratmaq yaxud sadəcə görüşü növbəti dəfə pozmaq üçün elə ermənilərin özlərinin təxribatıdır. Yəni, A.Mikoyanı siyasi məqsədlə ermənilər özləri yaralayıb. 
Baş vermiş hadisələr göstərir ki, erməni silahlı qüvvələrində başıpozuqluq hökm sürür və ordu siyasi qrupların əlində oyuncağa çevrilib. Bu isə hərbçilərin həyatı bahasına başa gəlir.
N.NOVRUZ
  

Sizin Reklam Yeriniz